Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Ayasofya – imperiyaların əzəməti

Ayasofya – imperiyaların əzəməti

Bu şəkillər 2019-cu ilə aiddir. İstanbulda ən çox görmək istədiklərimdən biri Ayasofyanın içərisi idi. Ona görə birdəfəlik 3-lü kombinə muzey bileti aldım. Belədə Ayasofya da daxil olmaqla 3 muzeyi daha sərfəli şərtlərlə gəzmək mümkün idi. 1500 illik tikilinin içərisində həqiqətən keçmişə səyahət etdiyini hiss edirsən. İnsanüstü bir əzəmət görülürdü.

Abidənin bir hissəsində təmir gedirdi. Amma yenə də turistlərə açıq idi. Ümumiyyətlə İstanbul nəhəng abidələr şəhəridir. Süleymaniyə məscidində də bu əzəməti hiss etmək olurdu. Əslində indiki Ayasofya 3-cü dəfə tikilmiş olanıdır. Təxminən 200 ilə yaxın müddətdə iki dəfə tikilib, iki dəfə də dağıdılıb. 3-cü tikilişi isə Bizans kralı Justinyanusun əmri ilə başlanıb və 537-ci ildə tamamlanıb.  Bu 3-cü tikilinin memarları dövrünün məşhur fiziki İsidoros və məşhur riyaziyyatçısı Anthemios olub. İstanbul fəth edildikdən sonra Osmanlı sultanları Ayasofyaya çox önəm verirdi. Adı olduğu kimi qalıb. Ayasofyanın mənası “İlahi (müqəddəs) Hikmət” deməkdir. Bu ad da İslama zidd deyil. İstanbulun fəthinə yaxın abidə baxımsız vəziyyətdə idi. Dəfələrlə qübbəsi çökmüşdü. Fəthdən sonra Memar Sinanın istinad divarları tikməsindən sonra qübbə bir daha çökmədi. Demək olar bir çox Osmanlı sultanı hakimiyyətləri dövründə bu abidədə özlərindən xatirə əsərlər buraxıblar, onun təmiri və təchizatı üçün çox işlər görüblər. Abidənin xristian mozaiklərinin də qorunması üçün sultanlar əllərindən gələni edib. Müsəlmanların ibadətinə əngəl olan bəzi mozaiklər dağıdılmadan, sadəcə üzəri zəif suvaqla örtülüb. Bu sayədə yüz illərlə mozaiklər həm də xarici təsirlərdən qorunub və muzey kimi fəaliyyətə başlayandan sonra açılan suvaqların altında sapsağlam qalıblar. Hətta Osmanlı sultanları zamanın təsiri ilə aşınmaya məruz qalmış bəzi xristian mozaiklərin bərpası üçün mütəxəssisləri belə vəzifələndiriblər. Ayasofyanın içərisində yer alan dünyada ən böyük sayılan 8 ədəd xəttatlıq lövhələri var. Bu lövhələrin üzərində Allah, Hz. Məhəmməd, ilk 4 xəlifə, Hz. Həsən və Hz. Hüseynin adları yazılıb. Başqa bir önəmli məqam isə qiblə yönü ilə bağlıdır. İstanbuldan baxanda həm müsəlmanların ilk qibləsi olan Qüds şəhəri, həm də Məkkə şəhəri demək olar eyni xətt üzərindədir. İstanbulda namaz qılan birisinin üzünü həm Kəbəyə, həm də Məscidi Əqsaya doğru saymaq olar. Xristian dünyasında əksərən qiblə Şərqə doğru olur. Amma ortodoks xristianlarda qiblə əsasən Qüds şəhərinə doğru olur. Ayasofya da ortodoks xristian məbədi olduğu üçün qibləsi Qüdsə tərəf olub və İstanbulda yerləşdiyi üçün avtomatik olaraq həm də Kəbəyə istiqamətlənmiş olub. Bu da çox qəribə bir rastlantıdır. Digər bir fikir isə odur ki, İstanbuldan baxanda Qüds və Məkkə tam eyni düz xətt üzərində olmasa da çox kiçik bucaq fərqi var. Amma yenə də qəribədir ki, məbədin qibləsindəki bu kiçik bucaq fərqi də bir versiyaya görə İstanbulda yaşanan tektonik hərəkətlənmələrlə zamanla sürüşərək Məkkəyə tərəf yaxınlaşıb. Hətta xalq arasında Hz. Xızırın məbədi çevirdiyi əfsanələri də burdan yaranıb.
Artıq Ayasofya muzeyi yenidən məscidə çevrilib. Narahat olanları da, müsbət qarşılayanları da başa düşmək olurdu. Amma həddindən çox sevinənləri də, həddindən çox üzülənləri də qəribə qarşıladım. Çünki hər iki tərəf məsələyə çox ideoloji yanaşır. Vacib olan abidənin qorunub saxlanması, tarixiliyinə zərər gəlməməsidir. İstanbulda məscid kifayət qədərdir. Ona görə Ayasofyanın da yenidən məscid olmasına həddindən artıq böyük sevinc nümayiş etdirərək baxmaq əksərən ideoloji yanaşmadır. Digər tərəfdən həddindən artıq üzülənlər də məsələyə ideoloji baxır. Hər halda 500 ilə yaxın məscid kimi fəaliyyət göstərərək xristian keçmiş qorunubsa, bundan sonra da qoruna bilər. Hər halda bu hadisəni yaxın dövrə kimi məscid olan bir abidənin sanki heç məscid olmamış kimi birdən-birə məscidə çevrilməsi kimi göstərmək doğru deyil. Bu abidənin istifadə olunmasının necəliyi Türkiyə dövlətinin haqları daxilindədir. Hətta iddialara görə Fateh Sultan Mehmed bu abidəni özü sənədlə almışdır. Sadəcə yenə də bəzi abidələrin dəyəri həqiqətən bəşəridir. İnsanlıq o abidələrdə özünü görür. Hər halda əsas olan o abidənin tarixiliyinə zərər vurmadan həm xristian, həm müsəlman əsərlərin qorunub saxlanmasıdır. Üzərində nə qədər haqq sahibi olsa da bu məsələdə Türkiyənin istər keçmişdə, istər bugün bu həssasiyyətlə hərəkət etdiyini müşahidə edərək anlamaq olar. Bu arada Ayasofya artıq məscid elan olunduğundan oraya həm müsəlmanlar, həm də qeyri müsəlmanlar biletsiz filan rahat daxil olub, ziyarət edə bilərlər.

You may also Like

Ensiklopediyalar

Ensiklopediyalar

Ocak 22, 2023
Pulun tarixi

Pulun tarixi

Ağustos 17, 2022
Məğlubedilməz armada

Məğlubedilməz armada

Ağustos 11, 2022

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×