Evrənavt, Kosmonavt yoxsa Astronavt
- Eylül 19, 2021
- by
- Tural Qaraqaşlı
Türkiyənin bu il açıqladığı milli kosmik proqramının maddələrindən biri də 2023-cü ilin sonuna kimi kosmosa astronavt göndərməkdir. Amma indidən astronavt sözünü milli bir sözlə əvəzləmək istəyirlər. Bu söz əslində tam beynəlxalq bir termin deyil. Müxtəlif ölkələrdə müxtəlif sözlərlə deyilir (Amerikada astronavt, Rusiyada kosmonavt, Çində taykonavt və s.).
Türkiyəli YouTuber Barış Özcan təklif edir ki, türkcədə bu sözün qarşılığı Evrən sözünə əsasən Evrənavt (Türkiyə türkcəsində səslənişi evrenot) olsun.
Evrən sözü tərcümədə Kainat deməkdir. Qədim türk sözüdür və bir çox mənaları olub. Bu sözə rast gəlinən ilk qaynaq ‘Divani Lüğətit Türk’ əsəri olub. Orada ‘Evrən’ sözü ‘Göy qübbəsi’ mənasında işlənib. Kök olaraq evirmək (döndürmək) sözündən yaranıb. Uzun müddət ölü sözlər arasında olmasına baxmayaraq Türkiyə Dövləti Cümhuriyyətin ilk illərindən başladığı Türkcəni təmizləmək hərəkatında bu sözü də diriltmişdir. Sözün başqa özəlliyi də Qərb dillərində yaxın mənanı verən ‘universe’ sözü ilə bənzər olmasıdır.

Azərbaycanda bu söz hələ də ərəb mənşəli Kainat sözü ilə ifadə olunur. Dilimizdə istifadə olunan Kosmos sözü isə Türkiyədə yenə başqa bir türk mənşəli Uzay sözü ilə əvəzlənib. Uzay sözü də mənaca uzaq sözü ilə eyni kökdəndir. Göründüyü kimi hər iki söz çox mənalı və türkcədə yerinə oturan sözlərdir.
Ümumiyyətlə bir çox alınma sözü əvəzləmək üçün yenidən yaratmağa ehtiyac yoxdur. Qədim türkcədə itmiş sözləri tapıb əvəzləmək olar. Əgər elə bir söz tapılmasa onda türk dillərinə aid qanunlarla yeni söz yaratmaq olar.






