Çingiz Xanın doğruları
- Şubat 23, 2022
- by
- Tural Qaraqaşlı
Çingiz Xan haqqında bir filmdə diqqət çəkici bir dialoq var idi. Həmin dialoq Çingiz Xan və onun ordusundakı Kulan adlı bir qız arasında keçirdi və təxminən bu şəkildə idi:
– Kulan: Xan, artıq Monqollar birləşib. Savaşı buraxmayacaqsanmı?
+ Çingiz Xan: Yaşadığım müddətcə, sərhədlər ortadan qalxanadək fəth edəcəyəm. Hərəkət azadlığı ticarəti inkişaf etdirəcək. Fərqli mədəniyyət və ənənələrə hörmət ediləcək və həyat zənginləşəcək.
– Kulan: Amma savaşdıqca qan tökülür.
+ Çingiz Xan: Kulan, daha çox qan tökülməməsi üçün əvvəlcə qan tökülməlidir.
Filmdə Çingiz Xanın doğru meyar olaraq qəbul etdiyi əsas düşüncə gələcəkdə əldə olunacaq nəticədir. Fəlsəfədə doğru və yanlışı müəyyən etmək üçün, yəni əxlaqın meyarı barədə, fərqli filosoflar fərqli fikirlər irəli sürüblər. Bunlardan əsas üçünü xüsusi olaraq qeyd etmək olar: 1) Vəzifə borcu, 2) Nəticə yönümlü, 3) Fəzilətlilik
Vəzifə borcuna əsaslanan əxlaq anlayışı fəlsəfədə ən məşhur və praktiki olaraq ən qəbul edilən fikirdir. Bu fikri fəlsəfəyə gətirib əsaslandıran şəxs, İmmanuel Kantdır. Vəzifə borcu anlayışı ilə bağlı ətraflı məlumat almaq üçün Doğru və yanlışın tərifi adlı yazını oxuya bilərsiniz. Bu yazıda isə bizim əsas mövzumuz 2-ci və 3-cü anlayışlar olacaq. Nəticə yönümlü əxlaq situasiyadan situasiyaya dəyişə bilər. Çünki əsas edəcəyin hərəkət yox, həmin hərəkətin gətirəcəyi nəticə önəmlidir. Örnək kimi Çingiz Xan filmindən olan bu dialoqu gətirdik. Bu fikrin əsas məqsədi, nəyin doğru və nəyin yanlış olmasını onun nəticəsinə görə müəyyən etməkdir. Nəticə yönümlü əxlaq da öz növbəsində 3 hissəyə bölünür: 1) Faydaçılıq, 2) Neqativ Faydaçılıq, 3) Qaydalı Faydaçılıq
Nəticə yönümlü doğrular
İlk olaraq Faydaçılıq anlayışı ilə başlayaq. Faydaçılıq anlayışında hansısa situasiyada bir əməlin gətirəcəyi xoşbəxtlik və bədbəxtliklər zehində ölçülür və əgər xoşbəxtlik bədbəxtlikdən daha çox olursa, həmin əməl doğru sayılır. Yəni faydaçılar eyni əmələ müxtəlif situasiyalarda müxtəlif cür baxa bilərlər. Elə yer var orda doğru danışmaq düzgündür, elə yer var orda yalan danışmaq düzgündür. Doğru danışmaq hissəsinə etiraz etmək mümkün deyil. Amma elə yer var yalan danışmaq olar məsələsi müzakirəyə həmişə açıq olur. Faydaçı prinsipdə əsas odur ki, hər iki hal nəticə etibarı ilə yaxşı bir şeyə səbəb olsun. Əməlin nəticəsində əldə olunan xoşbəxtlik bədbəxtliyi üstələsin. Əməlin özünün necəliyi əhəmiyyət daşımır. Necə ki, filmdə Çingiz xan ömürboyu müharibə aparmağın nəticəsində gələcəkdə əldə olunacaq xoşbəxtliyin daha çox olacağına inanırdı. Bu fikrini müzakirəyə açıq olan yönünü daha aydın təsəvvür etmək üçün tarixdə faydaçılıqla əlaqələndirilə biləcək fərqli