Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Pulun tarixi

Pulun tarixi

Təxminən 5500 il əvvələ aid olan və dünyada bu günə qədər tapılmış ən qədim yazı nümunəsində nədən bəhs edilirdi? Bu yazı lövhəsi qədim Şumerlərə aid idi və Şumerlərin qədim Kiş şəhərinin olduğu bölgədən tapıldığı üçün “Kiş lövhəsi” olaraq adlandırılıb. Lövhədə hər hansı ədəbi və ya qədim elmi əsər yox idi. Hələ dəqiq oxuna bilməsə də bu yazının qədim mühasibatlığa aid bir sənəd olduğu ehtimal edilir. Bəlkə də insanlar yazını belə iqtisadi münasibətlər zəminində qeydlər aparmaq üçün kəşf ediblər. Zamanla yazının əhatəsi təbii ki, çox genişlənib və insanlığı çox irəli aparıb. Qədim sivilizasiyaların bu günə təsirinə dair misalların olduğu Rəqəmlər və say sistemləri adlı yazıya da nəzər sala bilərsiniz.

İlk pullar

Bu mənada iqtisadiyyat var olduğu müddətcə pul da hər hansı bir şəkildə mövcud olub. Ona görə pulun ilk yarandığı dövrü təxmin etmək çətindir. Bilinən odur ki, qədim insanlar puldan əvvəl bir neçə üsulla ticari-iqtisadi əlaqələr qururdular. Bir versiyaya görə qədim insanlar əvvəlcə gözləntisiz və qarşılıqsız şəkildə bir-birinə yardım edərək həyatlarını davam etdiriblər. Əslində “qarşılıqsız” sözü tam olaraq doğru deyil. Qədim insanlar sadəcə bir-birinə möhtac olduğunu dərk edərək qarşılıqlı yardım edirdi. Məsələn ova gedib, ovsuz qayıdan bir insanla digərləri ovunu paylaşılırdı. Ola bilsin növbəti gündə həmin adam ov gətirə bilirdi, digəri gətirə bilmirdi. Beləcə paylaşaraq icma daxilində özlərini sığortalayır və həyatda qala bilirdilər. Zamanla gələcəyə ümid yaradan işlər yarandıqca, məsələn əkinçilik və digər iş bölgüləri inkişaf etdikcə, bu münasibətlər dəyişdi və pul ortaya çıxdı. Puldan əvvəlki digər mübadilə üsulu barter üsulu idi. Belə ki, insanlar ehtiyacları olmadığı hər hansı məhsulu, ehtiyacları olduğu digər məhsulla dəyişirdilər. Bu biraz çətin mübadilə üsulu idi. Çünki, hər kəslə bunu etmək olmurdu. Gərək birinci istədiyin məhsul kimdə var onu tapasan. Tapsan belə sənin əlindəki məhsula onun ehtiyacı varsa, barterə getmək olardı. Əgər ehtiyacı yox idisə, barter alınmırdı.
Pul anlayışının ortaya çıxması ilə birlikdə insanlar bir çox vasitələri pul kimi istifadə edib. Bunlar dəniz sahilindəki balıqqulağılar, muncuqlar, dərilər, hətta balina dişləri və s. olmuşdur.

Metal pullar

Bütün bunlara baxmayaraq pulun icadı ilə məşhurlaşan qədim Lidiyalılar olmuşdur. Lidiya dövləti bu günki Türkiyə ərazisinin bir hissəsində mövcud olmuş dövlət idi. Əslində bütövlükdə pulun yox, sadəcə metal pulun icadı Lidiyalılarla bağlıdır. Heredotun təxmininə görə ilk dəfə pul üçün gümüş və qızıldan istifadə edən xalq Lidiyalılar olmuşdur. Bunun üçün xüsusi pul zərbxanaları da var idi. Bu günə qədər ən qəribə metal pul yəqin ki, İsveçdə 17-ci əsrdə istifadə olunan mis pullar idi. Məsələn tapılan bir mis lövhə şəklində olan pulun uzunluğu 65 sm-dən çox, kütləsi isə təxminən 14 kq idi. Danimarkalı bir səyyah bununla bağlı belə deyirdi: “Bir çox insan pulunu bir iplə bağlayaraq belində daşıyır, digərləri başının üstündə daşıyırdı. Böyük məbləğlər isə vaqonda daşınırdı”.

