Klonlama
- Temmuz 19, 2022
- by
- Tural Qaraqaşlı
İnsanlar tarixən əbədilik axtarışında olublar. Qədim Misirdə mumyalama adəti o biri dünyada ruhun bədənə qayıdaraq diriləcəklərinə olan inamdan qaynaqlanırdı. Bunun üçün bədən salamat qalmalı idi. Müasir dünyada isə bəzi insanlar ölümdən dərhal sonra bədənlərini dondurmaq üçün xüsusi şirkətlərlə müqavilə bağlayır. Bununla gələcəkdə elm və texnologiyanın inkişafı ilə yenidən həyata qayıda biləcəklərinə inanırlar. İnsanların əbədilik arzusuna daha bir çox örnək gətirmək olar. Bunlardan biri də klonlamadır.
Klonlama bəsit bir dillə desək, hər hansı bir canlının, genin və ya toxumanın eynisini yaratmaq və ya surətinin çıxarılmasıdır.
İlk klon
1996-cı ildə Dolli adlı qoyunun klonlama üsulu ilə dünyaya gətirilməsi dünya gündəminə düşdü. Ondan əvvəl də klonlanan heyvanlar olmuşdu. Hətta ilk klonlanan heyvan əslində qurbağa olub. Sadəcə klonlanmış ilk məməli heyvan olması səbəbi ilə və yetişkin bir canlının hüceyrəsindən istifadə olunmasına görə Dolli dünyada klonlama sahəsində inqilab sayılırdı. Dollidən sonra müxtəlif heyvanlar klonlandı. Hətta insanın klonlanması da gündəmə gəldi. Bu isə dünyada heyvanın klonlanmasının belə etik cəhətdən doğru olmasının sorğulandığı bir vaxtda qəbul edilməz hesab olundu. Ona görə insan klonlamaq dünyanın hər yerində rəsmi olaraq qadağandır. Bəs insan klonlamaq həqiqətən mümkündürmü?
Əvvəlcə klonlama haqqında geniş məlumat əldə edək. Təbiətdə biz təbii klonlamaya rast gəlirik. Məsələn təkhüceyrəli bakteriyaların bölünərək çoxalması klonlamaya bir örnəkdir. Əlavə olaraq Həyatın başlanğıcı adlı yazıya da göz ata bilərsiniz. Yəni klonlamanı cinsiyyətsiz çoxalma ilə eyniləşdirə bilərik. Özü də bu çoxalma tamamilə genetik olaraq eyni canlılar yaradır, nəticədə genetik fərqliliklər və nəsillər ortaya çıxmır. Məsələn klonlanan Dolli klonlandığı qoyunun genetik olaraq tamamilə eynisi idi.
Klonlamanın növləri
Klonlama 3 növdür: 1) Gen (molekulyar) klonlama, 2) Terapevtik klonlama, 3) Heyvan klonlama
Gen Klonlaması
Gen klonlaması etik cəhətdən əksəriyyət tərəfindən qəbul olunmuş klonlamadır. Bu klonlamada dnt-nin lazım olan bir hissəsi klonlanaraq çoxaldılır və tibbdə dərmanların və bir çox müalicəvi vasitələrin yaranmasında istifadə olunur. Məsələn bir örnək verək. Bir insan dnt-sindən insulin hormonuna aid bir gen kəsilərək çıxarılır. Sonra isə bakteriya hüceyrəsindəki dnt-dən bir hissə kəsilərək çıxarılır və insandan əldə olunan insulin hormonuna aid gen həmin boşluğa birləşdirilir. Bununla bakteriya çoxaldıqca insulin hormonu əldə edilir və tibbdə istifadə olunur.
Terapevtik klonlama
Terapevtik klonlama heyvan klonlaması ilə təxmini eyni prosedurlardan ibarətdir. Etik cəhətdən heyvan klonlaması qədər olmasa da, yenə də nisbətən qəbul edilməyən bir klonlamadır. Heyvan klonlamadan fərqli olaraq bu klonlama axıra kimi laboratoriya şəraitində baş verir. Sadəcə toxumalar və orqanların klonlanması üçün istifadə olunur. Bu da tibbdə fayda gətirəcək bir klonlama sayılır. Məsələn dünyada bir çox insan orqan nəqli üçün uyğun donor axtarışında olur. Bu terapevtik klonlama insanlara tətbiq edilsə, onun sayəsində orqanlar artıq insanın öz hüceyrəsindən yaradıla biləcək.