örnəklər də gətirmək olar. Məsələn Osmanlı dövləti Teymurilərə məğlub olduqdan sonra, 11 il özünə gələ bilmədi. Şahzadələr arasında hakimiyyətə gəlmək üçün qanlı savaşlar oldu. Minlərlə insan həlak oldu. İnsanlar bu vəziyyətdən xeyli əziyyət çəkdi. Daha sonralar hakimiyyətə gələn Sultan Mehmet bəlkə də bu hadisəni əsas götürərək Fateh Qanunnaməsi yaratdı. Bu qanuna əsasən hakimiyyətə gələcək olan şahzadə digər şahzadələri “Nizamı aləm” üçün edam etdirə bilərdi. Ortada elə bir situasiya olmasa da, sadəcə gələcəkdə vətəndaş müharibəsinin çıxa bilmə ehtimalı belə bu qərar üçün kifayət hesab edilirdi. Dünyada nizamı təmin etməklə məşğul olan bir dövlətin bu kimi məsələlərlə zəif düşülməsi və nizamın pozularaq milyonlarla vətəndaşın əziyyət çəkməsi qəbul edilmirdi. Bu da nəticəyə yönəlmiş belə bir qərar verilməsinə səbəb olmuşdu. Başqa tarixi örnək Xirosima və Naqasakiyə atılan atom bombalarıdır. O vaxt bunun edilməsi belə əsaslandırılmışdı ki, bu edilməsəydi, daha böyük sayda insan həyatını itirəcəkdi və müharibə daha çox uzana bilərdi. Təbii ki bu kimi əsaslandırma heç vaxt hər kəs tərəfindən birmənalı qəbul oluna bilməzdi.
Bu tarixi örnəklər tam olaraq mükəmməl örnəklər olmaya da bilər. Amma prinsipi anlamaq üçün real tarixi faktlarla bənzətmə yaratmağa çalışdım.
Faydaçılıq nəzəriyyəsinin əsas tənqid olunası yönlərinə təkrar qısaca göz gəzdirək. Əvvəla bu qayda hər bir situasiyada xoşbəxtlik – bədbəxtlik balansını ölçməyi və ona görə qərar verməyi məsləhət görür. Bu da çox subyektiv görünür. Universal qaydaların yaranmasına əngəl təşkil edir. Hər kəs özünə görə səbəblər tapıb, öz əməlinə hansısa yüksək ideyalar yükləyib haqq qazandırmağa çalışa bilər. Üstəlik hər kəsin mühakimə qabiliyyəti eyni deyil. Xoşbəxtlik duyğuları da eyni deyil. Bu problemi həll etmək üçün filosof Con Stüart Mil belə bir fikir irəli sürdü ki, Sokratla hər hansı cahilin xoşbəxtlik anlayışları eyni çərçivədə deyil. İntellektual həzlər hər zaman daha yüksəkdir. Sokratın mühakiməsi yüksək olduğundan, buradan onun kimilərin verəcəyi və ya razı qalacağı qərarlar daha doğrudur nəticəsinə də gələ bilərik. Bununla da hər hansı cahilin xoşbəxtlik naminə etdiyi mühakimələr və əməllər dəyərdən düşərək risk amili azalır. Sokrat haqqında Müdrikliyin şifrəsi – Sokratik metod adlı yazıya da nəzər sala bilərsiniz.
Digər tərəfdən bu da çox subyektiv dəyərləndirmə kimi görülür. Üstəlik biz ən ali səviyyəli, kamil insan olsaq belə, gələcəklə bağlı sonsuz ehtimalları dəyərləndirə bilmərik. Xoşbəxtlik üçün atdığımız addımların hər zaman uğurlu olacağına zəmanət verə bilmərik. Hətta hesaba qata bilmədiyimiz sonsuz xırda detallar nəticədə xoşbəxtlik yox bədbəxtlik gətirə bilər. Bu da bir az qumara bənzəyir.
