Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Türkcədə insanın kiçiyi

Türkcədə insanın kiçiyi

Azərbaycan və qaqauz dillərində işlənən “uşaq” sözünə Türkiyə türkcəsində “çocuk”, türkməncədə “çağa”, qazax, qırğız, tatar, özbək və s. bir çox türk dillərində “bala” deyirlər.  Əslində “bala” və “çağa” sözləri də Azərbaycan türkcəsində işlənir. Sadəcə xırda məna fərqləri var.

Uşaq, Çocuk və Çağa

“Uşaq” sözünün etimologiyasına baxanda, sözün kökünün ‘uv” olduğu görülür. Türkiyə türkcəsində işlənən “ufak” sözü də buradandır. Ufalamaq və ya uvalamaq sözü xırdalamaq, kiçiltmək mənasındadır. Şəkilçi ilə birlikdə “uvşaq” olan bu sözün ilkin kök mənası elə bu günki Türkiyə türkcəsindəki “ufaq” sözünün qarşılığıdır və məna olaraq “kiçik”, “kiçik nəsnə” deməkdir. Türkiyə türkcəsində də bəzən uşağa “ufaklık” deyirlər.
“Çocuk” sözünün ilkin mənasına isə “Divani Lügətit Türk” əsərində rastlanır və “donuz balası” deməkdir. Ola bilsin bu ad əzizləmə mənasında uşağa deyilib. Uşağa əzizləmə mənasında heyvan balasının adını deməklə həm də göz qaytarmaq istəyi ola bilər. Bundan başqa güman ki, insanın hələ tam şəxsiyyət kimi formalaşmadığı dövrünə “Çocuk” deyilməsi də onun hələ tam özünü dərkə yetişməməsi səbəbindəndir.
“Çocuk” sözü ilə bağlı əlavə versiyalar iddia olunsa da, əsas bilinən versiya qeyd etdiyim kimidir. Azərbaycan dilinin bəzi bölgə dialektlərində də “çoçka” və “çoşka” kimi sözlərin işləndiyi bilinir.
“Çağa” sözü ilə bağlı dəqiq versiyaya rast gəlməsəm də, “Çoçuk” sözünün fərqli versiyası olduğunu güman etmək olar. Bundan başqa monqolca “çağ” sözü zaman mənasındadır. Ola bilsin “çağa” sözü buradan da yarana bilər. Yəni “yeni doğulmuş” və “yeni zaman” anlayışları arasında bənzətmə mümkündür. Bunlar sadəcə şəxsi təxminlərimdir.
Sözlərin etimologiyasındakı bənzərlik barədə həmçinin Törə və Tora yazısını oxuya bilərsiniz.

Bala və Yavru

“Bala” sözü ilə bağlı dəqiq versiya olmasa da, bu sözün də qədimdən bəri türkcədə olduğu, hətta Divani Lüğətit Türk əsərində də qeyd edildiyi görülür. Qədim türkcədə əsasən quşların və bəzən digər heyvanların balalarına “bala” deyilib. Bir versiyaya görə, hər nə qədər bu söz qədimdən bəri türkcədə olsa da, Sanskritcədən alınmadır.
“Yavru” sözü qədim türkcədir. İlkin mənasının “zəifləmək”, “gücdən düşmək”, “pisləşmək” olduğuna inanılır. Bundan başqa “pis”, “yaramaz”, “sərt” kimi mənalarla da sözün mənası genişlənib. “Yavuz” sözü də elə eyni kökdəndir.

Kişi, Oğul və Qardaş

Qədimdə türklər arasında övlad mənasında “oğul” sözü işlənib. Orxon yazılarından “oğul” sözünün həm kişi cinsinə, həm qadın cinsinə aid olduğu görülür. Bu söz əsasən kişi cinsinə aid edilsə də, qadın cinsi üçün də işlədilirdi. Sadəcə zamanla məna dəyişikliyi artaraq sadəcə kişi cinsinə aid edildi. Bu mənada, bu günki “övlad” sözü “oğul” sözünün qarşılığıdır. Qədimdən bəri “oğlu” sonluğu ilə bitən nəsil və tayfa adları olsa da, “qızı” sonluqlu nəsil və tayfa adları olmayıb.  Bunun səbəblərindən biri soyun kişidən hesablandığı üçün idisə, digər səbəb “oğul” sözünün “övlad” mənasına gəldiyi üçün idi. Əslində bu gün də, dilimizdə olan “insanoğlu” sözü “insan övladı” ilə sinonim sayılır deyə bilərik.
Bu arada elə dilimizdə olan “kişi” sözü də ilkin mənada “insan”, “şəxs” və ya “kimsə” deməkdir. Yəni həm kişi cinsinə, həm qadın cinsinə aid edilən söz olub. Zamanla sadəcə kişi cinsinə uyğunlaşdırılıb. Əslində “kişi kimi söz ver” deyəndə biz, “şəxsiyyət kimi söz ver” deyirik. Bununla sözün üstündə durmağın qadın və ya kişilik bir məsələ yox, şəxsiyyət məsələsi olduğunu bildiririk.
İlkin mənalardan fərqlənən sözlərə əlavə misal kimi Həftənin günləri yazısına da nəzər sala bilərsiniz.
Dilimizdə məna dəyişikliyinə uğramış digər söz isə “qardaş” sözüdür. Bu sözün ilkin forması “qarındaş”-dır. Yəni məna olaraq “eyni bətni paylaşanlar” deməkdir. Elə mənasına baxanda aydın olur ki, qədimdə bu söz həm kişi, həm qadın cinsinə aid olub. Bu gün də Türkiyə türkcəsində “erkek kardeş” və “kız kardeş” deməklə ilkin məna qorunur.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×