Standart təqvim
- Haziran 27, 2026
- by
- Tural Qaraqaşlı
Britaniyalı mühasib Moses Kotsvort 1894-cü ildə Dəmir yolunda işləyərkən təqvimin stabil olmaması səbəbindən aylıq uçotun çox mürəkkəb olduğunu aşkar etdi. Ayların həftələrə bərabər bölünməməsi, aylar üzrə həftəsonlarının bəzən 4, bəzən 5 olması, eyni uzunluqdakı aylarda belə bəzən iş günlərinin fərqli sayda çıxması onda yeni təqvim ideyasına səbəb oldu. Onun fikirləşdiyi təqvimdə il 13 aydan ibarət idi və hər ay da 28 gün idi. Hər ay stabil olaraq 4 həftədən ibarət idi. Ayın eyni günləri həmişə həftənin eyni gününə düşürdü. Bu təqvimdə 12 ayın adı Qriqori təqvimindəki kimi adlanacaqdı. 13-cü ay isə İyun və İyul arasına yerləşdiriləcək və Sol (Günəş) adlandırılacaqdı. Bunlar birlikdə 364 gün edirdi. İlin 365 gününü tamamlamaq üçün isə Dekabr ayı bitəndə, yəni Dekabrın 28-dən sonra həftələrə daxil olmayan 1 gün əlavə olunacaqdı, beləliklə həftələr pozulmayacaqdı. Bu günün öz adı olmalı və tətil kimi qəbul olunmalı idi. 4 ildə bir yaranan 366 günlük ildəki artıq gün də həftələrə daxil olmayacaq və İyun ayının 28-dən sonra yəni Sol ayından əvvələ yerləşdiriləcəkdi. Bu günün də tətil olması planlaşdırılırdı. Bu təqvim Beynəlxalq Sabit Təqvim adlandı və bütün dünyada təbliğ olundu. Hətta Kodak şirkətinin qurucusu Corc İstman bu təqvimi istifadə etməyə başladı. Şirkət olaraq da Kodak 1982-ci ilə qədər bu təqvimi istifadə etdi.
Beynəlxalq Sabit təqvim bu üstünlüklərə baxmayaraq qəbul olunmadı. Bir neçə səbəb var idi. Dini icmalar qəbul etmirdi. Çünki, ildəki 365-ci və ya 366-cı günlərin həftələrə salınmaması həftələrin kəsilməzliyinin qarşısını alır və dini həftəlik ibadətlərin tamam sürüşməsinə səbəb olurdu. Digər bir səbəb isə 13 ədədinin bölünməzliyi idi. Belə ki, 12 aylıq ildə, illər rüblərə və yarım ilə rahatlıqla bölünür. 13 aylıq illər isə nə yarım ilə, nə də rüblərə bölünürdü. Bu isə beynəlxalq ticarətə çətinlik yaradırdı. 12 aylıq sistemin üstünlüyü ilə bağlı 12 ədədinin sirri və Rəqəmlər və say sistemləri yazılarına da baxa bilərsiniz.
Tarixdə bu təqvim məsələsinə necə baxılıb və başqa hansı cür aylar bölünüb bu barədə bir neçə təqvimə baxaq.
Qədim Misir təqvimi
Qədim Misir təqvimi 365 günlük ilə sahib Günəş təqvimi idi. Təqvim ili 12 aya bölünürdü. Hər ay 30 gündən ibarət idi. Geridə qalan 5 gün isə artıq (epaqomenal) günlər kimi təqvimə əlavə olunurdu. İl 3 fəsildən və hər fəsil 4 aydan (120 gün) ibarət idi. Fəsillər belə adlanırdı: Axet (Daşqın), Peret (Əkin), Şemu (Məhsul yığımı). Fəsillərin adlarına baxanda daha çox təsərrüfat və Nil çayının ritmlərinə görə müəyyənləşdirildiyi görülür. 30 günlük aylar 3 ədəd 10 günlük hissələrə bölünürdü. Misirin 19 və 20-ci Xanədanlıqları zamanında 3-cü 10 günlüyün son 2 günü kraliyyət sənətkarları üçün müasir dövrün həftəsonu anlayışına uyğun olaraq istirahət günləri kimi qəbul edilirdi.
Müasir dövr iş həftəsi anlayışı ilə əlaqədar 888 – Üçə bölünmüş gün yazısını da oxuya bilərsiniz.
Misir təqvimində hər 4 ildə bir yaranan artıq gün anlayışı yox idi. B.e.ə 238-ci ildə Misirdə yunan hakimiyyəti dövründə “Kanopus dekreti” adı ilə bilinən fərman verildi. Hər 4 ildə bir sıçrayış günü qəbul edildi. Lakin Misir kahinləri və xalq bu “yunan icadını” qəbul etmədi və təqvim köhnə qaydada davam etdi. Bu Roma hakimiyyəti dövrünə qədər davam etdi. Roma hakimiyyəti dövründə Misir təqviminə hər 4 ildə bir əlavə gün tətbiq edildi. Hazırda bu təqvimə bu gün Kopt təqvimi deyilir. Misirdə yaşayan qədim qıbti xalqı bu təqvimi dini məqsədlər üçün istifadə edir.
Əslində Misirdə Ay təqvimi sistemi Günəş təqvim sistemindən daha qədimdir. Hər iki təqvim qədim Misirdə paralel olaraq istifadə edilirdi.
