Nikola Tesla
- Ekim 02, 2021
- by
- Tural Qaraqaşlı
Nikola Tesla – haqqında ən çox əfsanələr gəzən alimlərdəndir. Fizika sahəsində bəlkə də Eynşteynlə eyni şöhrətə sahibdir. İxtiraları və fəaliyyəti əsasən Elektrik mühəndisliyi ilə bağlı olub. Maqnit induksiyasının ölçü vahidi də onun adının şərəfinə Tesla adlandırılılıb. Buna görə Elektrik mühəndisliyi ilə yanaşı Metrologiya sahəsi üçün də əhəmiyyətli şəxsdir.
Onun adına dünyanın müxtəlif yerlərində, müxtəlif abidələr, müəssisələr, mükafatlar və s. var. Hətta dünyadan kənarda onun adına bir cırtdan planet və Ayın görünməyən üzündə bir krater var. Xorvatiyada onun doğum günü Tesla günü olaraq qeyd edilir. Azərbaycanda da onun heykəli ucaldılıb.
Nikola Teslanın bir çox kəşf və ixtiraları olsa da onun bir fikri gerçəkləşmədən yarım qalıb. Onun naqilsiz şəkildə elektrik enerjisini bütün dünyaya yaymaq fikri hələ də çox populyar fikirdir. İnsanların sürətlə artan enerji tələbatı üçün müxtəlif fikirlər daim olub. Bu fikirlərdən biri ilə Süni Günəş adlı yazımda tanış ola bilərsiniz. 

2 il əvvəl Nikola Tesla aeroportunda son qalan pullarımı dəyişəndə Nikola Teslaya həsr olunan 100 Dinarı dəyişməyib, özümdə saxlamışdım. 100 Serbiya dinarı təxminən 1 dollara bərabərdir. Dinar sözü adətən ərəblərdə istifadə olunur. Bir çox ərəb ölkəsinin pul vahidinin adıdır. Əslində isə kök olaraq dinarius sözü Latın mənşəlidir. Qədim Romada 10-luq (den) gümüş pulu bildirirdi. Sonra ərəblərdə qızıl pulu bildirmək üçün istifadə olunub, Qərb dillərində isə zamanla istifadə olunmamağa başlayıb. Serbiyada isə hər necəsə bu söz istifadə olunur. Bu arada Azərbaycan pul vahidinin adı olan ‘manat’ da latın dilindən keçmə sözdür. Azərbaycanda da elm və təhsil mövzusuna həsr edilən (50 manatlıq) əsginas var.

Nikola Tesla aeroportundan yola düşərkən ona həsr olunan tək bu pulla kifayətlənməmişdim. Belqradda olduğum müddətdə Nikola Tesla muzeyini də ziyarət etmək fürsətim oldu və xatirə dəftərində Azərbaycandan xatirə qalacaq şəkildə gördüyünüz bu qısa yazını da yazmışdım.