Nəticə yönümlü əxlaq anlayışının digər qolu Neqativ Faydaçılıqdır. Burada xoşbəxtlik əsas alınmır. İztirabın azlığı əsas götürülür. Məsələn bir neqativ faydaçı minlərlə adama xeyirxahlıq edib maddi köməklik göstərmək və ya bir nəfər çətin xəstəliyə düçar olmuş şəxsə kömək arasında qalsa, xəstəyə kömək edər. Faydaçılar daha çox xoşbəxtlik yaratmaq üçün bəlkə də minlərlə insana maddi yardım göstərməyi öncəlik hesab edə bilərdi. Neqativ Faydaçılar isə ən azından onlar iztirab çəkmirlər əvvəlcə bu iztirabı çəkən bir nəfərin iztirabını bitirməyin vacib olduğunu düşünərdi.
Təbii ki, neqativ faydaçıların iztirabı bitirməklə bağlı fikirlərinə də tənqidlər var. Əgər canlı aləm ortada olmasa iztirab da olmayacaq. Bu halda neqativ faydaçılar bütün canlı aləmin ortadan qalxmasını istəyərdilərmi?
Qaydalı Faydaçılıq anlayışında toplumun çoxunun razı olduğu və xoşbəxt olduğu anlayışlar doğru olaraq qəbul edilir. Xüsusi situasiyalar üçün xüsusi qaydalar olmur. Bununla da bəlkə də Kant Fəlsəfəsinin universallıq anlayışına az da olsa yaxınlaşırlar amma yenə də Kant qədər universallığın qaydasını yarada bilmirlər.
Fəzilətlilik
Fəlsəfədə əxlaqın digər qeyd etdiyimiz Fəzilətlilik prinsipi daha çox Aristotelin adı ilə bağlıdır. Bu prinsipə görə insanların doğruları və yanlışları bilməsi birinci dərəcəli problem deyil. Əsas olaraq fəzilətli şəxsiyyət yetişdirməkdir. Fəzilətli şəxs özü nəyin doğru və nəyin yanlış olduğunu müəyyən edəcək, hansı situasiyada necə davranmalı olduğunu müdrik şəxs olaraq biləcəkdir. Fəzilət deyəndə comərdlik, xeyirxahlıq, ədalət, sədaqət, mərhəmət, cəsarət və s. kimi fəzilətlər nəzərdə tutulur. Bütün fəzilətləri qazanan bir şəxsin səhv etməyəcəyi düşünülür. Yəni xüsusi olaraq bu doğrudur, bu yanlışdır deyə davranışlar öyrədilməyə ehtiyac qalmır. Fəzilətlilik anlayışına ən böyük tənqidlərdən biri bu fəzilətləri seçəndə insanların yenə ümumi qərara gələ bilməyəcəyi gerçəyidir. Məsələn kimsə sadalanan fəzilətlərin arasına “yeyib-içməyi bacarmağı” da fəzilət kimi daxil edə bilər. Belədə bu anlayış da şəxsilikdən, subyektivlikdən qurtula bilmir. Həm də bir insanın qarşılaşa biləcəyi situasiyalar sonsuz ehtimaldadır. Bu ehtimallar hətta hansısa fəzilətin bu situasiyalardan təsirlənə biləcəyini də ortaya qoya bilər. Bu halda da biz həmin şəxs fəzilətlidir deyə, doğru etdiyini iddia edə bilmərik. Çünki, onun fəzilətinin nə qədərinin təsirə məruz qaldığını da hesaba qatmalıyıq.
Fəlsəfədə bütün bu fikirlər doğru və yanlış barəsində yekun bir nəticə əldə edə bilməsə də geniş baxış bucağı qazandırır.
Yazıya Çingiz Xan filmindən misalla başladıq. Çingiz Xana aid bir misalla da bitirək. Tarixdə Çingiz Xan həm də öz yasaları ilə məşhurdur. Bu yasalar ona həm də dünyada qanun yaradan hökmdar kimi hörmət gətirib. Onun bu yasaları isə mütləq doğru və mütləq yanlışlara əsaslanan Kantın əxlaq anlayışına daha yaxın idi.






