Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Turinq testi və Süni intellekt

Turinq testi və Süni intellekt

İkinci dünya müharibəsi zamanı nasistlər Eniqma adlanan bir şifrələyici aparat istifadə edirdilər. Bu aparat mesajı şifrələyir və onun ələ keçirilib oxunması ehtimalını sıfıra endirirdi. Şifrələrin açılması çox çətin olsa da, müttəfiqlər də boş durmadılar. Amerika və Böyük Britaniya özlərinin ən istedadlı elm adamları, mühəndisləri və riyaziyyatçılarını toplayıb bu şifrələrin sındırılmasını təmin etdilər. Həmin heyətin içində adı bu gün də süni intellekt və kompüter mühəndisliyi ilə birlikdə anılan Alan Turinq də var idi. Bəzi tarixçilərə görə bu şifrələrin açılması ilə Avropada müharibənin müddəti iki il azalmışdır. Bu fikir özlüyündə şifrələrin açılmasının müharibənin taleyində nə dərəcədə vacib rol oynadığını göstərir.

Maşınlar düşünə bilərmi

Alan Turinq “Maşınlar düşünə bilərmi” sualını ortaya ataraq süni intellekt anlayışının ortaya çıxmasına səbəb olmuşdur. Ondan da əvvəl elmi-fantastik janrda əsərlər yazan Karel Çapek hələ 1920-ci illərdə yazdığı “R.U.R.” adlı əsərində süni intellektin insan ağlından müstəqil şəkildə inkişaf edə biləcəyini bildirmişdir. Həmçinin robot sözünü ingilis dilinə qazandıran şəxs də Karel Çapek olmuşdur. Təbii ki, Alan Turinqdən fərqli olaraq Karel Çapek bir yazıçı idi.

Alan Turinq demək olar ki, müasir süni intellekt anlayışını daha aydın təsvir etmişdi. Bu mənada o süni intellekti müəyyən edən Turinq testi adlanan bir indikator da ortaya qoymuşdur. Turinq testi ilə biz “Maşınlar düşünə bilərmi” sualına dəqiq cavab verə bilərik. Hələ ki, bu testi keçən süni intellekt proqramı olmayıb. Nə vaxtsa bu testi keçən bir robot, maşın və ya proqram görə bilsək, o vaxt dəqiqliklə, “bəli süni intellekt düşünə bilir” deyə biləcəyik.

Turinq testi

Turinq testi haqqında qısa məlumat verək. Bir otaq təsəvvür edin. İçəridə bir kişi və bir qadın oturub. Çöldə bir nəfər var. Çöldəki adam içəridəki iki nəfərlə sadəcə mesajla danışır, həmin insanları görmür və səsini eşitmir. Əgər içəridəki hər iki nəfər özlərinin qadın olduğunu iddia edərsə, çöldəki adam verdiyi suallarla kimin həqiqəti dediyini çətin ki tapa bilsin. Çünki onları nə görür, nə də eşidir. İndi isə içəridə kişinin yerinə bir robot yerləşdiririk. Çöldəki adama içəridə bir robot və bir insan var deyib, bunlar arasından hansının insan və hansının robot olduğunu  müəyyənləşdirməsini istəyirik. Həmin şəxs içəridəkilərin kimliyini təyin edə bilməsə, həmin robot Turinq testindən keçmiş sayılır. Yəni robot çöldəki adamın hər sualını düşünüb, insani ritorika və təbii üslubla, robotvari üslubdan kənar elə cavablar verə bilməlidir ki, həmin şəxsi yanıltsın və həmin şəxs içəridəkilərdən hansının robot, hansının insan olduğunu heç cür müəyyənləşdirə bilməsin. Qısaca desək, nə vaxt robot bizi aldadıb özünün insan olduğuna inandıra bilsə, artıq Turinq testini keçmiş sayılır.Turinq testindən keçə bilmə limiti 30% olaraq müəyyənləşdirilib. Hələ ki, bəzi iddialar olsa da, rəsmi olaraq 30% limitini keçə bilən süni intellekt örnəyi yoxdur. Alan Turinq 1950-ci ildə yaratdığı bu testdən 2000-ci ildən sonra keçə bilən robotların olacağını proqnozlaşdırmışdı. Onun bu proqnozu səhv çıxsa da, yeni iddialar da var. Kimilərinə görə bu test 2030-cu ildən sonra keçiləcək. Bəzən də insan beyninin hələ də yetəri qədər öyrənilə bilmədiyini əsas alaraq yalnız insan beyni daha yaxşı anlaşılanda süni intellektin tam anlamı ilə insan kimi düşünə biləcək formada inkişaf edə biləcəyin deyirlər.