İsveç mis pulu

 

Kağız pullar

Təbii ki, Orta əsrlərdə İsveçdəki qədər lap çətin olmasa da, zamanla metal pullar ticarətdə əlverişsiz hala gəldi. Tacirlər öz mallarından əlavə üzərlərində səfər zamanı xeyli metal pul daşımalı olurdular. Bununla da həm əlavə yük daşıyırdılar, həm də səfərdə qızıl-gümüşün oğurlanması riski var idi. Bu səbəbdən ilk dəfə Çində artıq 7-ci əsrdə, metal pulların qarşılığında kağız qəbz alınmağa başladı. Tacirlər bu qəbzlə metal pullarını ala bilirdilər. Bu qəbzlər də zamanla artıq pul funksiyasına keçid etdi. Beləliklə 11-ci əsrdə artıq kağız pul Çində mövcud idi. Monqol hakimiyyəti dövründə də Çində bu kağız pullar geniş istifadə olunurdu. Xaqanın təsdiqlədiyi və ağac qabığından hazırlanmış bu kağız pullar barədə qədim Avropalı səyyah Marko Polo xüsusi təəccüblə qeydlər etmişdi. Kağız pulların üstünlüyü artıq bir neçə əsr sonra Avropaya da aydın olur. Onlar da kağız pullara keçid edirlər. Kağız pullardan istifadənin də öz problemləri olub. Üstünlükləri isə daha çox olub.

Qızıl standartı

Kağız pulların yayılmasından sonra da qızıl öz gücünü qorumağa davam edirdi. 1821-ci ildə Böyük Britaniya öz pul vahidini qızıl standartına bağladı. Qızıl standartı pulun arxasında dayanan dəyərin qızıl olduğunu göstərirdi. Belə ki, nə qədər qızılın varsa, ona müvafiq dəyərdə pul olmalı idi. Bundan daha artıq pul çap oluna bilməzdi. Böyük Britaniyanın pul vahidi bu sayədə 1914-cü ilə qədər dünyanın ən güclü valyutası olaraq dayandı. Qızıl standartı eyni zamanda inflyasiyanı azaldırdı. Amerika da uzun müddət qızıl standartından istifadə etdi. Amerikan dolları və Britaniya funtu dünyada ən güclü ehtiyat valyuta kimi öz yerlərini almışdılar. Buna baxmayaraq qızıl standartının pulu ancaq qızıl ehtiyatı ilə limitləməsi istehsalın zəifləməsinə səbəb olurdu. Nəticədə 1971-ci ilin 15 avqustunda Amerika Qızıl standartından rəsmi olaraq imtina etdi. Amerikanın imtinası ilə bərabər qızıl artıq digər ölkələrdə də standartlıqdan çıxarıldı. Bütün bunlara baxmayaraq, dünya ölkələri yenə də qızıl ehtiyatlarına önəm verir. Bu gün dünyada pulun arxasında dayanan güc qızıl olmasa da, az da olsa əlavə dəstəkləyici güc sayıla bilər. Təsadüfi deyil ki, bu gün dünyada ən çox qızıl ehtiyatına sahib olan Amerikanın pul vahidi dollar ən güclü valyutadır. Həmçinin Amerikadan sonra ən çox qızıl ehtiyatına sahib olan ölkələrin ardıcıllığının Avropa Birliyinin 3 müxtəlif ölkəsi Almaniya, İtaliya və Fransa olması da avronun gücünə az da olsa təsir etməsi mümkündür. Görünür bəşəriyyət Lidiyalıların təxminən 2700 il əvvəl qızıl və gümüş pullardan istifadə etməsini dayandırsa da, ona müəyyən qədər valyutaya təsir edən güc kimi baxmağa davam edir. Tarixdə tapılmış ən böyük təbii qızıl külçəsi barədə Qızılın adı – Xoş gəldin Əcnəbi adlı yazını da oxuya bilərsiniz.

Azərbaycan milli valyutası

15 avqust 1992-ci il tarixi Azərbaycanda milli valyutanın dövriyyəyə buraxılması ilə əlamətdardır. Azərbaycan pul vahidi manat adlanır. Manat həm də Türkmənistan pul vahidinin adıdır. Bu köhnə nominallı pullardan ən sonuncu dövriyyəyə buraxılanlar 50000 manatlıq əsginaslar olmuşdur. 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərmanla isə yeni nəsil pullar 2006-cı il 1 yanvar tarixindən etibarən dövriyyəyə buraxıldı. Yeni nəsil pullarda 1 manat köhnə 5000 manatı əvəzləməyə başladı və bu yeni nəsil əsginaslardan 2021-ci ilin noyabrına qədər ən yüksək nominallısı 200 manatlıq əsginaslar idi.  Daha sonra sadəcə məhdud sayda buraxılan və Vətən müharibəsində qələbəyə həsr edilən xatirə pul nişanları olan 500 manatlıq əsginaslar da çap edildi. Ancaq bu əsginaslar xatirə pul nişanı olduğu üçün daha buraxılmayacaq.

