İlk smartfona qədər
- Aralık 02, 2021
- by
- Tural Qaraqaşlı
Bugün həyatın ayrılmaz parçası olan cib telefonları bir zamanlar sadəcə imkanlı şəxslər üçün əlçatan idi. Heç insanlar da onun yoxluğunu hiss etmirdilər. Bəlkə gələcəkdə dünya əhalisinin əksəriyyətinin belə asılılığının olacağını da təsəvvür etməzdilər. Hər ailədə bir ev telefonun olması, lazım olanda əlaqə saxlamaq üçün kifayət idi. Hər an zəng və ya mesaj gələr deyə hər zaman və hər yerdə üstündə daşımalı olduğun bir cihaz narahatlığı yox idi. Bugündən baxanda bir neçə 10 il əvvəl belə düşünmək qəribə gəlir. Ona görə cib telefonları insanların həyatına təsir edən inqilabi kəşflərdən sayılmalıdır.
İnsanlar arasında kommunikasiyanın sürətlənməsinə səbəb olan və uzun məsafələri yaxınlaşdıran ilk vasitə teleqraf olmuşdur. İlk teleqraf xətti ilə bağlı Morze kodlaşması yazısına da baxa bilərsiniz. İlk teleqraf xəttinin (1843) çəkilməsindən qısa müddət sonra isə artıq ilk telefon sınağı (1876) gerçəkləşmişdir. Bunlar hər biri böyük dəyişikliklərə səbəb olan inqilablar idi.
İlk cib telefonu
Tarixdə ilk cib telefonu Motorola şirkəti tərəfindən hazırlanan və 1983-cü ilin sentyabrında ABŞ tərəfindən təsdiqlənən Motorola DynaTAC 8000X modelidir. Satışa çıxarılması isə 1984-cü ildə baş tutdu. İlk cib telefonunu hazırlamaq və bazara çıxarmaq 10 illik bir zəhmət tələb etdi. Bu işlərin baş qəhrəmanı mühəndis Martin Kuper idi. İlk cib telefonu modelinin ağırlığı 793 qram, 25 sm hündürlüyündə idi. Bütün daşına bilən telefonlara cib telefonu deyirik. İlk cib telefonunun ölçüləri və ağırlığına baxanda isə bu ifadə sanki yerinə oturmur. Motorola DynaTAC 8000X modelinin batareyasının tam dolma müddəti 10 saat, danışma müddəti isə 30 dəqiqə idi. Bu göstəricilərə baxaraq bugünki inkişafın hansı nöqtədə olduğunu görə bilərik.
İlk ağıllı telefon
Bugün dünyada demək olar əksər insanlar ağıllı telefonlar və ya digər adı ilə smartfonlar istifadə edir. Cib telefonları zamanla ağıllı telefonlara təkamül etdilər. İlk cib telefonu telefon dünyasında inqilab olduğu kimi, ilk ağıllı telefonlar da, cib telefonları dünyasında inqilabdır. Bu sahədə inqilabı IBM şirkəti Simon adlı cib telefonu modelini dünyaya tanıdaraq etmişdir. IBM şirkəti hələ bu telefonu tanıtmadan əvvəl 1992-ci ildə artıq ağıllı telefon prototipini hazırlamışdı. 1993-cü ildə isə artıq satış məqsədilə Simon adlı model təqdim edildi. Satış isə ancaq 1994-cü ildə gerçəkləşdirilə bildi. Telefonun bir çox özəlliklərinin olması onu ilk ağıllı telefon edirdi. “Ağıllı telefon” sözü ilk dəfə 1995-ci ildən sonra işlədilsə də, sonradan Simon modelinin bu tanıma uyğun gələn ilk telefon olduğu qəbul edildi. Maraqlı və təəccüblü məqam budur ki, bu telefon bugünün telefonlarında artıq qaçılmaz olan sensorlu ekrana sahib idi. 90-cı illərin sonu və 2000-ci illər isə nədənsə sensor ekranlı telefonlar çox gözə dəymədi, həm də populyarlıq qazana bilmədi.
2007-ci ildə Apple şirkəti tərəfindən təqdim edilən və ağıllı telefonlar içində inqilab yaradan, böyük ekranlı, bir çox yeni özəllikli IPhone -dan sonra isə sensorlu ekranlar artıq ağıllı telefonların ayrılmaz parçasına çevrildi.
Elm və texnologiya sürətlə inkişaf edir, yeni inqilablar bir-birini əvəz edir. Bəzən biz bu inqilabları görə bilirik, bəzən də sonradan fərqinə varırıq.