Heyvan klonlama
Heyvan klonlama isə tamamilə bir heyvanın eynisinin yaradılması prosesidir. Bu klonlama da iki növdür.
Birinci növ klonlama eyni yumurta əkizlərinin dünyaya gəlməsi ilə eyni məntiqdə işləyir. Əslində eyni yumurta əkizləri genetik olaraq bir-birilərinin eynisi, yəni klonudur, eyni anda formalaşırlar.
Birinci növ klonlama ilə laboratoriya şəraitində hüceyrə bölünməsi müəyyən bir saya çatdıqda, canlı təbiətdə əkizlərin formalaşmasını əsas alaraq, süni şəkildə embriyonu iki yerə bölürlər. Beləliklə iki canlı formalaşdırılır və daşıyıcı canlının (və ya canlıların) rəhminə yerləşdirilir.
İkinci növ klonlama isə daha məşhur olanıdır. Əksər klonlamalar bu üsulla həyata keçirilib. Bu klonlamada həyatda olan və ya həyatda olmasa da dnt-si qurtarıla bilmiş bir canlını klonlamaq mümkündür. Qoyun Dolli misalında bu klonlamanı izah edək. Əvvəlcə klonlanacaq qoyundan hüceyrə götürülür. Həmin hüceyrənin dnt yerləşən nüvəsi çıxarılır və kənar hissəsi olan sitoplazması isə atılır. Daha sonra başqa bir qoyundan da bir hüceyrə götürülür. Həmin hüceyrənin isə nüvəsi atılır və sitoplazması saxlanılır. Bu sitoplazmanın içinə klonlanacaq qoyunun hüceyrəsinin nüvəsi yerləşdirilir və elektrik verilərək sitoplazma və nüvə birləşdirilərək yeni hüceyrə yaradılır. Bu hüceyrə isə bölünməyə başlayaraq yeni bir canlının formalaşmasının ilk addımı atılır. Sonra bu embriyo üçüncü bir daşıyıcı qoyunun rəhminə yerləşdirilir. Burada qoyun Dolli bu 3 qoyundan yalnız nüvəsi alınan qoyunun klonu olur. Çünki dnt materialı nüvədə yerləşir.
Klonların tamamilə genetik olaraq klonlandığı canlı ilə eyni olduğunu qeyd etdik. Bəs bu onların xaraktercə və davranış olaraq da eyni olduğunu göstərirmi?
Yarışlarda həmişə birinci yerə çıxan qatırın 2003-cü ildə bir klonu yaradıldı. Maraqlıdır bu qatırın klonu da birinci yerə çıxırdı. Bu maraqlı fakt klonların tamamilə eyni xarakterə və iradəyə sahib olduğuna müəyyən inam yaratsa da, əslində isə klonlar sadəcə genetik olaraq eynidirlər. Məsələn eyni yumurta əkizlərinin bir-birilərinin təbii klonu olduğunu qeyd etmişdik. Bütün eyni yumurta əkizləri tamamilə eyni şəxsiyyətdir deyə bilmərik. Onlar xaraktercə bir-birilərindən fərqlənirlər və bəzən müxtəlif sahələr üzrə inkişaf edirlər.
İnsan klonlama
Başda qeyd etdiyimiz suala cavab tapaq. İnsanı klonlamaq olarmı? Bu suala həm hə, həm də yox deyə bilərik. Nəzəri cəhətdən mümkündür amma praktiki cəhətdən hələ yetəri texnoloji avadanlıq yoxdur. Bəs heyvanlarda niyə klonlama alınır? Çünki heyvanlarda hüceyrələrin bölünməsini təmin edən proteinləri zədələmədən hüceyrənin içindən nüvəni çıxarmaq mümkündür. Proteinlər nüvəyə yaxın yerləşməyiblər. İnsanlarda və eləcə də insana genetik cəhətdən ən yaxın heyvanlar olan meymunlarda proteinlər nüvəyə çox yaxın və qarışıq şəkildədir. Sitoplazmanın içindən nüvəni çıxararkən proteinlər zədələnir və ya nüvə ilə birlikdə çıxır. Lazım olan dnt-nin yerləşdiyi nüvəni həmin sitoplazma daxilinə yerləşdirdikdə artıq bölünmə funksiyasını yerinə yetirən proteinlər zədələndiyindən hüceyrə ya bölünmür ya da qüsurlu şəkildə bölünərək davamını gətirə bilmir. Halbuki nüvəni içi zədələnməmiş şəkildə boşaldılmış sitoplazma daxilinə yerləşdirmək lazımdır.