Etimologiya

Manat sözünün mənşəyi latınca moneta sözündən gəlir. Həm də, Qədim Roma tanrıçasının adıdır. İngilis dilində pul mənasını verən “money” sözü də bu sözdən törəyib. Bu arada bizim işlətdiyim “Pul” sözü mənşə etibarı ilə yunan sözü olsa da, bizə farscadan keçib. Həmçinin Türkiyədə işlənən “para” sözü də fars (iran) mənşəl sözdür. Maraqlıdır ki, rusların pul sözünə qarşılıq işlətdiyi “denqi” sözü isə Monqol mənşəlidir və türklərdən ruslara keçmişdir. Belə ki bu söz tarazlıq və qarşılıqlı bərabərlik mənasına gələn Türkiyə türkcəsində hələ də istifadə olunan “denge” və “denk” sözündəndir. Hətta türk respublikalarından Qazaxıstanın pul vahidi də “tenge” adlanır.
Pulun tarixi bu qədər qısa deyil, daha geniş və təfsilatlıdır. Məsələn artıq dünyada nəğdsiz ödənişlər dövrü başlayıb. Kağız pullar necə inqilab idisə, indi də kartlar eyni işi görməyə başlayıb. Artıq üstündə nəğd pul gəzdirmək də zamanla tarixə qovuşa bilər. Bundan başqa yeni dövrdə pul anlayışı belə artıq fərqli məcralara daşınır. Bunlardan inqilabi dəyişiklik yaradanı isə Kriptovalyutalardır. 2009-cu ildə buraxılan ilk kriptovalyutadan sonra bu sahəyə maraq artmağa başladı.
Bütün bunlara baxmayaraq pulun şəkli dəyişsə də, mahiyyəti çox az dəyişib.

Mənbələr:

1) What does the Kish tablet say? – https://homework.study.com/explanation/what-does-the-kish-tablet-say.html#:~:text=The%20Significance%20of%20the%20Kish%20Tablet%3A&text=The%20Kish%20tablet%20was%20written,city%20of%20the%20Babylonian%20civilization.
2) History of money – https://en.wikipedia.org/wiki/History_of_money
3) Bir Meta Olarak Paranın Ortaya Çıkışı: Deniz Kabuklarından Metal Paralara Yolculuk… – https://evrimagaci.org/bir-meta-olarak-paranin-ortaya-cikisi-deniz-kabuklarindan-metal-paralara-yolculuk-11202
4) Geçmişten Günümüze Para – https://arkeofili.com/gecmisten-gunumuze-para/
5) Kağıt Parayı Kim Buldu? Tarihte İlk Kağıt Parayı Kim Buldu Ve Kullandı? – https://www.sabah.com.tr/egitim/kagit-parayi-kim-buldu-tarihte-ilk-kagit-parayi-kim-buldu-ve-kullandi-e1-5934702
6) “Qızıl standartı” sistemi nədir? – https://banker.az/qizil-standarti-sistemi-n%C9%99dir/
7) Dünyanın ən çox qızıl ehtiyatları olan ölkələri – Azərbaycan neçəncidir? – REYTİNQ – https://banker.az/dunyanin-%C9%99n-cox-qizil-ehtiyatlari-olan-olk%C9%99l%C9%99ri-az%C9%99rbaycan-nec%C9%99ncidir-reytinq/
8) Qızıl standartı – https://az.wikipedia.org/wiki/Q%C4%B1z%C4%B1l_standart%C4%B1
9) Azərbaycan manatı – https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_manat%C4%B1
10) Daha 500 manatlıq əskinas dövriyyəyə buraxılmayacaq – RƏSMİ – https://azadmedia.az/gundem/50347-daha-500-manatlq-skinas-dovriyyy-buraxlmayacaq-rsm.html
11) PUL – https://obastan.com/PUL/924082/
12) Moneta – https://en.wikipedia.org/wiki/Moneta
13) Para – https://www.etimolojiturkce.com/kelime/para
14) Kazakhstani tenge – https://en.wikipedia.org/wiki/Kazakhstani_tenge

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mayıs 2026
P S Ç P C C P
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Abunə ol

Instagram Feed

×