Entropiya və Nizamsızlıq
- Ekim 24, 2021
- by
- Tural Qaraqaşlı
Fizikanın bir çox qanunları fəlsəfə üçün ilham olur. Bu qanunlardan biri də Entropiya qanunudur. Termodinamikada ikinci qanun olan Entropiyanın bir çox tərifləri mövcuddur. Bunu biraz fəlsəfi üslubda desək belə bir qayda ortaya çıxır: “Kainatda hər şey özünü minimum enerji, maksimum nizamsızlığa çəkmək istəyir”. Qanunun ortaya çıxması Sadi Karno, Vilyam Kelvin, Rudolf Klaziusun adları ilə bağlıdır. 19-cu əsrin ortalarında elm aləminə təqdim edilmişdir.
Entropiya sözünün mənşəyi qədim yunan dilinə gedir. Mənası “dönüş” deməkdir. Bu söz elm aləminə qanunun yaradıcısı alman alim Rudolf Klazius tərəfindən gətirilib. Entropiyanın İngilis dilindəki mənası əslində qanunu izah edir: “Qapalı bir sistemin enerji itirməsi sayəsində qeyri müəyyənlik və ya durğunluğa doğru irəliləməsi”.
Bu bir Fizika qanunu olsa da, bəlkə də fəlsəfədə adı daha çox hallanır. Həm də İnsanların, cəmiyyətlərin həyatına da təsiri çox geniş müzakirə olunur. Əslində “hər şey özünü maksimum nizamsızlığa çəkir” ifadəsi boşuna deyil. Nizamsızlıq xərclənən enerjinin daha az olmasına səbəb olur. Dağıtmaq düzəltməkdən daha asandır. Məsələn Hərbi Xidmətdə hərbçilərin tabe olmalı olduğu qanunlar belə Nizamnamə adlanır. Nizamnaməyə daha uyğun davranaraq xidmət keçən əsgər uğurla xidmətini başa vurmuş sayılır. Xidmətin də əsas çətinliyi maksimum nizamlılıq tələb olunmasıdır. Nizamlı ola bilmək əlavə enerji və iradə tələb edir.
Entropiya və gündəlik həyat
Gündəlik həyatda qarşılaşdığımız nizamsızlıq örnəklərinə toxunmalı olsaq, masanın üzərindən düşərək sınan fincan ən məşhur örnəklərdən biridir. Heç kəs sınmış fincanın öz-özünə düzələrək yenidən masanın üzərinə qayıtmasını gözləməz, amma fincanın masadan düşərək sınması çox normaldır. Əlimizdə daşıdığımız sənəd və kitabların düşərək, hərəsinin bir tərəfə dağılması çox normaldır, amma həmin sənəd və kitabların daşıdığımız qaydadakı sıralama ilə yenidən əlimizə yığılmasını gözləmirik. Biz onları həmin sıralama ilə yığmaq üçün əlavə enerji xərcləməli olacağıq. Kitabxanada nizamlı şəkildə əlifba sırası ilə kitabları yığmaq bizdən çox enerji tələb edir. Amma həmin kitabları dağıtmaq çox enerji tələb etmir. Nə qədər çox nizamlı olmaq istəyiriksə, daha çox enerji veririk. Masanız dağınıqdırsa, demək həmin yerdə entropiya çoxdur. Əgər hər şey yerli yerində və səliqəlidirsə, entropiya o qədər azdır. Başqa bir misal deyək. Məsələn İnsanlar kinoteatrda bilet almaq üçün sıraya düzülür. İlk dəqiqələrdə bu sıra qorunur amma zaman keçdikcə aradan bir nəfər qaydanı pozmağa çalışır, daha sonra başqa biri də ona baxaraq sıranı pozur. Nəticədə bu sıradan əsər-əlamət qalmır və kassanın qarşısında xaos yaranır. Bu da cəmiyyətləri bir arada saxlayan qaydaların belə bəzən entropiya qarşısında məğlubiyyətinə və nəticədə cəmiyyətin dağılmasına kiçik misaldır. Doğrudur, nizamlı olmaq enerji tələb edir amma nizamsız ortamda da faydalı iş görə bilmirik. Nizamlılıq bizə Kainatda olan enerjini daha məqsədyönlü istifadə etməyə şərait yaradır. Entropiya pessimistliyinə görə Mörfi qanunlarına bənzəsə də, ondan fərqli olaraq elmi yönü var. İstəsəniz Mörfi qanunları yazısına da göz ata bilərsiniz.