Buna baxmayaraq çinli alimlər 2018-ci ildə makaka meymunlarını klonlayaraq insan klonlamağa əngəl olan texnoloji əngəli aşmağa yaxınlaşıblar. Bəlkə də qeyri qanuni yollarla insan klonlamağa cəhd edən alimlər də var. Bəlkə bunu gizli edə bilənlər də olub. Hər bir halda rəsmi baxsaq, klonlamada gəlinən ən son nöqtə makaka meymunlarının klonlanmasıdır.
Klonlama və etik problemlər
Bu günə qədər klonlanan heyvanlar tək bir cəhddə klonlanmayıblar. Hər biri üçün bəlkə də yüzlərlə, onlarla sınaq olub. Bəziləri alınmayıb, bəziləri inkişaflarının müəyyən dövründə həyatda qala bilməyiblər. Yalnız uğurlu olan klonları biz görə bilirik. Həmin uğurlu cəhdə qədər olan prosesdən və uğursuz cəhdlərdən çox xəbərimiz olmur. Bu da canlıların tələfatı deməkdir. Bu məsələ insanlar üzərində sınansa yarana biləcək etik problem daha da böyüyəcək. Deyək ki, klonlama texnologiyası çox inkişaf etdi və tələfat olmadı. Bu halda çıxa biləcək etik problem isə klonların şəxsi həyatlarının təhlükə altına girməsi, insan qaçaqmalçılığının güclənməsi, kiminsə klonu olan şəxsin daim klonlandığı şəxsin adı və kölgəsi altında yaşamağa məcbur olması kimi problemlər yarana bilər. Bundan əlavə dini çevrələrdə bu məsələ Tanrının individual yaratma xüsusiyyətinə üsyan və insan fərdiliyinin əlindən alınması kimi qəbul edilə bilər. Digər tərəfdən klonlamanın sürətlənməsi gələcəkdə genetik müxtəlifliyinin azalmasına və nəticədə immun sisteminin zəifləməsinə səbəb ola bilər. Bu kimi məsələlər klonlama önündə olan suallardır. Klonlama tərəfdarları bəlkə bu suallardan bəzilərinə klon olmayan insanların da özlərinin dünyaya gəlməyi seçmədiyinə işarə edə bilərlər. Bundan əlavə genetik müxtəlifliyin azalmasının insanlara mənfi təsir göstərəcəyinə dair iddialara gəldikdə isə, genetik mühəndisliyinin inkişafı ilə genlərə müdaxilə, zərərli genlərin çıxarılması, yeni genlərin əlavə edilməsi kimi üsullarla bu problemi də həll etməyin mümkün olduğunu qeyd edə bilərlər. Təbii ki etik suallar daha çox və daha detallıdır. Bunların hamısının məqbul cavabı varmı bu hələ çox müzakirə olunacaq. Etik məsələlərlə bağlı Doğru və yanlışın tərifi adlı yazıya da nəzər sala bilərsiniz.
Klonlama problemi
Klonlanmış olan qoyun Dolli cəmi 6 il yaşadı. Bu nədən qaynaqlanırdı? Bunun əsas səbəbi klonlandığı qoyunun yaşı ola bilər. Hüceyrələr bölündükcə xromosomların ucundakı telomerlər qısalır. Telomerlərin qısalmağı qocalmağa səbəb olur. Məsələn insanın 20 yaşındakı vəziyyətində telomerlərin uzunluğu 40 yaşındakı vəziyyətindəki telomerlərin uzunluğundan daha uzundur. Zamanla hüceyrələr davamlı bölündükcə bu telomerlər o dərəcə qısalır ki, nəticədə hüceyrə ölümü gerçəkləşir. Ona görə klonlanacaq canlının yaşı nə qədər azdırsa, dünyaya gələcək klonun ömrünün uzunluğu daha çox ola bilər. Hətta İsrailli elm adamları yaşlanmağı gecikdirmək, hüceyrələri gəncləşdirmək, yəni telomerləri yenidən uzatmaq üçün araşdırma və təcrübələr də aparırlar. Klonlamada bu problem də öz həllini gözləyir.
