Yalan və doğru
- Eylül 11, 2021
- by
- Tural Qaraqaşlı
Kant hesab edirdi ki, nə olursa olsun yalan danışmaq olmaz.
Etik davranışı dəstəkləyənlər nəzakət qaydalarına görə müəyyən hallarda yalan danışmağın problem olmadığını hesab edirlər.
Vicdanı meyar olaraq götürənlərə görə isə müxtəlif situasiyalara görə yalan və ya doğru danışa bilərsən. Vicdanın həmin situasiyada səndən yalan danışmağı tələb edirsə, yalan danış. Əksinə, doğru danışmağı tələb edirsə, doğru danış. Kapitalist fikrin banilərindən olan Adam Smith də bu fikrin müdafiəçilərindən idi.
Bir başqa axıma isə alicənablılıq demək olar. Bu axımın təmsilçiləri də yalan danışmaqdan çəkinir amma bəzi vəziyyətlərdə diplomatik danışmağa üstünlük verirlər.
Bu dörd cərəyana aid təmsili bir situasiya yaratmaq olar. Məsələn qonaq getdiyiniz yerdə ev sahibi yaxşı yemək bişirə bilmir amma buna baxmayaraq əlindən gəldiyi qədər sizə süfrə hazırlayıb və yemək yeyərkən sizdən soruşur:
– Yemək necədir? Xoşunuza gəldimi?
Kantçılar:
“Çox pis. Xoşuma gəlmədi”
Etik davranışçılar:
– Çox gözəl. Çox bəyəndim.
Vicdana görə danışanlar:
– Yaxşı idi. Çox sağolun.
Alicənab davranış təmsilçiləri:
– Çox zəhmət çəkmisiniz. Çox sağolun. Qonaqpərvərliyiniz və bizi belə qarşılamağınız, bizim üçün hər şeydən üstündür.
Kantçılar belə cavab verməklə, həmin an qarşı tərəfin qəlbini qıracaqlarını bilirlər. Amma həqiqət hər şeydən üstündür. Heç bir yalan məsum deyil. Ən azından uzun müddətli perspektivdə yalnız həqiqəti danışdıqları üçün insanların etibarını qazanacaqlarını düşünürlər.

Etik davranışçılar isə bəzi hallarda yalan danışmadan cəmiyyətin içində yer tapa bilməyəcəklərini və get-gedə tənhalaşacaqlarını düşünürlər. Onlara görə bəzi yalanlar məsumdur. Zərərsizdir.
Öz vicdanına görə qərar verən isə həmin an qonaq getdiyi və çörək kəsdiyi yerdə ev sahibinin ona etdiyi hörmətin və əziyyətin əvəzində xoş söz deməsələr vicdanlarının sızlayacağını düşünmüş ola bilərlər. Vicdani baxımdan baxdıqda doğrular hər zaman daha yaxşıdır. Amma bəzi istisna hallarda onlar da bəzi yalanların vicdani cəhətdən daha məsum olduğu halı qəbul edirlər.
Alicənab davrananlar da misaldan göründüyü kimi yalan danışmağı qəbul etmirlər. Sadəcə hər şeyi olduğu kimi doğru danışmağın qarşı tərəfi alçaldacağı və ya incidəcəyi hallarda, yalan danışmasalar da, qarşı tərəfi incitməməyə də çalışırlar. Mövzunu başqa tərəfə çəkməklə və diplomatik cavablarla yalan danışmaqdan yayınırlar.
Bütün bunlara baxmayaraq, alicənablıq və vicdanlılıq anlayışı fərqli mədəniyyətlərdə fərqli cür anlaşıla bilər. Bəzi mədəniyyətlərdə qarşı tərəfi incitməyən bir cavab, başqa mədəniyyətdə incidə bilər. Bəzi mədəniyyətlərdə vicdani sayılan davranış, başqa mədəniyyətdə əhəmiyyətsiz bir davranış ola bilər. Ona görə vicdani davranış tərəfdarları və alicənab davranış tərəfdarları eyni situasiyaları müxtəlif mədəniyyətlər çərçivəsində müxtəlif şəkildə cavablaya bilərlər. Etik davranışçılar isə daha universal bir paket hazırlamaq dərdindədirlər. Bütün davranışları bir qəlibdə dəyərləndirirlər sanki. Bu bəzən süni və saxta görüntü yaratsa da..






