Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Məğlubedilməz armada

Məğlubedilməz armada

Portsmut şəhərinin bayrağında, həmçinin Portsmut futbol klubunun bayrağında ay-ulduz əks olunur. Üstəlik ulduz 8 guşəlidir. Dəqiq olmasa da, versiyalardan birinə görə bu ay-ulduz Osmanlı təsirinə görədir. Bu versiyanı izah etmək üçün tarixə baş vurmalıyıq.

İspaniya və İngiltərə münasibətləri

1588-ci il Avropanın iki önəmli gücü olan İspaniya və İngiltərə Manş boğazında üz-üzə gəlir. İngiltərə hər nə qədər sırf ada dövləti olsa da, həmin dövrdə yarımada dövləti olan İspaniya dünyanın ən güclü donanmasına sahib idi. Bu donanmaya “Məğlubedilməz armada” deyilirdi. Həmin dövrdə ispanların bu armadası ilə başa-baş gələ biləcək tək donanma Aralıq dənizində əsas güc olan Osmanlı donanması idi. İspaniya kralı 2-ci Filip üçün İngiltərəni işğal etmək asan görünmüş ola bilərdi. O, Medina Sidonia komandanlığında 130 gəmi və heyətini İngiltərəni tutmaq üçün yola saldı. Məğlubedilməz armadanın qarşısına çıxan və faktiki olaraq ingilis komandanı olan şəxs Fransis Dreyk idi. Filipin İngiltərəni işğal etmə planının arxasında bir çox səbəblər yatırdı. Bunlardan üzdə olan səbəblərdən biri də məzhəb fərqliliyi idi. Həmin dövrdə İngiltərə kraliçası olan 1-ci Elizabetin atası 2-ci Henri İngiltərədə anqlikanizmi artıq yaratmış və Elizabet isə  gücləndirmişdi. Bu məzhəb Roma papasına qarşı müqavimət yaratmışdı və protestantlığa da yaxın idi. Buna görə protestant dünya katolik ispanlara qarşı anqlikan ingilisləri dəstəkləyirdi. Anqlikan məzhəbi yeni olduğundan hələ kifayət qədər oturmamışdı. Bu səbəbdən Filip isə İngiltərədəki katolik ingilislərin dəstəyini qazanacağını ümid edirdi.

Taktiki gedişlər

İngilislər Manş dənizinə qədər ispanlarla bir neçə dəfə toqquşdular. İngilis gəmiləri yüngül idi və uzaq mənzilli toplara sahib idi. İspan gəmiləri isə ağır idi və qısa məsafəli toplara sahib idi. Bu səbəbdən ispanlar yaxın döyüşlə ingilisləri məğlub etmək istəyirdilər. Belə ki ispanlar öz gəmilərini ingilis gəmilərinə yaxınlaşdırmalı və sonra ingilis gəmilərinə keçərək gəmiləri ələ keçirməli idlər. İngilislər isə tam əksinə fikirləşirdi. Onlar öz uzaq mənzilli topları ilə ispan gəmilərini vurmalı, yaxınlaşmamalı və manevr etməli idilər. İspanlar buna qarşılıq öz gəmilərini aypara şəklində düzdürmüşdü. Yan cinahlardakı gəmilər daha uzaq mənzilli toplara sahib idi. Sanki buğa buynuzları kimi yaxınlaşan ingilis gəmilərini vurmağa hazır idilər. Bu sayədə inglilislər tək bir ispan gəmisini belə vura bilmədilər. Üstəlik ispan gəmilərinin möhtəşəm düzülüşü belə pozulmadı. İspan gəmiləri öz düzülüşünü qoruyaraq Fransanın Kale limanı yaxınlığında lövbər saldı. İspan armadasının nəhəngliyi və gəmiləri onlara Avropanın hansısa limanında lövbər salmağa imkan vermirdi. Bu mükəmməllik də ispanların əleyhinə idi. İngilislər ispanların lövbər saldığını görüb, bu dəfə fərqli taktika işlətdilər. Onlar 8 dənə yanıcı maddələrlə dolu gəmini yandıraraq armadanın üstünə göndərdi. İspanlar məcburi olaraq öz pozulmaz düzülüşünü itirdi. Lövbəri kəsdikdən sonra gəmilər dağıldı. Küləyin də təsiri ilə Kale şəhəri tərəfə geri qayıtmaq çətinləşdi. Ümumiyyətlə külək bu dəniz müharibələri ərəfəsində demək olar həmişə ingilislər tərəfində oldu. İngiislər isə gəmilərə nəsə edə bilməsə də, ispanların düzülüşünü dağıdıb xaos yarada bilmişdilər. Bundan sonra, ispanların əhval-ruhiyyəsində də düşmə yaşandı.

