Troyanın əks-sədası
- Aralık 14, 2021
- by
- Tural Qaraqaşlı
1918-ci ilin 30 oktyabrında Osmanlı və Antanta dövlətləri arasında Mudros müqaviləsi imzalanır. Bu müqavilə Osmanlı imperiyasının sonu mahiyyətində müqavilə idi. Antanta dövlətləri qalib çıxmışdı. Müqavilə, Egey dənizində yerləşən Mudros limanında, “HMS Aqamemnon” adlanan ingilis hərbi gəmisində imzalanmışdır. Buraya qədər hər şey qalib və məğlub arasındakı atəşkəs müqaviləsi qədər normal görünür. Amma qalib dövlətlərin seçdiyi Aqamemnon adlı gəminin bir mənası var idi. Bu Qərb dövlətlərinin bir mesajı idi. O mesaj nə idi? Bəs Aqamemnon kim idi? Bunu öyrənmək üçün tarix və mifologiyaya eyni anda səyahət etməli olacağıq.
Troya müharibəsi
Troya müharibəsi barədə ilkin mənbə mifologiyadır. Homerin İliada dastanı geniş şəkildə bu müharibə barədə məlumat verir. Qısaca desək, həmin əsərə görə, Zevsin təşkil etdiyi toya dəvət edilməyən nifaq ilahəsi Erida hiylə qurur. O toya hədiyyə olaraq alma göndərir. Almanın üstündə “ən gözələ çatacaq” yazısı olur. Afina, Hera və Afrodita bu almanı almaqda istəkli idilər. Zevs almanı özü kimsəyə vermir və bu işi Troya kralının oğlu Parisə tapşırır. Paris isə almanı eşq və gözəllik ilahəsi Afroditaya verir. Afrodita bunun qarşılığında Zevsin gözəlliyi ilə məşhur olan qızı Yelenanı Parisə vəd edir və Parislə Yelena birlikdə qaçırlar. Yelena həmin dövrdə Sparta kralı Menelayın həyat yoldaşı idi. Menelay bu hadisədən sonra böyük qardaşı Miken kralı Aqamemnondan dəstək istəyir. Beləliklə Aqamemnon Troya savaşını yürüdən komandan olur. Savaş bir çox ayrıntıları ilə verilsə də, hər bir ayrıntıya girmədən deyə bilərik ki, bu savaşda bir çox obrazlar toplanır. Məşhur sərkərdə Axilles, Parisin qardaşı Hektor, hətta Qafqazdan Troyaya köməyə gələn Amazonlar və s. böyük bir müharibənin bütün obraz və detallarının hamısı bu əsərdə var. Müharibəyə səbəb olan Paris hələ dünyaya gəlmədən əvvəl, onun Troyanın başına fəlakət gətirəcəyini anası yuxuda görmüşdü. Bundan başqa Parisin qorxaq xarakterə sahib olduğu da əsərdə vurğulanır. Döyüş əsnasında Paris Yelenanın yoldaşı Melenayla qarşılaşır və məğlub olur. Melenay onu öldürmək anına çatanda ilahə Afrodita yenə Parisi xilas edir. Parisin qardaşı Hektor isə cəsurluğu ilə seçilən döyüşçü olur və Troyanı uzun illər mühasirədə qoruyur. Buna baxmayaraq sonda Axilles tərəfindən öldürülür. Əsərə görə uzun illər mühasirədə qalsa da, Troyanı ələ keçirmək olmur. Amma sonda Spartalılar tərəfindən döyüşə qatılan Odisseyanın məşhur Troya atı fikri vasitəsi ilə şəhər içdən ələ keçirilir. Beləliklə Paris öz böyük səhvi ilə ölkəsinin məhv olmasına səbəb olur. Döyüşü qazananlar isə Spartalılar və Aqamemnon olur.
