Təqvimdə dəqiqlik
- Eylül 13, 2021
- by
- Tural Qaraqaşlı
İnsanlar öz işlərini planlaşdırmaq və zamanlarını ölçmək üçün tarixboyu bir çox təqvimlərdən istifadə ediblər. Bu təqvimlərin bir çoxunun başlanğıc tarixi əsasən müxtəlif dini inanclara və ya mifologiyaya əsaslanıb. Bu da təqvimlərin insanlar arasında min illərlə istifadəsinə səbəb olan möhkəm təməl olub. İnsanların birgə fəaliyyətinə əsas yaradan ortaq meyarlar onları cəmiyyət kimi formalaşdırıb və daha da irəliyə aparıb. Yahudi, xristian, müsəlman, buddist, zərdüşt və s. hər bir dinin ardıcıllarının əsaslandığı öz təqvimləri var. Daha az istifadə olunan amma hələ də qalan yüzlərlə başqa təqvim də var.
Bugün dünyanın əksər ölkələrinin rəsmi qaydada qəbul etdiyi təqvim Roma Papası XIII Qriqori tərəfindən hazırlatdırılan Qriqorian təqvimidir. Miladi təqvim də deyilir. Bu təqvim qədim Roma təqvimi Yulian təqviminin daha inkişaf etdirilmiş formada davamıdır. Dünyada hələ ki ən az xəta payına sahib olan və ən dəqiq təqvim hesab olunur. 8000 il ərzində hər bir ayın və günün yeri əvvəlcədən dəqiq bəllidir. Yalnız hər 8000 il ərzində bir dəfə gözdən keçirilməsinə cüzi ehtiyac var. Bu da praktiki olaraq insanların bugünlərini və gələcəklərini planlaşdırmaq üçün yetərli dəqiqlikdir. Bu təqvimə görə il 365 gün 6 saatdan ibarətdir. Amma il yuvarlaqlaşdırılaraq 365 gün olaraq hesablanır. Hər 4 ildə bir bu qalıq 6 saatlar toplanır, artıq il adlanan 366 günlük bir il yaranır. Ancaq 4-ə bölünə bilməsinə baxmayaraq sonu 00-la bitən illərdə 365 gün olduğu kimi qalır. Məsələn 1800, 1900-cu illər 365 gün olub. 400-ə bölünə bilinən illər isə istisnadır. Onlar 366 gün hesab olunur. Məsələn 2000-ci il.

İslam aləmi hicri təqvimi istifadə edir. Hicri təqvimi müsəlmanların Məkkədən Mədinəyə hicrət ilini başlanğıc tarixi olaraq qəbul edir. Hicri təqviminin də iki forması var: Hicri Qəməri və Hicri Şəmsi. Hicri Qəməri təqvimi həqiqi İslam aylarını əsas götürən, ay döngüsünə əsaslanan təqvimdir. İlk ayı Məhərrəm ayıdır. İl 354 və ya 355 gündən ibarətdir. Bugün biz İslami bayram və hüzn günlərini bu təqvimə əsasən qeyd edirik.
Hicri Şəmsi təqvimi isə Səlcuqlular dönəmində Ömər Xəyyam başçılığındakı bir qrup tərəfindən hazırlanaraq Sultana təqdim edilən və istifadəyə verilən təqvimdir. Bu təqvim də başlanğıc tarixi olaraq hicrət ilini əsas götürür amma Qəməri təqvimdən fərqli olaraq günəş ilinə əsaslanır. İl 365 gün 6 saatdan ibarətdir. Çox dəqiq riyazi üsullarla hazırlanmışdır. Hətta bəzi məsələlərdə Qriqorian təqvimindən belə daha dəqiqdir. Bugün İran və Əfqanıstan rəsmi olaraq bu təqvimdən istifadə edir.
İstifadə etdiyimiz təqvim bugün üçün kifayət qədər dəqiqdir. Hər gününü düzgün istifadə edə bilmək diləyi ilə..






