Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Günəş sistemi

Günəş sistemi

Müşahidə edilə bilən Kainatda 100 milyarddan çox qalaktika olduğu təxmin edilir. Həmin qalaktikalardan biri də bizim də içində olduğumuz Süd Yolu qalaktikasıdır. Süd Yolu qalaktikası içində isə ən aşağısı 100 milyard, ən yuxarısı 400 milyard ulduz olduğu təxmin edilir. Həmin ulduzlardan biri də Günəşdir.

Günəşin Süd Yolu qalaktikasında tutduğu yerin görünməz dərəcədə kiçik olduğu bu müqayisədə bəlli olur. Hələ Kainatda tutduğu yerdən danışmağa isə yəqin ki ehtiyac yoxdur. Bunlara baxmayaraq, Günəşin və Günəş sisteminin insan həyatı üçün ən önəmli yerə sahib olduğu aydın məsələdir.

Süd Yolu qalaktikası

Əvvəlcə Süd Yolu Qalaktikası haqqında qısa məlumat verək. Süd Yolu qalaktikasının diametri təxminən 100000 işıq ilinə, qalınlığı isə 1000 işıq ilinə bərabərdir. Süd Yolu qalaktikasına ən yaxın qalaktika Andromeda qalaktikasıdır ki, o da 2,5 milyon işıq ili məsafəsində uzaqdır. Məsafə olaraq işıq ili anlayışı işığın 1 ildə qət etdiyi yoldur. Müqayisə üçün bildirək ki, işığın 1 saniyədə qət etdiyi yol təxminən 300000 kilometrdir. Bu da o deməkdir ki, Ayın Yerdən ən uzaq olduğu dövrdə belə Yerdən göndərilən işıq 1,5 saniyədən daha az müddətdə Aya çata bilər.  Başqa bir misal verək. 1 saniyə ərzində işıq Yer kürəsi ətrafında 7 dəfə dövrə vura bilər.  Saniyədə qət etdiyi məsafələrə baxaraq min illər və yüz min illərdə qət etdiyi məsafə barədə fikir sahibi olmaq olar. Qalaktikanın ölçüləri ilə müqayisədə Kainatın ölçüləri daha da təsəvvür edilməz böyüklükdədir. Məsələn bilinən Kainatın diametri 93 milyard işıq ilinə bərabərdir. İşıq ilinin əsasında dayanan işıq sürəti barədə əlavə olaraq Dəyişkən zaman yazısına da nəzər sala bilərsiniz.

Günəş sistemi və ömrü

İndi isə Günəş sisteminə qayıdaq. Günəş sisteminin orbiti Süd Yolu qalaktikasının mərkəzinə 26000 işıq ili uzaqlıqda yerləşir. Təbii ki, Günəş sistemi yerində sabit durmur və saniyədə təxmini 230 km və ya saatda 828000 km sürətlə Süd Yolu qalaktikasının mərkəzi ətrafında dövr edir. Bir tam dövr üçün keçən müddət isə təxminən 225-250 milyon il çəkir və bu qalaktik il adlanır. Günəşin öz oxu ətrafında 1 tam dövrü isə 25 gündür.

Günəş sisteminin kütləsinin 99,8%-ni Günəşin öz kütləsi təşkil edir. Həcm olaraq Günəş Yer kürəsindən 1,3 milyon dəfə böyükdür, amma daha da böyüməyə davam edəcək. Təxmini hesablamalara görə Günəşin ömrü 4,6 milyard ildir. Bundan təxminən 5 milyard il sonra Günəşdə hidrogen yanacağı tükənməyə başlayacağına görə Günəş inanılmaz dərəcədə böyüyüb qırmızı nəhəngə dönəcək. Hətta o qədər böyüyəcək ki, bəzi təxminlərə görə Yer kürəsinə qədər olan məsafəni də aşaraq Yer kürəsini udacaq. Daha sonra isə Günəş yenidən kiçiləcək və ağ cırtdan ulduza çevrilərək, ən son və uzun dövrünü belə keçirəcək. Günəşin daxilində gedən kimyəvi reaksiyalarla bağlı Süni Günəş yazısına da göz ata bilərsiniz.

