12 ədədinin sirri
- Eylül 29, 2021
- by
- Tural Qaraqaşlı
Dünyanın ən çox istifadə olunan ədədlərindən biri yəqin ki, 12-dir. 12 ədədi özünə və 1-ə bölünməkdən əlavə 2, 3, 4, 6 – ya da bölünür. Qədimdə insanlara bu özəlliklər faydalı olduğu üçün, onu bir çox ölçü standartlarında istifadə etmək sərfəli olub. Bugün də 12 və 12-nin misli olan ədədlər müxtəlif ölçü vahidləri üçün istifadə olunur.
– 1 il 12 aydan ibarətdir.
– 1 sutka 24 saatdan ibarətdir. Onun 12 saatı gündüzü, 12 saatı gecəni bildirir. Analoq saatlar 12-yə qədər işarələnir. Bu barədə Dünyanın sıfır nöqtəsi yazısını da oxuya bilərsiniz.
– 1 saat 60 dəqiqədən, 1 dəqiqə 60 saniyədən ibarətdir. 12-nin 5 mislidir.
– Həndəsədə tam bucaq 360 dərəcədir, 12-nin 30 mislidir. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir, 12-nin 15 mislidir.
– 7 əsas fiziki vahiddən biri olan maddə miqdarı “mol”-u ifadə etmək üçün Karbon-12 izotopu seçilib.
– Kompüter klaviaturasında 12 funksional düymə var (F1 – F12)
Dinlərdə və mifologiyada da 12 rəqəmi önəmli olub.
– Yaqub peyğəmbərin 12 oğlu olub və bu 12 oğulun nəsilləri İsrailoğullarının 12 boyunu yaradıb.
– Məhəmməd peyğəmbərin də əcdadı olan İsmayıl peyğəmbərin 12 oğlu olub.
– İsa peyğəmbərin 12 həvvarisi olub.
– Şiəliyin böyük bir qrupunda 12 imam inancı var.
– Buddizmdə Karmanın 12 qanunu var.
– Yunan mifologiyasında dünyanı idarə edən 12 Olimp tanrısı var. Baş tanrı Zevsdir. Roma mifologiyasında Zevsi Yupiter əvəz edir. Yupiterin Günəş ətrafında tam dövrü təxminən 12 ilə bərabərdir.
– Türk mifologiyasında Oğuz xan nəsli üçoxlar və bozoxlar deyə iki qrupa bölünür. Hər qrupda 12 boy var.

Türk dövlətçiliyində də 12 ədədi geniş istifadə olunub. Səfəvi dövlətində qızılbaş əsgərləri 12 dilimli baş geyimi geyinirdilər. Osmanlı dövlətinin gerbində 12 ulduz var idi. Müasir türk dövlətlərindən Özbəkistanın bayrağında 12 ulduz var.
Avropa Birliyinin bayrağı kimi istifadə olunan bayraqda da 12 ulduz var.

12 bu qədər məşhur ikən 13 ədədi bəziləri tərəfindən nəhs qəbul edilir. Bu güvənilən bir fikir deyil. Niyə bu ədəd nəhsdir deyə axtarsaq, yüzlərlə hekayə çıxar. Amma məncə bunun kökü dini əsaslı deyil. Yuxarıda demişdim. 12-nin bölünəni çoxdur. Bu ədədi rahat istifadə etmək olur. 13 isə sadəcə özünə və 1-ə bölünür. Qədimdə insanlar 12-dən sonra gələn bu ədədi çox istifadə edə bilmədiklərindən bəlkə bu ədəd zamanla nəhs ədəd kimi əfsanələşib. 13-ün bəzi insanlar tərəfindən nəhs qəbul edilməsinin bir səbəbi də bəlkə də onun 12 ilə yanaşı olmasıdır. 12-nin yanında 13 görünməz olub.

Amma 13 ədədini istifadə edib dünya tarixində sözünü demiş ölkə də var. Amerikanın bayrağında ilk dəfə ulduzların sayı 13 olub. Bu dövləti quran ilk 13 ştatla bağlıdır. Zamanla bu say 50-yə çatıb. Amerika bayrağındakı zolaqların sayı isə indi də 13 olaraq qalıb.