Müharibədən sonra
Troya savaşından sonrakı olayları Homerin Odisseya əsəri və Romalı şair Publi Vergili Maronun Eneida əsəri anladır. Eneida əsərinə görə savaşdan sağ çıxa bilən Troyalılar Hektor və Parisin əmisi oğlu Eneyin liderliyində Romaya gəlirlər. Sonralar Eneyin nəslindən gələn Romul və Rem Roma şəhərinin əsasını qoyurlar. Romul və Rem uşaq ikən bir dişi qurd tərəfindən tapılır. Dişi qurd onları bəsləyir. Sonradan uşaqlar bir əkinçi tərəfindən tapılaraq böyüdülür. Böyüdükdən sonra onlar Roma şəhərini məhz Qurd tərəfindən bəsləndirildikləri yerdə salırlar. Bu əhvalat qədim Romalı olan etruskların inancında da yer alır. Bəs etrusklar kimdir? Əsərdə xilas ola bilmiş Troyalılardırmı? Tarixin atası Heredot etruskların gəldikləri yer olaraq bugünki ərazilərlə Türkiyəni işarə edirdi. Müasir dnt testləri vasitəsilə etruskların gəldikləri ərazinin bugünki Türkiyə ərazisi olduğu təsdiqlənib. Maraqlıdır, Troya adlı şəhərin varlığı barədə də 1871-ci ilə qədər sadəcə fantaziya olduğu düşünülüb. Arxeoloq Henrix Şliman Türkiyə ərazisində, Çanaqqala boğazının cənub sahillərində, Hisarlıq təpəsində Troya şəhərinin qalıqlarını kəşf etdi. Bu məhz Homerin bəhs etdiyi Troya şəhəri idi. Etruskların Türkiyədən getməsi, Troyanın tapılması və s. kimi məsələlər əslində əfsanələrdə də bəzi həqiqətlərin olduğunu göstərir. Əksərən Avropalı italyanların əslində şərq temperamentinə sahib olduğu deyilir. Etrusklar italyanların kökündə də iştirak ediblər. Türkiyədən getmiş etrusklar vasitəsilə qohumluq Şərq ölkəsi Türkiyə ilə Qərb ölkəsi İtaliyanı yaxınlaşdırır. Etruskların dilinin belə türk dilləri kimi iltisaqi dil olduğu düşünülür. Hətta Qurd motivi də bütün türk xalqları ilə eynidir. Qurd tərəfindən böyüdülmə də Türk xalqlarının dastanlarına bənzəyir. Troya sözü də Türk sözü ilə bənzərlik təşkil edir. Bütün bunlar Troyalıların prototürklər ola bilməsi ehtimalını da ortaya gətirir. Hal-hazırda da Roma şəhərinin simvolu Romul və Remi bəsləyən Qurddur. Tarixdə İstanbulun Roma ilə əlaqəsi və “bütün yollar Romaya çıxar” deyimi ilə bağlı Dünyanın sıfır nöqtəsi yazısını da oxuya bilərsiniz.
Şərq və Qərb üz-üzə
Troya arxeoloji qazıntılarla bir gerçəkdir. Amma onun haqqında məlumatlar ancaq əfsanələrdən əldə edilib. Uzun müddət də ancaq əfsanə olduğu düşünülüb. Bu əfsanənin bu qədər məşhur olmasına səbəb əlbəttə mifoloji obrazlarla əsaslandırıla bilməz. Troya müharibəsi Şərqlə Qərbin üz-üzə gəldiyini təsvir etdiyi üçün üzərinə bu qədər məna yüklənib. Antanta dövlətləri Troyanın yerində olan Türkiyəni məğlub etdikdən sonra 3000 il əvvələ işarə edərək sanki Troyanı yenidən məğlub etmişcəsinə onun xatirəsinə uyğun Aqamemnon gəmisində müqavilə imzaladılar. Atatürk Çanaqqalada Antanta dövlətlərinin qarşısını alanda da “Troyanın intiqamını aldıq” demişdi. Atatürkün Türkiyədə həyata keçirdiyi inqilablardan biri ilə Hərf inqilabı və ortaq türk əlifbası adlı yazıda tanış ola bilərsiniz. Hətta deyilənə görə Fateh Sultan Mehmet də İstanbulu fəth edərkən Troyanın intiqamını aldıqlarına dair fikirlər bildirmişdi.
Təkcə siyasətdə və tarixdə deyil, digər sahələrə də bu müharibə təsir edib. Kompüterləri ələ keçirən məşhur Troyan viruslarını misal çəkmək kifayət olar. Bu viruslar Troya müharibəsində atın içində keçən əsgərlər kimi kompüteri ələ keçirdiyi üçün belə adlanıb. Göründüyü kimi Troya əslində üzərinə yüklənmiş məna baxımından çox böyük təsirə malikdir.