Yəhudi təqvimi
Yəhudi təqvimi də hazırda sadəcə dini məqsədlər üçün istifadə edilir. Bu təqvim həm Ayın hərəkətini, həm də Günəş ilini birləşdirir. Birləşdirmə üçün xüsusi sistem qurulub. Belə ki, hər 19 ildə 7 dəfə əlavə ay artırılır. Yəni hər 19 illik periodun 12 ili 12 aydan ibarət olur, 7 ili isə 13 aydan ibarət olur. Nəticədə Günəş təqvimi ilə daim bərabərləşir, lakin aylar ayın hərəkətinə görə təyin olunurdu. Bu əlavə ayın adı Adar-2 və ya VəAdar adlanır. Adar-2 adlanmasının səbəbi isə 12 aylıq təqvimdə orjinal Adar ayının olmasıdır. 13 aylıq illərdə isə əlavə olunan Adar ayı buna görə Adar-2 adlanır. Adar-2 ayı 29 gündən ibarətdir. Orjinal Adar ayı da normalda 29 gündən ibarətdir, lakin il 13 aydan ibarət olanda orjinal Adar ayı 30 gündən ibarət olur. 19 illik periodun 3, 6, 8, 11, 14, 17 və 19-cu illəri 13 aylı illərdir. Bu təqvimin başlanğıcı Tövratın yaradılış hekayəsinə əsaslanıb və hazırda bu təqvimdə 5786-cı ildir. Qriqori təqvimi ilə tutuşduranda 5786-cı il 22 sentyabr 2025-ci il günbatımı ilə başlayıb və 11 sentyabr 2026-cı il günbatımı ilə bitəcəkdir.
Çin təqvimi
Çin təqvimi də Yəhudi təqvimi kimi Ay-Günəş təqvimidir. Sadəcə əlavə komponentləri çoxdur. Məsələn 12 heyvan ili, 5 element sistemi və yin-yanq modelinin müxtəlif kombinasiyaları ilə 60 illik period qurulur. İllərin heyvan adlarına görə adları bu şəkildədir: siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, keçi, meymun, xoruz, it, donuz. Hər bir 12 illik periodu əhatə edən elementlər isə bunlardır: ağac, od, torpaq, metal, su. Beləliklə 3 birləşmə ilə il adlandırılır. Məsələn: Yin metal əjdaha.
Çinlilərin tarixən bir çox təqvim sistemi olub. Bu təqvim sistemi sadəcə onlardan biridir. Hazırda rəsmi olaraq Qriqori təqvimi istifadə edilsə də, bəzi festival və ənənələrini Çin təqvimi əsasında qeyd edirlər.
Fransa Respublika təqvimi
Fransa Respublika təqvimi daha müasir dövrdə ortaya çıxıb. Fransız inqilabından sonra 1793-cü ildə xristian ənənəsindən müstəqil daha sekulyar bir təqvim ideyası ortaya çıxdı. İl hər biri 30 gündən ibarət 12 aya bölünürdü. İlin sonuna 5 və ya 6 gün artırılırdı. 7 günlük həftənin əvəzinə 10 günlük həftə var idi. Gün isə 24 saata deyil, 10 metrik saata bölünmüşdü. Hər saat 100 metrik dəqiqədən, hər dəqiqə 100 metrik saniyədən ibarət idi. Metrik ifadəsi həmin dövrdə beynəlxalq ölçmələr üçün bütün dünyada vahid standartların Fransadan çıxması ilə məşhurlaşıb. Həmin metrik vahidlərdən biri olan kq haqqında Dünyanın ən ideal hamar səthə malik kürəsi yazısını oxuya bilərsiniz. Fransada çıxan bu təqvim işçilər üçün hər 7 gündə bir yox, hər 10 gündə bir istirahət demək idi. Ona görə xalq tərəfindən sevilmədi və ləğv olundu.
Bundan əlavə Hicri təqvim, Yuli təqvimi və Qriqori təqvimi barədə ümumi məlumat üçün Təqvimdə dəqiqlik yazısına göz ata bilərsiniz.
Dünya təqvimi
İndi isə başda qeyd etdiyimiz Kodak şirkətinin də xeyli müddət istifadə etdiyi 13 aylıq təqvimə qarşı digər alternativ təqvimə baxaq. Bu təqvim isə Dünya təqvimi adlanırdı. 1930-cu ildə Elizabet Akelis tərəfindən icad olunub. Burada il 12 aydan ibarətdir və 4 rübə bölünür. Hər rüb 91 gündən ibarətdir. Hər rübün birinci ayı 31 gün, növbəti ik ay isə 30 gün çəkir. Bunlar birlikdə 364 gün edir. Burada da 365-ci gün isə Kotsvortun təqvimində olduğu kimi həftələrə daxil edilmir və Dekabrın 30-dan sonraya yerləşdirilərək Dünya günü adlanır. 366 gün olacaq illərdə isə əlavə gün 6 aydan sonra yəni iyunun 30-dan sonraya yerləşdirilir.
Əvəz oluna bilməyən təqvim
Dünya təqvimi və Beynəlxalq Sabit Təqvim kimi yeni icad olunan alternativ təqvimlər ayları və həftələri daha dəqiq bir standartda oturtması üçün icad olunsa da bütün problemləri həll etmirdi. Qriqori təqvimi bu alternativ təqvimlər qədər simmetrik deyil. Lakin, hissələrə rahatlıqla bölünə bilən 12 aylıq sistemi, eləcə də həftəlik nizamı pozmaması, eyni zamanda kifayət qədər dəqiq olması hələ ki beynəlxalq səviyyədə icrasının hər kəs tərəfindən ən qəbul olunan olmasına gətirib çıxarmışdır.






