Kollektiv şüur
- Eylül 24, 2021
- by
- Tural Qaraqaşlı
Qədim Romada kölələr azad insanlar kimi geyinmək haqqına sahib idi. Onların geyimi öz dövrlərinin orta təbəqəsinin geyimindən fərqlənmirdi. Elə problem də burada idi. Bu xoş görünsə də, əslində kölələrə verilən bu haqq vasitəsi ilə quldarlar onları daha çox istismar etmək imkanına sahib olurdular.
Onlara azad insanların geyimindən fərqli bir geyim təyin etsəydilər kölələr bir-birilərini daha tez tanıyacaqdılar, ictimai yerlərdə hərəkət edərkən tez bir zamanda nə qədər çox olduqlarını hiss edəcəkdilər. Onlarda özünə inam, komanda ruhu yaranacaqdı və quldarlıq quruluşuna zərbə vurulacaqdı. Bu da İnsanlıq tarixi baxımından bəlkə daha yaxşı bir nəticə hesab olunardı.

Amma tarixdə həddindən artıq komandaçı bir quruluş yaradıb hər kəsi zorla bərabərləşdirməyə çalışaraq iflasa uğrayan sistemlər də var. Ən böyük örnəklərindən biri SSRİ-dir. Bu sistem zorla bütün insanları kollektivləşdirməyə çalışırdı. Belə demək mümkünsə hər kəsə eyni forma biçirdi. Kənardan baxanda fərdi tamam rədd etdiyi, ancaq kollektivi qəbul etdiyi təəssüratı yaradırdı. Amma insanları uzun müddət zorla standart Sovet adamı komandasının içində saxlaya bilmədi və süqut etdi. Görünür zorla eyni formanı geyindirmək daha tez iflasa gətirir.
Bəzən çox bəsit məsələlərin arxasında çox ciddi niyyətlər olur və xırda detallar tarazlığı dəyişdirə bilir. İdeologiyalar insanları bir arada saxlaya bilər və güclü də edə bilər. Sadəcə insanlar həmin ideologiyanı dərk etmədikcə, buna könüllü olmaz.