İnsanı üstələyən proqramlar

Bu günki halda belə süni intellekt çox yüksək bacarığa sahib görünür. Çox vaxt süni intellekt deyiləndə ilk misal kimi məşhur Deep Blue proqramı yada düşür. Bu proqram 1995-ci ildə o vaxtın Şahmat üzrə dünya çempionu Harri Kasparovu məğlub etmişdi. Süni intellektin bu günki halında belə insandan üstün bir cəhəti var. Süni intellekt unutmur. Onun yaddaşına bir data yerləşibsə, qəsdli olaraq silinməyibsə, həmin bilgi orada qalır. İnsan isə bir bilgiyə sahib olsa belə, bəzən çətin və ya hətta adi situasiyada həmin bilgi ağlına gəlmir və ya keçmiş təcrübəsini unudur. Nəticədə qərar verərkən yanıla bilər. Mövzu ilə əlaqədar Buridanın uzunqulağı və qərarsızlıq yazısına da nəzər sala bilərsiniz. Süni intellekt isə yaddaşında olan bilgilərin miqdarı nisbətində mümkün olan ən yaxşı variantı təhlil edib seçə bilir. IBM-in hazırladığı Watson proqramı var. Bu proqram təkcə tibb sahəsində milyonlarla səhifə tibbi məlumat, minlərlə saat təhsilin məlumatlarını özündə daşıyır. Heç bir insan ömrü boyu yeyib içmədən oxusa belə milyonlarla səhifə oxuya bilməz. Bütün bu baza sayəsində proqram yüzlərlə saat lazım olan diaqnoz prosesini cəmi 10 dəqiqədə yerinə yetirə bilir. Xüsusilə Xərçəng xəstəliyi ilə bağlı həkimlərin köməkçisi kimi fəaliyyət göstərir. Üstəlik proqram daim xəstələrin xəstəlik keçmişi barədə və ən son tibbi yenilikləri dərhal toplamaqla məşğuldur. Bunun sayəsində sadəcə diaqnoz qoymur hətta xəstənin müalicəsi ilə bağlı tövsiyyə də verə bilir. Watson sadəcə tibb sahəsində deyil, fərqli sahələrdə də irəliləyir. Hələ təzə çıxdığı dönəmdə  Watson bir yarış proqramına daxil edilmişdi və bilgisi ilə insanlar üzərində açıq üstünlüyə malik oldu.

Tarixçi alim Harari gələcəklə bağlı Homo Deus kitabında bir proqram üzərindən proqnoz vermişdi. Həmin proqnozu qısa şəkildə izah edək. O yolda sürücülərin köməyinə çatan Waze proqramının kahin vəzifəsi göstərdiyini deyir. Yolu göstərir, gedib getməmək isə sürücünün öz ixtiyarındadır. Daha sonra proqram sürücünün nümayəndəsinə çevrilir. Proqrama son nöqtəni və hansı tip yollarla getmək istədiyini bildirirsən o da səni həmin yollarla aparır. Ondan sonra isə bu proqram hökmdara çevrilə bilər. Hər kəs bu proqramın köməyinə ehtiyac duyursa, proqram artıq özü qərar verməlidir. Bazasında bu qədər bilgi var ikən niyə sürücüdən soruşsun ki? Məsələn sürücünün gedə biləcəyi iki yol var. Birində tıxac var, digərində yoxdur. Proqram bu barədə sürücülərə məlumat verməyə gərək duymur. Çünki məlumat versə, hamı boş yoldan getmək istəyəcək və ikinci yol da tıxanacaq. Proqram sürücülərin yarısına bir yolu, digər yarısına başqa bir yolu göstərərək yolların tıxanmadan getməsini təmin edir.

Bu məqamda dahi alim Stiven Havkinqin sözləri də yada düşür:

“Süni intellekt ilə birlikdə gələn həqiqi risk, pislik deyil, səlahiyyətdir. Super ağıllı bir robot, hədəflərini reallaşdırmada son dərəcə yaxşı və bacarıqlı olur, amma hədəfləri bizimki ilə üst-üstə düşməzsə, onda başımız dərddədir”

Gələcəyə dair

Əlbəttə alimin bu sözləri gələcəklə bağlı qayğılarıdır. Bəlkə də süni intellektin təbii intellekt qədər olması yoxsa onu belə keçə biləcəyi ilə bağlı narahatlıqlar da vardır. İnsanlar ilk vaxtlar digər canlılar üzərində öz bilgisi ilə qələbə qazandı. Daha sonra bilgilər çoxaldıqca unudulmasın deyə, daşlara yazıldı. Sonralar bu insanın qazandığı bilgiləri depolamaq üçün kifayət etmədi. Kitablar əsrlərlə insanların topladığı məlumat və bilgini depolamaq üçün əla bir vasitə oldu. Bu da yetmədi. Artıq həm kağız yetərsizliyi problem idi, həm də məlumat çoxluğundan təhlil də çətinləşdi. Məlumatlar arasında itib-batan insan onu tez şəkildə təhlil edə bilmək üçün əlavə gücə ehtiyac duydu. Bu güc kompüterlər idi. Kompüterlərlə bərabər süni intellekt, proqramlar vasitəsilə öz ilkin formatından bu nöqtəyə kimi gəldi. Artıq bütün insanlığın əsrlərlə topladığı bütün məlumatlar kompüterlərdədir. İnternet də məlumatın ötürülməsi ilə bağlı böyük güc oldu. İnternetin tarixi və gələcəyi yazısına nəzər sala bilərsiniz. Bu böyük depo əsasında süni intellekt öz potensialını əsrlərlə deyil, bir anda artırır. Gələcəkdə süni intellekt özünü inkişaf etdirdikcə proqramlardan da azad olub sadəcə başqa formatlarda da özünü göstərə bilər. Bir az fəlsəfi olan sual ortaya çıxır. İnsana köməkçi olaraq yaradılan robotlar bir gün düşünə bilsələr, nə edəcəklər? Cavab da yəqin ki, sadədir – Biz bunu reallaşmadan  bilməyəcəyik.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×