Klonlama və fantastik nəticələr
Klonlamada DNT çox vacib amildir. Ölmüş bir canlı fosilindən nəzəri olaraq ideal şəraitlərdə 6,8 milyon il ərzində dnt almaq mümkündür. Amma təbiətdə ideal şərait nadir hallarda ola bilər deyə, bu müddət real olaraq baxılsa 1 milyon ilə qədərdir. Yəni düşünün tarixdə bilinən qədim insanların klonlarını yenidən dünyaya gətirmək kimi fantastik fikirlərə düşənlər ola bilər. Eləcə də nəsli kəsilmiş canlıları yenidən klonlama yolu ilə həyata gətirmək fikirləri artıq çoxdan var. Məsələn dnt-si tapılmış mamontu klonlayaraq ona yaşayan canlılardan genetik cəhətdən ən yaxın olan dişi filin rəhmində yerləşdirərək yenidən dünyaya gətirmək olar. Bundan başqa bu gün dünyada tək insan növü var. Biz insan deyəndə yalnız öz növümüzü anlayırıq. Elmdə adı Homo Sapiensdir. Halbuki, təxminən 50 min il əvvəl nəsli kəsilmiş Neandertallar da insan növü idi. Neandertalları yenidən həyata qaytarmaq kimi fikirlər də var. Homo Sapienslə genetik cəhətdən çox oxşar idi. Hətta bu gün müasir insanlarda 4%-ə qədər neandertal genləri də var. Bu da qədimdə Homo Sapienslə Neandertallar arasında qohumluq qurula biləcək dərəcədə genetik yaxınlığın olduğunu göstərir. Neandertal genləri də bu gün tapılmış fosillərdən əldə edilib. Çünki yaxın tarixə aiddir. Maraqlıdır böyük ehtimalla Homo Sapienslə mübarizədə məğlub olan və nəsli kəsilən digər insan növü Neandertalların həyata qayıtması imkanı da Homo Sapiensə bağlıdır.
Dinozavr fosillərindən isə yeni dinozavr klonlamaq mümkün deyil. Çünki ən son dinozavrların nəsli 65 milyon il əvvəl kəsilib. Bu müddət ərzində fosildə ideal şərait altında belə dnt qala bilməz. Dinozavrların bu gün sağ qalan üzvləri quşlar sayılır. Dinozavrları həyata qaytarmağın yeganə yolu isə genetik mühəndisliyi yolu ilə quşların genlərindən nümunələri kəsmə və birləşdirmə üsulu ilə qədim dinozavrların genini yenidən əldə etməkdir. Ancaq bu genlər əldə olunduqdan sonra onları klonlamaq mümkündür.
Yekun
Bütün bunların fonunda klonlamanın nəzəri olaraq çətin bir şey olmadığı və texnologiyanın inkişafına paralel olaraq inkişaf edəcəyi aydındır. Sadəcə buna paralel olaraq onunla bərabər yarana biləcək mənfiləri və müsbətləri də birlikdə gözdən keçirərək ön tədbirləri də unutmamaq lazımdır. Bununla proses fərdlərə də, bəşəriyyətə də problem yox, fayda gətirməyə hesablana bilər.
İstifadə olunan mənbələr:
1. Cloning: from Tadpoles to Household Pets to Beating Organs – https://sqonline.ucsd.edu/
2. Klonlama nedir ve nasıl yapılır? Klonlama örnekleri – https://www.hurriyet.com.tr/
3. How Mule Racing Led to Mule Cloning – https://www.smithsonianmag.
4. Cloning Fact Sheet – https://www.genome.gov/about-
5. Çin’de, dünyada ilk kez genetiği değiştirilmiş 5 maymun klonlandı – https://www.indyturk.com/node/
6. İsrailli bilim insanları: İnsanlarda yaşlanma sürecini tersine çevirmeyi başardık – https://www.indyturk.com/node/
7. Soyu Tükenmiş Canlıları Yeniden Üretmek Etik mi? – https://www.bilimkurgukulubu.