Təbii ki o vaxta qədər Yer kürəsində həyat çoxdan bitmiş ola bilər. Çünki hesablamalara görə hər 1 milyard ildə bir Günəş öz parlaqlığını 10% artırır. Bu da təxminən 1 milyard il sonra artıq Yer kürəsinin yaşanmayacaq hala gəlməsinə səbəb ola bilər. Digər tərəfdən 1 milyard il özü də çox uzun müddətdir. Lakin bu sadəcə Günəş ömrünə əsasən çıxarılmış təxmindir. Yerdəki həyat bir çox əlavə faktordan da asılıdır. Bu faktorlardan bəzilərinə dair Qiyamət saatı – Son 100 saniyə yazısını oxuya bilərsiniz.

Mövzuya qayıdası olsaq, 5 milyard il sonra isə bu qədər nəhəngliyə çatmış Günəş Koyper qurşağındakı göy cisimlərində həyat üçün daha əlverişli mühit yarada bilər. Hesablamalara görə həmin vaxt Plutonda temperatur bu günki Yer kürəsinin sahib olduğu temperatura sahib olacaq. Əgər atmosfer də yarana bilsə, bəzi əlavə şərtlərə zəmin yaranaraq həyat üçün mühit yarana bilər. Qeyd edək ki, Plutonun hazırkı temperaturu isə -238 C-dir.

Halley kometi

Günəş və ətrafında hərəkət edən Göy cisimləri birlikdə Günəş sistemini təşkil edir. Bəzən Günəş sistemi sadəcə 8 planet və həmin planetlərin peykləri ilə birlikdə qeyd edilsə də əslində çox böyükdür. Günəşin ətrafında milyardlarla irili-xırdalı göy cisimləri də mövcuddur. Bunlar arasında nisbətən daha böyükləri cırtdan planetlər, asteroidlər və kometalardır. Bunlardan yəqin ki, ən məşhurları Halley kometi və cırtdan planet Plutondur. Kometə bəzən quyruqlu ulduz da deyirlər. Xüsusilə Halley kometi bir çox inanclara və əsatirlərə səbəb olmuşdur. Bu komet Yerdən adi gözlə görülə bilən tək kometdir. Hər 75-76 ildə bir görülür və onun haqqında araşdırmalar apararaq növbəti keçmə tarixini dəqiq deyən Edmund Halleyin şərəfinə Halley adlandırılmışdır. Qeyd edək ki, bu kometin növbəti görülmə tarixi 2060-2061-ci ilə gözlənilir.

Günəş sistemində planetlər

Günəş sistemindəki planetlər ardıcıllıqla bu şəkildədir: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun. Yerdən başqa bütün planetlərin adları qədim Yunan-Roma mifologiyasındandan gəlmə adlardır. Bu ardıcıllıqda ilk 4 planet qaya tipli planetlərdir. Sonrakı 4 planet isə qaz nəhəngləri sayılır. Bundan əlavə ilk 4 planet və asteroid qurşağı birlikdə Daxili Günəş sistemini təşkil edir. Asteroid qurşağından xaricdə qalan qism isə Xarici Günəş sistemi adlanır. Kimlərinə görə isə Asteroid qurşağından sonrakı 4 planet Orta Günəş sistemi, son planet olan Neptundan sonrakı hissə isə Xarici Günəş sistemi adlanır.  Asteroid qurşağı Mars və Yupiter orbitləri arasında yerləşir. Bəzi versiyalara görə əvvəllər bu bölgədə planet olub. Bu planetin dağılması ilə irili-xırdalı yüz minlərlə asteroid yaranıb. Ən önəmli bir versiyaya görə bu planet Yupiterin cazibəsi ilə qarşılıqlı təsirdə dağılıb. Bu fərziyyəvi planetə Faeton deyə ad da qoyulub. Bu ad da yunan mifologiyasından gəlir. Mifologiyaya görə Faeton Zevs tərəfindən öldürülüb. Maraqlıdır ki, Zevsin Roma mifologiyasında qarşılığı da Yupiterdir. Dilimizdə at arabası mənasında işlənən Fayton sözü də elə buradan gəlib. Daha çox qəbul olunan fikrə görə isə Faeton planeti ümumiyyətlə olmayıb. Çünki Yupiterin cazibəsi ümumiyyətlə həmin bölgədə planetin formalaşmasına imkan verməzdi.

