Qızılın adı – Xoş gəldin Əcnəbi
- Ekim 20, 2021
- by
- Tural Qaraqaşlı
Qızıl bəşəriyyətə məlum olduqdan sonra zinət əşyaları kimi istifadə olunmağa başlamışdı. Daha sonra ticarətdə pul kimi istifadə olunmağa başladı və bu ticarətin inkişafına böyük təkan oldu. Eyni zamanda qızıl bəşəriyyət üçün fəlakətlərə və ölümlərə də səbəb oldu. Buna ən böyük misal kimi Avropalıların Amerikanı müstəmləkələşdirdiyi dövrü deyə bilərik. Avropalı müstəmləkəçilərin qızıl hərisliyi Amerikada böyük qətliamları və yox olmaları özü ilə birgə gətidi. Amerika qitəsində qəddarlığı ilə məşhur olan ispan konkistador Ernan Kortesə aid edilən məşhur ifadə bu şəkildə idi: “Mən və dostlarım sadəcə qızılla müalicə edilə bilən ürək xəstəliyindən əziyyət çəkirik”.
Beləliklə qızıl Bəşəriyyətin ilk tanıdığı kimyəvi elementlərdən biri idi. Hər nə qədər nadir tapılan metal olsa da bir çox dillərdə “Qızıl” sözünün qarşılığı var.
Dünyada Qızıl
Qızılın Mendeleyev dövri cədvəlində elmi və beynəlxalq adı Aurum, sırası isə 79-dur. Təbiətdə saf halda mövcuddur. Asanlıqla kimyəvi reaksiyalara girmədiyinə görə havanın və suyun təsiri ilə paslanmır. Saf halda ikən yumşaq metaldır. 2016-cı il məlumatına görə dünyada 178100 ton qızıl qeydə alınıb. Əgər bu qızılı bir yerə gətirsək tərəfi təxminən 21 metr olan bir kub alardıq. Amma bu son deyil. Çünki davamlı olaraq mədənlərdən çıxarılmaqdadır. Qızıl təbiətdə nadir rastlanan və bir çox üstünlüklərə malik olduğundan bahalı metaldır. Zərgərlikdə qızılın saflığı əyar və ya karatla ölçülür. 24 karat – saf qızıl deməkdir. Əslində 100 %-lik saf qızıl da yoxdur. Təbiətdə ən saf qızıl 0,9999 nisbətindədir. Çox vaxt qızıl digər metallarla müxtəlif nisbətlərdə qarışdırılaraq zinət əşyaları hazırlanır. Bu qarışdırmalar bəzən qızılı sərtləşdirmək, rəngini dəyişdirmək və s. ehtiyaclara görə olur. Qızıl adətən yeraltı yataqlardan çıxarılır. Amma Okeanlar və dəniz sularında olan qızılı çıxarmaq mümkün olsaydı bəlkə də qızıla nadir metal kimi baxmazdıq. Sadəcə bu proses demək olar mümkünsüzdür. 1 qram qızılı əldə etmək üçün minlərlə ton suyu süzgəcdən keçirmək lazımdır.
İnsandan ağır külçə
Yataqlardan da çıxarılan qızıl elə də asan başa gəlmir. Qram-qram yığılan qızıllar əridilib ya külçələr ya da zinət əşyalarına çevrilir. Amma bəzən təbətdə qızılı birbaşa böyük külçə şəklində də tapanlar olub. Buna misal kimi alman qızıl mədənçisi Bernhardt Otto Holtermann-ı göstərmək olar. O 1872-ci ilin 19 oktyabrında Avstraliyada təxminən 290 kq ağırlığında bütöv bir külçə tapdı. Bunun 93 kq-ı saf qızıl idi. Holtermann bu külçə ilə şəkil çəkdirdikdən sonra əridib satdı. Ona görə bu külçədən geriyə sadəcə şəkil qaldı.
Xoş gəldin Əcnəbi
Bəs indi hazırda mövcud olan, təbiətdən bütöv şəkildə tapılmış ən böyük qızıl külçə hansıdır? Bir çox məsələdə “ən”lər insan üçün böyük təsəvvür yaratdığından maraqlı olur. Bu səbəbdən Dünyanın ən ideal hamar səthə malik kürəsi yazısını da oxumağı tövsiyyə edirəm. Qızıl külçəyə qayıdaq. Təbiətdən bütöv şəkildə tapılmış və hazırda mövcud olan bu külçə də 1869-cu ildə Avstraliyada, Viktoriya əyalətində aşkar olunub. 78 kq ağırlığında olan külçənin 72 kq-ı saf qızıldır. Külçənin adı da var: “Xoş gəldin Əcnəbi”. Bu adı nəyə əsasən veriblər bilmirəm, sadəcə təxmin etmək olar ki, bu qədər qızılın bir anda tapılması nadir hadisə olduğundan “Əcnəbi” sözünü vurğulayıblar. Özü də bu külçəni əziyyətlə də çıxarmayıblar. Hansısa ağacın dibindən cəmi 3 santimetr səthin altından çıxarıblar. Yəni demək olar səthdə olub. O qədər səthə yaxın olub bu qədər gec biliməsi də maraqlı faktdır.






