Dünya dilləri
- Temmuz 13, 2022
- by
- Tural Qaraqaşlı
Dünyada 7000-dən çox dil mövcuddur, amma dünyanın böyük əksəri ilə danışmaq üçün sadəcə bir neçə dil bilmək kifayətdir. Ən çox danışılan 10 dil ardıcıllıqla bunlardır: ingilis, çin, hind, ispan, fransız, ərəb, benqal, rus, portuqal və urdu. Bəzi mənbələrdə ardıcıllıqda cüzi fərqlər ola bilər.
Bütün dünyanı əhatə edən ən böyük təşkilat olan BMT-nin 6 rəsmi dili var: ingilis, fransız, ispan, ərəb, rus və çin (mandarincə).
Bu statistik məlumatlar bizdə dünyanın əsas dilləri barədə təsəvvür yaradır. Ən böyük 10 dilin 8-i Hind-Avropa dil ailəsinin müxtəlif qruplarına aiddir:
İngilis dili – german qrupu;
İspan, fransız, portuqal – latın qrupu;
Rus – slavyan qrupu;
Hind, benqal, urdu – Hind-İran qrupunun Hind alt qrupu.
10 dildən sadəcə 2-si, yəni çincə və ərəbcə Hind-Avropa dil ailəsinə aid deyil. Çin dili Çin-Tibet dil ailəsinə, Ərəb dili isə Sami dil ailəsinə aiddir.
Türk dillərinin də aid olduğu Altay-Ural dil ailəsinə aid hər hansı bir dil isə ilk onluqda yoxdur. Altay-Ural dil ailəsinin ən böyük dili olan Yapon dili dünya üzrə 13-cü yerdədir. Bu ailənin ikinci ən böyük dili, eyni zamanda türk dillərinin ən böyüyü olan Türk (Türkiyə türkcəsi) dili isə dünyada 17-ci yerdə qərarlaşıb.
Dünyanın ən böyük dilləri haqqında başqa maraqlı statistik məlumatlara keçək. İngilis dili təxminən dünyanın 60 ölkəsində, fransız dili 30 ölkədə, ərəb dili 23 ölkədə, ispan dili 20 ölkədə, portuqal dili 9 ölkədə, rus dili 4 ölkədə, çin dili isə 2 ölkədə rəsmi dil və ya rəsmi dillərdən biridir.
İngilis dilinin gücü
Bəs dünyada ən böyük dil olan ingilis dilinin bu qədər böyüməsində ən güclü amillər hansılardır? Yəqin ki, birinci səbəb kimi Britaniya imperiyasını misal çəkə bilərik. Üzərində günəş batmayan bu imperiya vasitəsilə ingilis dili bütün dünyaya yayıldı. Digər tərəfdən sadəcə bu səbəbi göstərmək yetərli deyil. İspanlar ingilislərdən daha əvvəl müstəmləkə siyasətinə başlamışdı, amma ispan dili dünyanın böyük dillərindən birinə çevrilsə də dünya dili ola bilmədi. İspanlar və ingilislərin imperiya siyasətindəki fərqlər haqqında ətraflı məlumat üçün Köhnə və yeni imperiyalar yazısını oxuya bilərsiniz.İngilis dilinin yayılmasındakı digər faktor biznes və ya ticarət olmuşdur. Təsadüfi deyil ki, ingilislər dünyanın hər yerində aktiv biznes fəaliyyəti ilə məşğul idi. Onlar həm də müasir dünyanın biznes mühitini formalaşdırmaqla məşğul idilər. Bu da ingilis dilinin bu gün iş dünyasında əsas dil olmasını açıqlayan səbəblərdəndir. İngilis dilinin böyüməsində Britaniyadan sonra ən böyük rolu Amerika oynamışdır. Amerika dünyanın ən böyük gücü olduqdan sonra həm dünya iqtisadiyyatı yolu ilə, həm dünyaya öz populyar mədəniyyətini, film və musiqilərini yaymaqla ingilis dilinin böyüməsinə əlavə təkan verdi. Bundan başqa bu gün dünyanın ən böyük informasiya qaynağı olan internet də Amerikada yarandı. Amerika texnologiyanın və informasiyanın dilini də böyük ölçüdə müəyyənləşdirdi. Dil informasiya ötürmək üçün bir vasitədir. İnformasiyanın ən böyük ötürücüsü internet isə ingilis dilli bir ölkə olan Amerikada yarandı. İngilis dilinin latın əsaslı əlifbası internetin əsas əlifbası oldu. İnformasiyanın böyük hissəsi ingilis dilində formalaşdı.
Gələcəyin böyüyən dilləri
Gələcəyin böyüyən dilləri Asiya dilləri ola bilər. Xüsusilə yapon və koreya dilləri daha böyük sürətlə irəliləyir. Dünyanın ən böyük dil öyrənmə platforması olan Duolingo-nun hesabatına görə yapon və koreya dillərinə maraq xeyli artıb. Bu dillər dünyanın hər yerində yüksəlir. Özü də bu dilləri öyrənmək motivasiyası əsasən şərq mədəniyyətinə olan maraqdan qaynaqlanır. Başqa dilləri öyrənənlərin motivasiyası üçün bu səbəb daha azdır. Dünyada Koreya pop musiqisinin yüksəlişi, Qədim yapon mədəniyyətinə maraq kimi amillər hiss olunacaq səviyyədədir.
Yapon və Koreya dilləri qədər olmasa da, türk dilini öyrənmək həvəsi də əsasən türk serialları vasitəsilə müxtəlif xalqlarda özünü biruzə verir. Məsələn latın Amerikası ölkələrində türk tarixi serialları böyük maraqla qarşılanır. Türk dilinin inkişafında önəmli rol kəsb edən Atatürkün əlifba islahatı barədə Hərf inqilabı və ortaq türk əlifbası adlı yazıya da nəzər sala bilərsiniz.
Bu gün dilin böyüməsi üçün ən böyük meyarlardan biri də onun internetdə böyük informasiya bazasına sahib olmasıdır. Məsələn bir azərbaycanlı internetdə hər hansı adi bir məlumat axtarışına çıxarkən belə türk, ingilis və ya rus dillərindən də böyük ölçüdə istifadə edir. Bu sadəcə elmi ədəbiyyatlar barəsində deyil, eyni zamanda gündəlik həyatda lazım olan bir məlumatı belə axtarmağa çalışarkən Azərbaycan dili ilə yanaşı daha geniş məlumat üçün türk və ya rus dillərində də axtarış edilir.
Hal-hazırda Azərbaycan dili dünya dövlətləri içərisində sadəcə Azərbaycan Respublikasında rəsmi dil statusu daşıyır. Bundan əlavə Azərbaycan dili həm də Rusiya Federasiyası içindəki Dağıstan Respublikasında rəsmi dillərdən biridir. Dünyada 50 milyon insanın ana dili olan bir dili böyüyən dillər arasında görmək üçün internetdə Azərbaycan dilində informasiyanı artırmaq və həm də Azərbaycan mədəniyyətini (musiqi və kinosunu) internet vasitəsilə dünyaya yaymaqla fəaliyyətə başlamaq olar. Dünyanın böyük dillərindən bir neçəsini öyrənmək yaxşı olar, lakin xarici dillərdə olan informasiyanı istifadə edib, tənbəlləşərək, Azərbaycan dilini önəmsizləşdirmək lazım deyil. Həmin informasiyanı Azərbaycan dilinə çevirməyə çalışmaq lazımdır. Bizim üçün ən önəmli və ən yaxşı bilməli olduğumuz dil ana dilimiz Azərbaycan dili olmalıdır.