Döyüşün nəticəsi

İspanlar yenidən toplanıb, Qravlin və Kale şəhərləri arasında bir yerdə öz gəmiləri ilə Parmadan gələcək dəstək ordusunu gözləməyə çalışsa da Parmadan gələcək ordu da gecikdi və ingilislər ispanları bu ordu ilə birləşməyə qoymadı. Məğlubedilməz armada 3 gəmisini itirdi. Nəticədə həm ispanların, həm də ingilislərin artıq döyüş sursatı xeyli azalmışdı. Bu səbəbdən Medina Sidonia məğlubiyyəti qəbul etdi. Sadəcə gəmiləri qurtarmağı düşünərək, şimala doğru hərəkət etdi. O, donanmanı Britaniyanın ətrafından dolandırıb, İspaniyaya geri qayıtmaq qərarına gəldi. Döyüş ərəfəsində sadəcə 3 gəmisini itirən məğlubedilməz armada, amma canlı qüvvə olaraq isə həm xəstəlik, həm də döyüşlərdə 2000 əsgərini itirdi. Dönüş yolunda, isə İrlandiya tərəflərdə qasırğaya düşdü. Bu kimi təbii fəlakətlərlə məğlubedilməz armada İspaniyaya çatanda 130 gəmidən 67-si qalmışdı. Həmçinin 30000 əsgərdən 10000-i sağ qala bilmişdi. Deyilənə görə Filip bu xəbəri eşitdikdən sonra demişdir: “Mən gəmilərimi düşmənlə savaşmağa göndərdim, Tanrının küləyi ilə deyil”. İngilislər isə döyüş əsnasında çox az əsgər itirmiş olsa da, armadanın geri qayıdacağını düşünərək gözləyərkən, 6000-8000 arası əsgər xəstəlikdən həyatını itirdi. İspanlar bu döyüşdən dərs götürərək ingilis ixtira və texnologiyasını öyrənib, öz gəmiləri üzərində işlədilər. Bundan sonra da İngilislər gəmiçilik tarixində önəmli yenilklə yadda qalıblar. Məsələn 1906-cı ildə İngiltərənin buraxdığı “HMS Dreadnought” adlı döyüş gəmisi inqilabi bir dəyişiklik yaratmış və ondan sonra ölkələr qısa müddətdə bu tipli gəmilərə üstünlük verməyə başlamışdı. Dünya hərb və müharibə tarixi ilə bağlı Müharibələr yazısına nəzər sala bilərsiniz.

Dünyaya təsiri

Bu döyüş Avropanın və dünyanın gələcəyinin təyin olunmasında bir mərhələ qəbul edilə bilər. Dünyanın ilk qlobal imperiyası olan İspaniya üzərində qələbə qazanan Elizabet İngiltərəni Britaniya imperiyasına çevirdi. Üstündən müəyyən zaman keçdikdən sonra isə Britaniya da qlobal imperiyaya çevrildi. Üstəlik həm də artıq dünyanın gəlmiş-keçmiş ən böyük imperiyası kimi “Üzərində Günəş batmayan imperiya” ünvanını aldı. İspaniyaya qədər də nəhəng imperiyalar var idi. Lakin, 5 qitədə torpaqlarının olması onu digərlərindən fərqli olaraq qlobal imperiya etmişdi ki, Britaniya bu məsələdə zamanla onu qabaqladı. Bununla əlaqəli Köhnə və yeni imperiyalar yazısını da oxuya bilərsiniz.

Osmanlının qələbədə rolu

İngilislərin ispanlar üzərindəki bu qələbəsi əslində kiçik miqyaslı olsa da, “Məğlubedilməz armada” imicini qismən dağıtmağa səbəb oldu. Eyni zamanda Avropada protestantlar buna sevindilər. Bu müharibədə ingilislərin qalibiyyətində Osmanlının da rolu olduğu bəzi sənədlərlə öz əksini tapıb. Belə ki, İngiltərə kraliçası 1-ci Elizabetin Osmanlıya göndərdiyi məktub bunun dəlillərindən biridir. Osmanlı güclü rəqibi İspaniya qarşısında İngiltərəni dəstəkləyirdi. Həm də Avropanın birləşməsi, hətta bəlkə Roma papasının xristianlar üzərində yüksək nüfuzu ilə Osmanlıya qarşı birləşmələri Osmanlıya sərf etmirdi. Osmanlının ingilislərə kömək etmək üsullarından biri ispanları Aralıq dənizində gecikdirmələri, digər üsul isə Osmanlı nümayəndələrinin İngiltərənin Portsmut şəhərinə gəlib, ingilislərə müdafiənin təşkil olunması barədə planlar qurması idi. Portsmut şəhəri ilə Osmanlı arasındakı əlaqə bununla bitmir. Deyilənə görə siyasi səbəblərdən incə diplomatiya üsulu ilə Portsmut futbol klubunu da Osmanlı sultanlarından 2-ci Əbdülhəmid Xan qurdurmuş və sponsor olmuşdu. Bununla Portsmut şəhərinin Osmanlı üçün nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxır.

Bəzən bir məsələnin üzdə olmayan tərəfi çox kompleks və qarışıq əlaqələri ortaya çıxarır. Məğlubedilməz armada, Osmanlı və Portsmut şəhəri arasındakı əlaqə də bu qəbildəndir.

 

İstifadə edilən mənbələr:

  1. Portsmouth F.C. – https://en.wikipedia.org/wiki/Portsmouth_F.C.
  2. Portsmouth – https://en.wikipedia.org/wiki/Portsmouth
  3. İspanyol Armadası – https://tr.wikipedia.org/wiki/%C4%B0spanyol_Armadas%C4%B1
  4. Dretnot – https://tr.wikipedia.org/wiki/Dretnot
  5. Yenilmez Armada – https://www.youtube.com/watch?v=J_Fah-B1uBk
  6. The Star and Crescent – https://www.welcometoportsmouth.co.uk/star%20and%20cresent.html
  7. İngiltere ayakta!!! Kraliçe 1. Elizabeth’i Türkler kurtarmış!!! – https://www.medyafaresi.com/haber/ingiltere-ayakta-kralice-1-elizabethi-turkler-kurtarmis/8160

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Haziran 2026
P S Ç P C C P
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Abunə ol

Instagram Feed

×