Makao
- Mayıs 01, 2023
- by
- Tural Qaraqaşlı
Hindistan 14 aprel 2023-cü il tarixindən etibarən, dünyanın ən çox əhalisinə sahib ölkəsi ünvanını aldı. Bu məsələ BMT-nin təxminlərinə əsasən müəyyənləşdirilib. Artıq uzun müddət əvvəldən aparılmış statistik hesablamalar Hindistan əhalisinin say baxımından zamanla Çin əhalisini üstələyəcəyini göstərirdi. Çin dövlətinin əhali sayını nəzarətdə saxlamaq üçün uzun müddət apardığı tək uşaq siyasətinin də buna təsiri danılmaz faktdır. Çin ərazi baxımından Hindistandan təxminən 3 dəfə böyük dövlətdir. Bu baxımdan Hindistanda əhali sıxlığının da Çindən bir neçə dəfə çox olduğu qənaətinə gəlirik. Ümumilikdə bu iki qonşu dövlətin birlikdə sahəsi dünya quru sahəsinin 9%-nə yaxın ərazini əhatə etsə də dünya əhalisinin hər 3 nəfərindən biri bu iki dövlətin əhatə etdiyi ərazilərdə yaşayır. Dünya xəritəsi barədə əlavə məlumat üçün Yanıldıcı Dünya xəritəsi yazısına nəzər yetirə bilərsiniz.
Hindistanda əhali sıxlığının Çindən dah çox olduğunu bildirmişdik. Lakin dünyada əhalinin ən sıx yerləşdiyi inzibati ərazi yenə də Çində yerləşir. Bu vilayət Makao adlanır. Çin daxilində iki xüsusi statusa sahib bölgədən biridir, digəri Hon Konqdur. Hon Konq adası 1842-ci ildə Çin tərəfindən Britaniya imperatorluğuna verilmiş, 1997-ci ildə isə Çinə geri qaytarılmışdır. Makao isə 1557-ci ildə Çin tərəfindən Portuqaliyaya kirayəyə verilmiş və 1887-ci ilə qədər bu kirayə ödənmişdir. 1887-ci ildə isə Makao Portuqaliya tərəfindən tam müstəmləkəyə çevrilmiş və bu vəziyyət 1999-cu ilə qədər davam etmişdir. 1999-cu ildə Çinə qaytarılan Makaonun quru ərazisi cəmi 32,9 kvadrat kilometrdir. Bölgənin rəsmi dilləri çincə və portuqalcadır. 680 min əhaliyə sahib olan bölgə əhalisinin 88%-dən çoxu çinli, geridə qalan hissəsi digər millətlərdir. Əhali payında portuqallar sadəcə 1,7%-lik yer tutur. Bundan əlavə bölgədə portuqal və çinlilərin qarışması ilə yaranan yeni bir xalq da mövcuddur. Bunlar özlərini ayıraraq Makaolu etnik qrupuna mənsub olduğunu deyirlər.
Azərbaycanda Makaodakı sıxlıq olsaydı..
Makao hazırda turistik bölgə sayılır. Bölgəni hər il 5 milyon insan ziyarət edir. Şəhərdə Çin və Portuqal memarlığının əsərləri bir-birinə qarışıb. 2020 ci il hesabatına görə Makao əhalisi dünyada dördüncü ən yuxarı gözlənən ömür müddətinə sahibdir. Həmçinin Dünyada ən yüksək adambaşına düşən gəlirə sahib olsa da, ümumilikdə gəlir bölgüsündə bərabərsizlik mövcuddur. Çinin digər ərazilərində qadağan olunmasına baxmayaraq Makao dünyanın ən böyük qumar turizminə də ev sahibliyi edir. Bu sahənin dəyəri Las Veqasdakından 7 dəfə böyükdür. Makao tamamilə şəhərləşmiş bölgə sayılır. Bölgənin əsas iqtisadi gəlir qaynağı toxuculuq, oyuncaq istehsalı, süni çiçək istehsalı, elektron vasitələr istehsalı təşkil edir.
