Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Almanlar necə fransız oldu?

Almanlar necə fransız oldu?

Dünyanın müxtəlif dillərində alman xalqının müxtəlif adları var. Bunun səbəblərindən biri çox sayda alman qəbilələrinin əsrlər boyu bir dövlət halında birləşə bilməməsi olmuşdur. Əslində german qəbilələri desək daha doğrudur. Üstəlik german qəbilələri sadəcə bu günki almanların deyil, həmçinin digər german xalqlarının əcdadlarından sayılır. Dil baxımından götürsək, alman dili hazırda dünyada ikinci ən böyük german dili sayılır. Ən böyüyü isə təbii ki, ingilis dilidir. Bundan başqa müasir Norveç, İsveç, Dan, İsland, Niderland, Farer kimi dillər də german dil qrupuna aiddir. German dil qrupu özü isə bütövlükdə Hind-Avropa dil ailəsinə aiddir. German dilləri 3 qrupa bölünür: Şərqi, Qərbi və Şimal. Şərqi german qrupu dillər artıq yoxa çıxıb. Qərbi german dil qrupu ingilis və alman dillərinin də daxil olduğu ən böyük german dil qrupudur. Şimal german qrupu dillərinə isə Skandinaviyanın german xalqlarının dilləri aiddir. Şəkildə yalnız Qərbi german dil qrupuna aid dillərin tarixi sxematik təsviridir.

Tarixdə bir çox german qəbiləsinin olduğunu qeyd etmişdik. Anqluslar, saksonlar, nemeslər, bavarlar, burqundlar, viziqotlar, vandallar, alemanlar, franklar german qəbilələrindən sadəcə bəziləridir. Yəqin ki, arada bir çox tanış ada da rast gəldiniz. Məsələn anqluslar İngilis xalqının etnik kökündə iştirak etmiş tayfalardan biri olub. Bundan başqa Vandal adı dünyada yaxşı mənada olmayan “Vandalizm” termininin formalaşmasına səbəb olub. Bu terminin yaranmasına səbəb Vandalların Qədim Romanı 14 gün boyunca qarət etməsi olmuşdur. Bu səbəbdən abidələr və ya hər hansı sənət əsərlərinin dağıdılması dünyada Vandalizm aktı kimi tanınır.

Franklar

German qəbilələri Roma imperiyasının dağıdılmasında böyük rol oynadılar amma sonralar Qədim Romanın mirasına sahib çıxaraq Avropanın əsas kimliyini təmsil etdilər. Qədim Roma tarixi il bağlı Troyanın əks-sədası yazısını da oxuya bilərsiniz. Roma imperiyasının süqutundan sonra german qəbilələrindən olan Franklar Frank imperiyasını qurdular. Bu imperiya o qədər gücləndi ki, bütün Avropaya hakim güc oldu. Hətta qədim Abbasilər Xilafəti ilə əlaqələr quran  Frank imperiyasının adı ərəblər vasitəsilə bütün İslam dünyasında az qala bütün Avropanı ifadə edəcək ada çevrildi. Yaxın 19-20 ci əsrlərə qədər bir çox müsəlman bütün Avropalılara firəng deyirdi.

Maraqlıdır ki, sonradan Frank adı german xalqlarının birinin üzərində deyil, roman (latın) xalqlarından biri olan fransızların üzərində qaldı. Almaniyada isə Frankoniya bölgəsi və Frankfurt şəhəri frank adının mirasına sahib çıxır. Frank imperiyasının ərazisi çox böyük olduğundan onun ərazisindən bir çox dövlət çıxmışdı. Bu dövlətlərdən biri bu günki Fransa idi. Frankların bir qismi zamanla öz german dil qrupundan uzaqlaşaraq roman dil qrupuna keçmiş, həmçinin yerli roman və kelt xalqları ilə qarışaraq  bu günki german olmayan fransızların formalaşmasına səbəb olmuşdu. Əlbəttə tarixdə belə hallar olur. Məsələn qədim türk xalqı olan bulqarların bir qismi də zamanla slavyanlaşmış amma adları artıq slavyan olan bolqar xalqının üzərində yenə də yaşayır. Etimologiya mövzusunda bənzər sözlərə dair Törə və Tora yazısını da nəzərdən keçirə bilərsiniz.

