Mühəndis kimi düşün
- Ocak 05, 2022
- by
- Tural Qaraqaşlı
Mühəndis sözü ərəbcədən gəlib. Mənası “Həndəsəni bilən” deməkdir. Bu sözlə mühəndisliyin riyazi mahiyyətə sahib bir peşə olduğu görülür. Təbii ki, əsas nöqtələrdən biri olsa da, təkcə bu mahiyyətlə sərhədlənmək də olmaz. Qərbdə mühəndis Ingenieur (engineer) adlanır. Mənası barədə bir neçə alternativə rastladım, amma əsas fikrə görə kökündəki genie sözündən yaranıb və “dahilik” mənasındadır. Məsələn Leonardo Da Vinçinin peşələri arasında mühəndislik də var idi amma o daha çox universal insan idi və ona inginer deyirdilər. O zaman bu termin bəlkə də hələ daha çox dahi mənasında işlədilirmiş. Yəni mühəndis sözünün qərb dillərindəki qarşılığının etimologiyasına baxanda biz mühəndisliyin nə dərəcədə böyük bir peşə olduğunu görürük.
Mühəndislik peşəsinin tarixi insanlıq tarixi qədər qədimdir. İnsanlar öz işlərini asanlaşdırmaq üçün qədimdən bəri müxtəlif vasitələrdən istifadə ediblər. Tarixin ilk mühəndisləri də bu vasitələri yaratmaqla işə başlayıblar. Bu da o deməkdir ki, ilk bəsit alətlərin yaranmasından bu yana mühəndislər var. Bu gün mühəndislik böyük inkişaf yolu keçib. Bütün dünya və həyatın hər sahəsi mühəndislik əsərləri ilə doludur. Bunlar o qədər adiləşib ki, bəzən arxa planı görünmür. Evimizdəki lampanın bir mühəndislik əsəri olduğunu hər vaxt düşünmürük. Halbuki, bunu ilk dəfə ixtira edən Tomas Edisonun yüzlərlə təcrübə apardığı deyilir. Onun həyatı boyunca 1000-dən çox ixtirası mövcuddur. Edison dahiliyin 1 faizinin ilham, 99 faizinin alın təri olduğunu düşünürdü. 
Mühəndislik hər yerdə
Başqa bir ixtiraçı Nikola Tesla da yüzlərlə ixtiranın sahibi idi. O elektrik mühəndisi kimi tezliklə öz sözünü deyə bilmişdi. Təkcə bu mühəndis dahilərin ixtiraları ilə bəşəriyyətin nə dərəcədə irəli getdiyini düşünün. Nikola Tesla və Edison bir-biri ilə böyük rəqabət içində idilər. Bu rəqabətin bir çox səbəbləri var idi, amma bu başqa mövzudur. Bundan əlavə Nikola Tesla muzeyi barədə və əlavə bir neçə məlumatla Nikola Tesla yazısında tanış ola bilərsiniz. Həmin dövrlərdə yaşamış və Edisonla bir yerdə işləmiş bir başqa mühəndis də Henri Ford olub. Henri Ford kütləvi istehsalda böyük inqilab olan və istehsalı sürətləndirən konveyer üsulunun baş yaradıcısı olub. Onun sayəsində avtomobillər orta təbəqə üçün əlçatan olub. Ümumiyyətlə onun həm mühəndislikdə uğuru, həm də iş həyatında gətirdiyi yeniliklər inqilabi dəyişikliklərə səbəb olub. Henri Fordun iş həyatında gətirdiyi yeniliklər barədə 888 – Üçə bölünmüş gün yazısından məlumat əldə edə bilərsiniz. Bəzən dilimizdə olan mühəndis kimi düşün deyimini Henri Ford timsalında təqdim etmək yerinə düşür. Mühəndis kimi düşünmək bizə sadəcə mühəndis peşəsində deyil, həyatın hər anında kömək edə bilər. Peşə olaraq mühəndislik əvvəlcə Yer Kürəsində insanlığa öz töhfəsini verirdi. İndi isə 20-ci əsrin ortalarından başlayaraq Yer Kürəsindən kənarda, kosmosda da insanlığa xidmət edir. Göndərilən kosmik gəmilər və peykləri qeyd etməsək, sadəcə kosmosda 400 km-dən çox hürdürlükdə Yerin orbitində fırlanan kiçik yaşam sahəsi Beynəlxalq Kosmik Stansiyanı da qeyd etmək kifayət olar. Bu stansiyada astronavtlar aylarla qalıb yaşayır və içləyirlər.
Mühəndislərin mühəndislikdən kənar fəaliyyəti də bəzən böyük səs gətirir. Məsələn güclü yumor hissinə sahib olan mühəndis Mörfi fonunda bunu görə bilirik. Onun bu fəaliyyəti barədə Mörfi qanunları yazısında tanış ola bilərsiniz.
Sonda bunları da qeyd edək ki, mühəndislik barədə onlarla tərif olsa da, onun sahəsi çox genişdir və bütün nəzəri fənlərin xüsusilə təbiət elmlərinin və dəqiq fənlərin real həyata tətbiqini həyata keçirən peşədir deyə bilərik. Bu gün mühəndisliyin çox çeşidli və geniş qolları var. Bütün bunlar isə ilk alətləri yaradan insanlarla başlamışdı.






