Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Çevrənin uzunluğunun öz diametrinə olan nisbətinə bərabər ədədə “pi” deyilir. Bu ədəd bir çox məsələlərə görə məşhurdur. İrrasional ədəd olduğu üçün dövri olmayan sonsuz onluq kəsr şəklində davam edir. Hələ də riyaziyyatçılar onun vergüldən sonrakı ədədlərini tapmaqda davam edirlər. Bu barədə ən sonuncu nailiyyət super kompüterlər vasitəsilə pi ədədinin vergüldən sonra 100 trilyonuncu ədədinin tapılmasıdır. Əslində pi ədədi sadəcə irrasional ədəd deyil. Həm də transsendent ədəddir. Bu ədədlər heç bir çoxhədli tənliyin kökü ola bilmirlər. Məsələn √2 ədədi də irrasional ədəddir. Lakin, bu ədəd transsendent ədəd deyil. Belə ki, bu ədəd X²-2=0 tənliyinin köküdür. Tənlikdə X=√2 olur.

π-nin dəqiqliyi

π ədədinin vergüldən sonra 100 trilyonuncu rəqəminin tapıldığını qeyd etmişdik. Bəs real hesablamalarda bizə nə qədər dəqiqlik lazımdır? Müasir dünyada kosmik sənaye ən dəqiq ölçmələr tələb edən sahələrdən biridir. Bu mənada NASA öz hesablamalarında π ədədinin vergüldən sonrakı 15 ədədinin kifayət etdiyini bildirir. Bəs əgər biz dəqiqliyi maksimum artırmaq istəsəydik, məsələn mümkün olan ən böyük ölçüdə, yəni kainatın ölçüsündə π ədədini istifadə etsəydik bizə nə qədər dəqiqlik lazım olardı? Hesablamalara görə inanılmaz dərəcədə dəqiqliklə, yəni hidrogen atomunun ölçüsü dərəcəsində xəta payı ilə bütün kainatı əhatə edəcək bir ölçüdə dəqiqlik üçün vergüldən sonra 40 rəqəm kifayətdir.

π-nin sonsuzluğu

Pi ədədinin sonsuz olaraq davam etməsi və  dövri təkrarlanmaması o deməkdir ki, dünyada bütün şifrə kombinasiyaları bu sərhədsiz şəkildə olan və təkrarlanmayan rəqəmlərdə mövcuddur. Hətta pi ədədi içərisindəki ədəd və rəqəmləri hərflərlə işarələsək dünyada bütün kitabların yazıları da çıxar. Çünki rəqəmlərin təkrarlanmayan, sonsuz kombinasiyaları mövcuddur. Əlbəttə bu sonsuz kombinasiyalar tam isbatlanmasa da böyük bir ehtimaldır. Ədədlərin tarixi ilə bağlı Rəqəmlər və say sistemləri adlı yazıya da nəzər sala bilərsiniz.

Pi ədədi ilə bağlı digər maraqlı fakt isə, bu ədədin özünəməxsus musiqisinin də olmasıdır. Belə ki, bəzi musiqiçilər, π ədədindəki hər bir rəqəmi bir notla əvəzləyərək musiqilər bəstələyir. Təbii ki, hər bir musiqiçi bəstəyə özünəməxsusluq da qataraq fərqliləşdirmə də aparır.

π günü

Mart ayının 14-ü, yəni 3-cü ayın 14-ü dünyada π günü kimi qeyd edilir. π=3,14 ədədinin tam hissəsi ilə vergüldən sonrakı ilk iki rəqəminə görə bu tarix seçilib. Bəzi insanlar π gününü 22 iyulda qeyd edir. Buna səbəb 22/7 kəsrinin pi ədədinə yaxın olmasıdır. Lakin bildiyimiz kimi pi rasional ədəd olmadığından heç bir kəsrlə ifadə edilə bilməz və təkrarlanmayan sonsuz rəqəm ardıcıllığına malikdir. 22/7 ədədini onluq kəsrə çevirərkən, 3,1428… deyə davam edərkən, pi ədədi 3,1415… deyə davam edir. Burada vergüldən sonrakı 3-cü rəqəmdən etibarən fərqliləşmə başlayır. Bəlkə çox dəqiqlik tələb etməyən yerlərdə 22/7-ni də π ədədi əvəzinə işlədə bilərik, amma, π ədədinin tam olaraq 22/7-yə bərabər olmadığını bilməliyik.

π-nin sirri

Dünyada π ədədinin vergüldən sonrakı rəqəmlərini ardıcıl olaraq yadda saxlamaq barəsində yarışanlar da var. Bəli, çox qəribə görünsə də, digər irrasional ədədlərdən fərqli olaraq onun rəqəmlərini əzbərləmək insanlara maraqlı gəlir. Çevrə fiquru çox sadə həndəsi fiqur olsa da, çevrə ilə bağlı anlayışlar elmi, fəlsəfi və gündəlik həyatda, hətta gündəlik deyimlərdə belə, hər sahədə insanın qarşısına çıxır. İnsanları cəlb edən sirr bəlkə də, bu ədədin çevrə fiquru ilə bağlı olmasıdır. Sirri olan başqa bir ədəddən bəhs edən 12 ədədinin sirri adlı yazını da oxuya bilərsiniz.

Bu ədədin rəqəmlərini əzbərləyən insanlar arasında rəqabət çox güclüdür. Məsələn Pi ədədinin 70030 rəqəmini əzbər bilən Hindistanlı Suresh Kumar Sharma rəsmi rekordu özündə saxlayır. Qeyri rəsmi rekordlar da mövcuddur. Məsələn, Ginnes rekordlar kitabına düşməsə də, pi ədədinin 100000 rəqəmini bilərək, qeyri rəsmi olaraq pi ədədi əzbərləmə rekorduna sahib olan şəxs, təqaüddə olan yapon mühəndis Akira Haraguchidir. O pi’ni əzbərləməsini “kainatın dini” və əbədi həqiqət üçün həyat boyu davam edən axtarışının bir ifadəsi olduğunu bildirərək, buna böyük məna vermişdi.

Mənbələr

  1. Pi sayısında yeni rekor: 100 trilyonuncu rakam bulundu – https://www.ntv.com.tr/galeri/teknoloji/pi-sayisinda-yeni-rekor-100-trilyonuncu-rakam-bulundu,nyXcCdPukkOLBm2SdrEMng/kbVB1tzecUWIEfPOfuAEsQ

  2. Pi Sayısı Nedir? π Sayısı Nasıl Hesaplanır ve Ne İşe Yarar? – https://evrimagaci.org/pi-sayisi-nedir-sayisi-nasil-hesaplanir-ve-ne-ise-yarar-1066

  3. Akira Haraguchi – https://tr.wikipedia.org/wiki/Akira_Haraguchi

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Ensiklopediyalar

Ensiklopediyalar

Ocak 22, 2023

2 Comments

    Sona

    20th Kas 2023 - 5:17 AM

    Çox maraqlıdır, bilmirəm bu səhifəni necə, nə vaxt yaddaşa vermişəm, amma bu gün yenidən qarşıma çıxdığında, çox maraqlı məlumatları oxuduqca, zamanın necə keçdiyini hiss etmədi. Təşəkkür edirəm. Bu müasir zamanda belə elmi araşdırmalara bir oxucu aclığı var, davamlı olsun, uğurlar Sizə

      Tural Qaraqaşlı

      18th Şub 2024 - 11:16 PM

      Təşəkkür edirəm.

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×