Alemanlar

Alman adının mənşəyi isə aydındır ki, qədim german qəbilələrindən biri olan alemanlardan gəlir. Alemanlar qədim döyüşkən bir qəbilə olublar. Əslində bir qəbilədən çox bir neçə german qəbiləsinin birləşməsindən formalaşmış bir topluluq olublar. Hətta bu sözün təxminən “bütün adamlar” şəklində bir mənaya sahib olduğu ehtimal edilir. Hazırda dünyada əksər xalqlar tərəfindən Germaniya və ya Almaniya adlanan bir ölkənin məhz bu adlarla dünyada tanınmasının bəlkə də bir səbəbi var. German adı dünyada bütün german xalqlarına aiddir. Ən çox german isə bizim Almaniya adlandırdığımız ölkədə yaşayır. Bu səbəbdən Germaniya adının məhz Almaniya üçün işlənməsi də burada məna qazanır. Həmçinin Aleman qəbiləsinin də əslində bir neçə qəbilənin ittifaqı olması və “bütün adamlar” mənasını verməsi səbəbindən Almaniya adı da təəccüblü deyil. Nəticədə ən çox germanın toplandığı ölkə Almaniyadır.

Alman dili Almaniya, Avstriya, Lixtenşteyndə rəsmi dil, İsveçrə, Lüksemburq, Belçika və Namibiyada rəsmi dillərdən biridir. Bundan başqa İtaliya ərazisi olan Cənubi Tirol əyalətində də alman dili rəsmidir.

Amerikalı almanlar

Hazırda dünyada 140 milyon civarında alman yaşadığı ehtimal edilir. Alman dili ikinci ən böyük german dili olsa da, əhali olaraq ən böyük german xalqıdır. Digər maraqlı məqam dünyada Almaniyadan sonra ən çox almanın yaşadığı ölkə Amerika Birləşmiş Ştatlarıdır. Almaniyada 75 milyon, Amerikada 50 milyona yaxın alman yaşayır. Təbii ki, Amerika miqrantlar ölkəsi olduğu üçün etnik qruplar arasında fərq itir və ümumi Amerikalı kimliyi formalaşır. Amma əcdadlarına görə etnik qrupları ayırmalı olsaq, çox maraqlıdır ki, 330 milyondan çox əhaliyə sahib Amerikada almanlar 50 milyonluq bir sayla ən böyük etnik qrupdur. Amerikada digər xalqlar da böyük saya malik olduğundan heç bir xalq təkbaşına böyük çoxluq deyil. Sadəcə nisbi saya görə almanlar ən böyük etnik qrupdur. Almanlardan sonrakı yerlərdə saya görə  afrikalı amerikalılar, irlandlar, meksikalılar gəlir. Yalnız bundan sonra 5-ci yerdə etnik ingilislərdir. Amerikada İngilislər təxminən 27 milyondur. Bu ilk 5-likdən sonra da, sayları milyonlarla olan xeyli digər böyük etnik qruplarla birlikdə Amerika əhalisi formalaşır. Təbii ki, miqrantlar ölkəsi olan Amerikada dəqiq şəkildə etnik qrupların sayını demək mümkün deyil. Amma ümumi təsəvvür yaratmaq üçün yetərli dəqiqlik olduğunu düşünürəm. Amerikada almanlar çox olsa da, əsas danışıq dili ingilis dilidir. Mənşəcə bir-birindən çox fərqli olan Amerika əhalisinin əksəri arasında İngilis dili ortaq ünsiyyət vasitəsinə çevrilməkdən əlavə artıq bir çox amerikalı üçün həm də ana dili sayılır. Bu kimi məsələlər sayəsində ingilis dili ən böyük german dili olma özəlliyinə sahibdir.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×