Entropiya və Kainatın sonu
Entropiya artması nizamsızlığın artması deməkdir. Kainatın yaranmasına səbəb olan Böyük Partlayışdan bu yana entropiya daim artmaqdadır. Daim genişlənən Kainatda temperatur da paylanır və nəticədə bütün kainatda ortalama temperatur düşməyə davam edir. Hələ ki, kainatın heç bir nöqtəsində mütləq minimum temteratur olan 0 kelvin və ya -273.15 C temperatur qeydə alınmayıb. Mütləq temperaturla və elm aləmində təsdiq olunmasa da Termodinamika qanunlarının əhatəsini azaltmaqla bağlı olan Mütləq sıfır effekti yazısını da oxuya bilərsiniz.
Kainatın sonunun necə gələcəyinə dair müxtəlif nəzəriyyələr var. Bu versiyalardan biri də Böyük Donma nəzəriyyəsidir. Böyük Donmaya görə Kainat o qədər genişləyəcək ki nəhayat Kainatın hər nöqtəsində temperatur mütləq sıfıra enəcək və bu nizamsızlığın son nöqtəsi, yəni son olacaq. Amma bu ehtimal çox-çox uzaq bir ehtimaldır. Kainatın hər yerində temperaturun bərabərləşdiyi, yəni sıfır olduğu nöqtəyə çatmaq üçün bizim insan təxəyyülü ilə sonsuz deyiləcək qədər çox uzun zaman lazımdır. Digər bir versiyaya görə Kainat müəyyən bir genişləmədən sonra içə doğru çökməyə başlayacaq. Burada çox qəribə suallar ortaya çıxır. Kainat içinə çökərsə, entropiya azlamağa doğru, yəni nizamsızlıqdan nizamlılığa doğrumu gedəcək və zaman geriyəmi axacaq kimi fərqli suallar ortaya çıxır. Əlbəttə kainatın sonuna dair versiyalar çoxdur və hələ ki bu barədə dəqiq bir fikir yoxdur.
Entropiya və Təkamül
Bəzən Entropiya qanununa əsaslanaraq elmin gəldiyi bəzi nəticələrin yanlış olduğunu söyləyənlər də var. Bu nəticələrdən biri Təkamül nəzəriyyəsidir. Təkamül və Entropiyanın bir yerdə ola bilməyəcəyi iddiası var. O iddianın yanlış olduğunu bu misalla göstərə bilərik. Məsələn otların yazda yenidən yaşıllaşması və cücərməsi entropiyanın əleyhinə bir təbiət hadisəsidirmi? Əlbəttə xeyr. Dünya qapalı bir sistem deyil. Həmin otun çıxması üçün Günəşin xərclədiyi enerjini görməzdən gələ bilmərik. Bu arada həyatın başlanmasına dair fərqli fikirlər haqqında Həyatın başlanğıcı yazısında tanış ola bilərsiniz. Təkamülə qayıdaq. Təkamül nəzəriyyəsində qeyri mükəmməldən mükəmmələ doğru inkişaf var. “Kainat daim nizamsızlığa doğru getdiyi üçün qeyri mükəmməldən mükəmmələ doğru təkamül etmək mümkün deyil” deyilir. Bəli, kainat bütöv bir sistem olaraq nizamsızlığa doğru gedir amma onun ayrı-ayrı yerlərində entropiyanın azaldığını görmək ümumən kainatda entropiyanın azaldığına işarə deyil. Yəni bir yerdə təkamül ola bilər, amma, belə demək mümkünsə, təkamülə bağlı olaraq Kainatın xərclədiyi enerji daha çox olur və nəhayətdə entropiya ümumi sistemdə yenə də artır. Təkamül nəzəriyyəsi nəticə olaraq Entropiyanın əleyhinə deyil. Bir yerdə entropiya azaldığı müşahidə edilirsə, başqa bir yerdə entropiya daha da artır. Məsələn bu yazını yazarkən cümlələrin bir düzənini yaratmış oluram. Bu cümlələri nə dərəcədə mükəmməl şəklə gətirib təkmilləşdirirəmsə, xərclədiyim enerji də ona bağlı olaraq daha çox olur. Ümumi nəticədə entropiya azalmır, yenə artır. Kainat bütöv bir sistemdir, onun ayrı-ayrı yerlərində entropiyanın azaldığını görmək, ümumi nəticədə bütöv Kainatın entropiyasının artmasının dayandığına işarə deyil. Nəticə olaraq Entropiya çox qarmaşıq mövzudur, Qapalı sistemlər üçün doğru nəticələr verir. Kainatımız qapalı bir sistem hesab oluna bilər. Bundan başqa qapalı sistemi biz laboratoriya şəraitində yarada bilərik. Yuxarıda çəkdiyimiz misallar entropiya qanununa örnəklər olsa da, bunu çox geniş mənada anlamaq lazımdır.