Günəş sisteminin sərhəddi və astronomik ölçülər

Günəşdən Yer Kürəsinə qədər olan məsafə təxminən 150 milyon kilometrdir. Bu məsafə 1 astronomik vahid (AV) adlanır və təxminən 499 işıq saniyəsi edir. Yəni Günəşdən çıxan işıq təxminən 499 saniyə sonra Yerə çatır və biz yerdən baxandan əslində Günəşin 499 saniyə (8 dəqiqə 19 saniyə) əvvəlini görürük. Günəşdən Yerə məsafə 1 AV-dirsə, Günəşdən Neptuna qədər məsafə isə təxminən 30 AV-dir.

Günəş sistemində son planetin Neptun olduğu qəbul edilir. Buna baxmayaraq hələ Neptundan sonra da kəşf olunmayan planet ola bilər. Bu barədə bəzi iddialar da var. Çünki, Günəş sistemi tam olaraq xəritələndirilməyib. Hələ Günəş sisteminin dəqiq sərhəddinin harada bitdiyi də dəqiq deyil. Neptundan sonra gələn Koyper qurşağı da asteroid qurşağına bənzəyir və içində böyük həcmdə daş qaya və s. parçalar var. Bu qurşaq Günəşdən təxminən 30 AV məsafədən başlayaraq 50 AV məsafəyə qədər uzanır. Sonradan planet statusu əlindən alınaraq cırtdan planet elan edilmiş Pluton da bu qurşaq içində yerləşir. Məlumat üçün bildirək ki, Pluton cırtdan planetlərdən ən böyüyüdür və onun Günəş ətrafında bir tam dövrü 248 ilə bərabərdir. Günəş sisteminin son halqası isə Oort buludu qəbul edilir. Buna baxmayaraq Günəş sisteminin sərhəddinin bununla da bitmədiyinə inanılır. Günəş sisteminin sərhədləri barədə iki faktor əsas götürülür: Günəş küləklərinin təsir məsafəsi və Günəşin cazibə sahəsi. Qeyd edək ki, Günəş küləkləri Yer kürəsində qütblərdə Avrora adlanan rəngli qütb parıltılarına səbəb olur. Yer Kürəsinin maqnit sahəsi olduğundan Günəş küləkləri atmosferə zərər vura bilmir. Merkuridə isə atmosfer tamam məhv olub. Eləcə də Venera və Marsın da maqnit sahələri olmadığından atmosferləri böyük zərər görüb. Günəş küləklərinin təsir məsafəsinə görə təyin edilən Günəş sistemi sərhəddinə olan məsafə qısadır. Yəni Günəşdən Plutona qədər olan məsafədən 4 qat daha uzundur. Günəş sisteminin sərhədlərini müəyyən edən digər faktor isə Günəşin cazibə sahəsinin uzandığı məsafəyə qədər Günəş sisteminin sərhədlərini müəyyən etməyi əsas alır. Sonuncu planetdən sonra gələn Koyper qurşağı 50 AV məsafədə bitirdisə, dəqiq olmasa da Oort buludunun Günəşdən 50000 AV məsafəyə qədər uzandığı qəbul edilir. Onu da qeyd edək ki, 1 işıq ili təxminən 63241 AV-yə bərabərdir. Günəşin cazibəsinin isə 125000 AV-də bitdiyinə inanılır. Yəni təxminən 2 işıq ili radiusundakı məsafə Günəş sistemini təşkil edir deyə bilərik. Günəş sisteminə ən yaxın ulduz sistemi Alfa Sentavrdır və 4,37 işıq ili məsafəsindədir. Günəşə ən yaxın ulduz isə Sentavr Piroksimadır və 4,24 işıq ili məsafəsindədir.

