Köhnə və yeni imperiyalar
- Mart 09, 2022
- by
- Tural Qaraqaşlı
Monqol imperiyası dünyada ən böyük bitişik quru sərhədlərə malik imperiya olub. Böyük Britaniya isə, bitişik ərazilərlə hesablamasaq, ərazi baxımından dünyada gəlib-keçmiş ən böyük imperiya olub. Bu səbəbdən “üzərində Günəş batmayan imperiya” ünvanını alan tək imperiya idi.
Bütün bunlara baxmayaraq, ingilislər müasir milli dövlətlər erasına keçiddə kiçilməyə getdi. O qədər kiçildi ki, ada dövləti səviyyəsinə qədər gəldi. İndiki halda ərazisi təxmini olaraq Azərbaycan Respublikasından cəmi 3 dəfə böyükdür. Buna baxmayaraq gücü yenə olduğu kimidir. Britaniya hətta imperiya olduğu vaxtlarda da, digər imperiyalardan çox fərqlənirdi. Müstəmləkə siyasəti bütün digər imperiyalardan fərqli tərzdə qurulmuşdu. İmperiya əraziləri krallığa tabe olsa da, imperiya siyasətini krallıq yox, şirkətlər aparırdı. Şirkətlər isə həmin ərazilərdə iş qurub pul qazanırdı və krallığa bəlkə çox cüzi vergi ödəyirdilər. Onlar hər ərazidə ticarət və bizneslə elə sərbəst mühit yaradırdilar ki, bölgənin uzun müddətli perspektivdə müstəmləkə aurası təmiz itib-batır və bölgə inkişafa gedirdi. Bununla Böyük Britaniya daha da böyüyürdü.
Müstəmləkə siyasətinə ingilislərdən daha tez başlayan İspaniya isə tamamilə fərqli imperiya siyasəti aparırdı. Onlar yeni bölgələrdə ticarət və biznes mühiti qurmayaraq, sadəcə soyğunçuluqla məşğul oldular. Bölgə əhalisinin liderlərini tutub təhdid edirdilər ki, tezliklə bir otağı dolduracaq qədər qızıl və zinət əşyaları gətirin. Daha sonra işgəncə ilə liderləri də öldürüb əhalini əsir edirdilər. Beləliklə müstəmləkə etdiyi əhalini əsir alaraq, mədənlərdə kölə kimi işlədib, sadəcə qızıl gümüş yığıb İspaniyaya göndərirdilər. Məşhur ispan konkistador belə deyirdi: “Mən və dostlarım sadəcə qızılla müalicə edilə bilən ürək xəstəliyindən əziyyət çəkirik”. İspan krallığı da bu müvəqqəti gəlirlə varlandığını düşünürdü. Bir müddətdən sonra həmin torpaqlar artıq heç bir iş mühiti olmayan və gəlir gətirməyən ərazilərə çevrildi. Bu cür şəraiti uzun müddət saxlamaq mümkün deyildi. Nəhayət ispan imperiyası hərisliyi nəticəsində özündən sonra bölgədə öz dillərindən və katoliklikdən başqa miras buraxmadılar. Britaniya isə sənaye inqilabına səbəb oldu. Böyük Britaniyanın özü ilə bərabər müstəmləkələri də dünyanın inkişaf etmiş ölkələri arasında yer aldı: ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və s.
İspan imperiyasının hökm sürdüyü ərazilərdə isə narko mafyalar, kriminal bölgələr yarandı. Ya da Venesuela kimi dünyanın ən zəngin təbii sərvətlərinə sahib olub, dünyanın ən kasıb ölkələrindən biri olan ölkə çıxdı.
Böyük Britaniyadan ayrılmalar da əsasən Britaniyanın özünün könüllülüyü ilə baş vermişdir. Britaniyanın dərin düşüncə sistemi müasir milli dövlətlər erasında böyük ərazilərə sahib olmağı gərəksiz görürdü. Bu qədər ərazilərdə ingilis millətinin özünü gerçəkləşdirmək imkanı çətin idi. İngilis milləti güclü qalmaq adına böyük əraziləri ingilislərin xoş görüsünün nümunəsi olaraq milli dövlətlərə ayrılmalı idi.
Müasir imperiya
Milli dövlətlər daxilində də fərqli etnik və dini qruplar ola bilər. Sadəcə Milli dövlətin formalaşdığı çoxluq olduğu üçün milli dövlət özünü gerçəkləşdirə bilir. Hər bir etnik qrup isə bu reallığın fərqində olaraq bərabər vətəndaşlıq haqlarına sahib olmaqla dövlətin güc qazanmasında maraqlı olur. Çünki vətəndaşın güc qazanması üçün milli dövlətin güclənməsi gərəkdir. Məsələn Almaniyadakı türklər üçün Almaniyanın güclü olması sərf edir. Çünki bu şəraitdə onlar daha yaxşı imkanlar əldə edəcək. Belə olmasaydı, gedib hər hansı üçüncü dünya ölkəsində də yaşaya bilərdilər.
Beləliklə Böyük Britaniya öz Misaki millisini bəyan etmiş olaraq kiçildi, amma Böyük Britaniyanın əzəmətini elə bu kiçilmə qorudu. Böyük Britaniya gördü ki, elə şirkətlər bu işi görürsə, ərazi əldə saxlamağın mənası da yoxdur. Əslində yenə də imperiyadır. Amma müasir imperiya. Müasir imperiyada ölkələr işğal edilmir. Milli dövlətlərə sayğı duyulur və biznes əlaqələri ilə qazan-qazan taktikası ilə həm şirkətlər, həm şirkətlərin sahibi olan ölkələr, həm də həmin şirkətlərin fəaliyyətdə olduğu ölkələr qazanır. İmperiya alayışını istifadə etdiyim 21-ci əsrin imperiyası və qurucusu adlı yazıya da nəzər sala bilərsiniz.
Dünyada ilk standartlaşdırma təşkilatını da Böyük Britaniya qurub. Britaniya öz yüksək standartları ilə hər kəsin əməkdaşlıq etmək istədiyi ölkədir. O kimsəni özünə məcbur edib, zorakı siyasət aparmır. Elə şərait yaradır ki, digərləri onunla əməkdaşlıqda maraqlı olsun.
Bu gün hələ də rus imperiyası bunu anlaya bilməyib. Qədim ispan taktikasını işlədərək, ancaq qonşu torpaqların sərvətini özününkü hesab etmək və üstəlik bunu zorakı üsullarla etməklə qazanacağı nailiyyətin əbədi olduğunu düşünür. Milli dövlətlərin sərhədlərinə hörmət göstərmir, öz milli sərhədlərini aşmaqda isə problem görmür. Bununla rus millətinin də inkişafına əngəl yaradır və uzun dövlətçilik tarixi olan rusları həqiqi milli rus dövlətindən məhrum edir.
Qədimdə torpaq genişlədən imperiyalar olmalı idi. Artıq o dövr bitib. İndi milli dövlətlər, bərabərhüquqlu ittifaqlar və ikili müttəfiqlik əlaqələri önəm qazanıb. Böyük Britaniyada hələ 1215-ci ildə Maqna Karta imzalanmışdı ki, bu müasir dünyaya açılan ilk qapı idi. Bu mənada bu dövlətin qədimdən bu yana hüquqa və siyasətə dair təcrübəsi çox böyükdür.






