Strateji ağıl
- Eylül 22, 2021
- by
- Tural Qaraqaşlı
Tarixdən rəvayət edilən bir bilgiyə görə Bilgə Xaqan öz əyanlarını başına yığaraq öz təkliflərini bəyan edib. Bu təkliflər Buddizm dinini qəbul edib ölkədə yayğınlaşdırmaq və ölkənin inkişafı üçün Çindəki şəhər modellərini tətbiq etmək idi.
Tonyukuk isə buna qarşı çıxıb. O toplantıda Buddizm dininin döyüşkən türk tayfalarına uyğun olmadığını bildirir. Xüsusilə Buddizmdə bir çox hallarda ət yeməyə qarşı olan nəzəriyyələrin türklərin döyüş ruhunu sarsacağını və zəiflədəcəyini bildirir.
Çini model alaraq şəhərlər tikməyin də zərərlərini anladaraq bildirir ki, çinlilər qonşuluqdadır və qat-qat çoxdurlar. Zəiflədiyimiz anda hücum edib, işğal etsələr, oturaq şəhər həyatı nəticəsində çoxluq olan çinlilərin yerləşməsi ilə əriyib gedəcəyik, köç edib yenidən güc qazanmaq şansımız olmayacaq.
Bilgə Xaqan bu nəsihəti dinləyərək qəbul edir.

Tarixdə Türk hökmdarları arasında belə örnəklər çoxdur. Sultan Alparslan və Sultan Məlikşahın vəziri Nizamülmülk, Fateh Sultan Mehmedin müəllimi Ağ Şəmsəddin, Şah İsmayılın Lələsi Hüseyn bəy Şamlı və s. kimi müəllim obrazlar da hökmdarlarla birgə məşhurlaşıb. Bu da türk dövləti hökmdarlarının dövlətin gələcəyi və strategiyasını hər şeyin üzərində tutduğunu və dövlətçilik üçün mənəmçilikdən və şəxsi qürurdan lazım gəldikdə geri çəkildiyini göstərir. Hakimiyyətdən əvvəl dövlət ideyasıdır. Harda, hansı tarixi şəraitdə, hansı dünyagörüşünə sahib olursa olsun hökmdarın özünün də dövlət ağlından və ya strateji ağıldan kənara çıxmaması dövlətçilik işığını daim qoruyur.