İnsanın çatdığı ən uzaq məsafə

Hal-hazırda insanlığın hazırladığı və Yerdən ən uzaq məsafəyə göndərilmiş kosmik aparatlar Voyager-1 və Voyager-2 – dir. Voyager-1 artıq sentyabrın 5-də 45 ilini tamamlayacaq. Bu aparatlar 45 il bundan əvvəl Yer kürəsindən göndərilsələr də hələ də yol gedirlər. An etibarı ilə Voyager-1 Günəşdən 157 AV  Voyager-2 isə 131 AV uzaqlıqdadır. İşıq məsafəsinə çevirəsi olsaq hazırda Voyager-1 işığın 21 saat 47 dəqiqə ərzində qət etdiyi yol qədər uzaqlaşıb və hələ Oort buluduna çatmaq üçün 300 il yol getməlidir. Oort buludunu keçmək üçün isə bu sürətlə hələ 30000 il yol getməlidir. Voyager-2 isə işığın 18 saat 5 dəqiqə ərzində qət etdiyi yol qədər uzaqlaşıb. NASA-nın təqdim etdiyi ən son nəticələrlə daha ətrafı və canlı olaraq  Mission Status linkindən tanış ola bilərsiniz.

Onu da qeyd edək ki, Voyager-1 kosmik aparatında insan mədəniyyətinə dair məlumatın olduğu disk valı mövcuddur. Bu da o deməkdir ki, kosmosda insanlıqdan ən uzaq məsafəyə yetişmiş olan bir aparatla əlaqə yaxın vaxtlarda qopacaq olsa belə, həmin aparat kosmosun dərinliklərində süzərək insanlıqdan iz daşımağa davam edəcək.

Mənbələr:

  1. Milky Way – https://en.wikipedia.org/wiki/Milky_Way

  2. Güneş Sistemi – https://tr.wikipedia.org/wiki/G%C3%BCne%C5%9F_Sistemi

  3. Gözlemlenebilir evren – https://tr.wikipedia.org/wiki/G%C3%B6zlemlenebilir_evren
  4. Galactic year – https://en.wikipedia.org/wiki/Galactic_year

  5. Güneş – https://tr.wikipedia.org/wiki/G%C3%BCne%C5%9F
  6. White Dwarfs – https://imagine.gsfc.nasa.gov/science/objects/dwarfs1.html
  7. Güneş’in Ölümü, Güneş Sistemi’nin Sınırlarında Yeni Bir Yaşam Başlatabilir! – https://evrimagaci.org/gunesin-olumu-gunes-sisteminin-sinirlarinda-yeni-bir-yasam-baslatabilir-8870#:~:text=Yakla%C5%9F%C4%B1k%205%20milyar%20y%C4%B1l%20i%C3%A7inde,f%C3%BCzyon%20i%C5%9Flemi%20sonucunda%20a%C3%A7%C4%B1%C4%9Fa%20%C3%A7%C4%B1kar.

  8. Halley kometi – https://az.wikipedia.org/wiki/Halley_kometi
  9. Sun – https://en.wikipedia.org/wiki/Sun#After_core_hydrogen_exhaustion
  10. Phaeton (hypothetical planet) – https://en.wikipedia.org/wiki/Phaeton_(hypothetical_planet)

  11. Convert Astronomical Unit to Light Year – https://www.unitconverters.net/length/astronomical-unit-to-light-year.htm

 

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Haziran 2026
P S Ç P C C P
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Abunə ol

Instagram Feed

×