888 – Üçə bölünmüş gün
- Ekim 03, 2021
- by
- Tural Qaraqaşlı
888 – 8 saatlıq iş üçün mübarizə aparan insanların əsas simvollarından biri idi. Onlar günü 3 bərabər hissəyə bölürdülər: 8 saat iş, 8 saat istirahət, 8 saat öz istədiyini etmək.
1912-ci ilin 19 iyununda Amerika 8 saatlıq iş rejimini təsdiqlədi. Daha öncə 8 saatlıq iş rejiminə keçən bir neçə ölkə də olmuşdu. Amma bu mübarizədə Amerika daha çox məşhur idi.
5 günlük 8 saatlıq iş rejimi
Böyük şirkətlərdən ‘Ford Motor Company’ bu rejimə keçən ilk şirkətlərdən biri olmuşdu. Hətta şirkət eyni zamanda işçilərin də maaşını iki dəfə qaldırmışdı. Bu addım bəzi gözləntilərin əksinə ona itkiyə yox, böyük qazanca gətirib çıxardı və məhsuldarlıq yüksəldi. Şirkət daha sonra o dövrdə daha bir radikal addım atdı. İşçilərə həftədə 1 gün yox, 2 gün istirahət verdi və bunu işçilərinin özlərinə daha çox vaxt ayırmasına imkan yaratmaq üçün etdiyini bildirdi. Əslində Ford bu addımla işçinin maraqlarını qorumaqla həm də öz maraqlarını qoruyurdu. Şirkət olaraq bu məsələyə çox geniş bucaqdan baxmışdı. O insanlara sadəcə işçi kimi yox, istehlakçı kimi də baxırdı. Boş vaxtı olan insan həm də məhsul almağa və iqtisadiyyatı canlandırmağa səbəb olacaq. Bəlkə də həmin şəxs Ford-dan bir maşın alıb həftədə boş olan iki gününü harasa gəzintiyə çıxacaq. Heç bir yerə getməyib, bütün günü işləyən insan niyə maşın alsın ki?! Beləliklə Kapitalizm maraqları bu yolla da təmin olunacaq. Bu addımlar həftədə 5 günlük 8 saatlıq iş rejiminin yavaş-yavaş formalaşmasına da səbəb oldu.

Bəzən sadə ədədlərə də anlamlar yüklənir və insanlıq tarixində müəəyən bir mənanı ifadə edir. Bununla bağlı 12 ədədinin sirri yazısını da gözdən keçirə bilərsiniz.
4 günlük 6 saatlıq iş rejimi
Artıq son dövrlər bəzi inkişaf etmiş ölkələrin gündəmində 4 günlük 6 saatlıq iş rejimi var. Görünür dünya yavaş-yavaş bu prosesə də qoşulacaq. Bunun səbəbləri çoxdur. Həm insanın öz inkişafına ehtiyac daha da artır, həm də dünyada artıq işçi gücünə ehtiyac azalır. Dünya əhalisi isə sürətlə artır və bu işsizlik də gətirir. İlkin mərhələdə iş günlərini və saatları azaltmaq dünyanın atacağı addımlar arasında ola bilər. Bu yolla işsizlik problemi həll olunacaq. Uzaq gələcəkdə isə işçilərə də ehtiyac həddindən artıq aşağı enə bilər. Bu vaxt artıq insanlar üçün yeni model təmin olunacaq. Onların öz yaşayışlarını, istirahətlərini, sağlamlıqlarını, təhsilini tam yaxşı təmin edə biləcək səviyyədə maddi vəziyyətləri təmin olunacaq. İşləyə bilənlərin isə əlavə gəlirləri də olacaq. Əvəzində robotlaşdırma və avtomatlaşdırma sayəsində insanların ehtiyacını qarşılayacaq qədər məhsul istehsal edilə biləcək. Şirkətlər isə, artıq işləsə də, işləməsə də maddi vəziyyətləri təmin olunmuş insanları cəlb etmək üçün yarışacaqlar.