Dünyada bəzi bölgələr öz daşıdıqları xüsusiyyətlərinin nadirliyi ilə məşhurdur. Həmin böglərdən biri də Makaodur. Dünyanın başqa xüsusi bölgələrindən biri ilə Dünyanın sıfır nöqtəsi yazısında tanış ola bilərsiniz. Makaonun əhali sıxlığı üzrə liderliyinin onu populyar edən ən önəmli parametrlərdən olduğunu qeyd etmişdik. Müqayisə üçün bildirək ki, Azərbaycan respublikası ərazisində Makaodakı əhali sıxlığı olsa idi, əhalinin sayı təxminən 1 milyard 790 milyon olmaqla dünya birincisi olardı.
Dünyada nə qədər insan yaşaya bilər?
Dünyada maksimum nə qədər əhali yaşaya bilər sualına bir çox cavablar mövcuddur. Əksər fikirlərə görə dünyanın daşıya biləcəyi və normal həyat şəraitini təmin edə biləcəyi əhali sayının maksimum limiti 10 milyarddır. Lakin bunu mütləq cavab olaraq qəbul etmək yanlışdır. Çünki, bu barədə bütün parametrləri nəzərə alaraq təxmin yürütməyin çətin olduğunu da vurğulamaq lazımdır. Məsələn dünyada bütün quru ərazilərin yaşamağa əlverişli olmadığı da aydındır. Eyni zamanda texnologiyanın inkişafı, maksimum fayda əldə etmək üçün üsulların mövcudluğu, insanlarla bağlı bir çox dəyərləndirmədə gözdən qaçan faktlar bu sayı dəyişdirə bilər. Mikroskopun ixtiraçısı olan Anton van Levenhuk 1679-cu ildə Yer kürəsinin maksimum 13,4 milyard əhalini dəstəkləyə biləcəyini qeyd etmişdi. O bu hesablamanı Hollandiyanın ərazilərinə müvafiq aparmışdı. Onun fikrinə görə Hollandiya Yer kürəsinin yaşana biləcək torpaqlarının 13400-də 1-ini əhatə edir. Həmin dövrdə Hollandiyanın əhalisi isə 1 milyon idi. Beləliklə o, 13400-ü 1 milyona vuraraq 13,4 milyard sayını əldə etmişdi.
Dünya əhalisinin sayının necə artacağı tam dəqiq hesablana bilmir. Bəzi fikirlərə görə 2100-cü ilə qədər dünya əhalisi 10 milyardı keçəcək. Lakin başqa fikirlərə görə dünya əhalisində artım tempi düşəcək. Çünki azalan doğum və yaşlanan əhali nisbətinə görə 2100-cü ildə İtaliya, Yaponiya, Tayland, İspaniya, Portuqaliya və Cənubi Koreya kimi ölkələrin sayı yarıbayarı azalacağı təxmin edilir. Bəzi təxminlərə görə Çinin belə əhali sayının 732 milyona düşəcək.
Müasir insan növünün dünya üzərindəki yaşı 300 min il hesab olunur. Lakin cəmi 10 min il əvvələ qədər Yer kürəsində maksimum 10 milyon əhali olduğu təxmin edilir. Lakin artım ədədi silsilə ilə yox, həndəsi silsilə üzrə baş verdiyindən sayda yüksəlişin zamanla daha da sürətlənməsi normaldır.
Ümumilikdə dünyanın əhali sayı ilə bağlı çox fərqli fikirlər olsa da, Makao kimi bölgələr bəzən insanın həyat sahəsi barədə öz limitlərini nə dərəcədə aşa biləcəyini də göstərən işarələrdir.
Mənbələr
-
Dünya’da En Fazla Kaç İnsan Yaşayabilir? – https://arkeofili.com/dunyada-en-fazla-kac-insan-yasayabilir/
-
Macau – https://en.wikipedia.org/wiki/Macau






