Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
İnternetin tarixi və gələcəyi

İnternetin tarixi və gələcəyi

Yəqin ki 1969-cu ildə hərbi məqsədlər üçün yaradılan texnologiyanın nə vaxtsa hər kəs tərəfindən istifadə olunacağını və böyük bir inqilabi əhəmiyyət daşıyacağını çox adam təxmin etməzdi. Bu texnologiyanın adı ARPANET idi. Bu günki İnternetin əcdadı sayılır. Kaliforniya universitetində 2 kompüterin vahid sistemdə birləşdirilməsi ilə artıq dünya yeni bir dövrə keçid etmişdi. Hazırda dünyada internet aləmində olan informasiya bu günə qədər bəşəriyyətin heç vaxt əldə edə bilmədiyi böyüklükdədir. Bu resurs o qədər böyükdür ki, internet tətbiqləri artıq bu datanı istifadə edərək insanlardan daha yaxşı analiz etmək imkanlarına çatdılar. Bu həm də daha doğru qərar vermək qabiliyyəti də adlana bilər.

ARPANET-in yaradılmasından qısa müddət sonra artıq onunla elektron poçt göndərilməsi mümkün hala gəldi. Bu gün elektron poçtlarda istifadə edilən  @ işarəsi 1980-ci ildə beynəlxalq standart kimi təsdiqlənib.

İnternetin bazası

İnteneti ayaqda saxlayan protokol TCP/IP adlanır. Bu protokol heç bir əməliyyat sistemindən və kompüterdən asılı deyil. Ona görə internet bütün dünyada bu protokol üzərində qurulub.
İnternet sözü əslində “Interconnected Networks” söz birləşməsinin qısaltmasıdır. Təxmini olaraq “Öz aralarında birləşmiş şəbəkələr” mənasındadır. Bəs bu şəbəkələrdəki kompüterlər bir-birini necə tanıyır və tapır? Bunun üçün hər kompüterin öz  IP ünvanı var. Bu ünvan 4 hissəli rəqəm kombinasiyalarından ibarətdir. Belədə başqa məsələ ortaya çıxır. Məsələn, siz internetdə mənim saytıma daxil olmaq üçün sadəcə hər hansı brauzerdə turalgaragashli.com yazırsınız, hər hansı rəqəm kombinasiyalarından ibarət IP ünvanı yazmırsınız. Bəs bu necə olur? Sizi rəqəmləri yadda saxlamaq problemindən xilas edən sistem DNS adlanır. Bu sistem sizə saytınıza xüsusi ad vermək imkanı yaradaraq, həm saytınız haqqında müəyyən ilkin təəssürat yaradır, həm də saytınızın tapılmasını asanlaşdırır.

İnternetin yeni dövrü – WWW

İnternet məna olaraq bəzən www (World Wide Web) ifadəsi ilə qarışdırılır. “Ümumdünya Hörümçək Toru” mənasına gələn “World Wide WebHTML təməlli web səhifələrin yaradılmasına təkan verdi və müasir mənada İnternet anlamı daha fərqli biçimə büründü. Bununla da artıq internet qloballaşmağa başladı. Bunun üçün dünya İsveçrədə, CERN-də işləyən bir kompüter proqramlaşdırıcısı Tim Berners Li borcludur.

İnternetdə yayılan “xəstəlik”

İnternet bu qədər böyük gücə sahib olması ilə yanaşı həm də özü ilə zərərli proqramlar daşıya bilir. Bu proqramlar kompüterlərə və cihazlara zərər vurur. Məhz bu zərərə görə onlara virus deyilir. Sanki şəbəkəyə birləşmiş kompüterlər və cihazlar canlı orqanizm kimi bu kompüter viruslarından zərər görür. Viruslar həmçinin disklər və daşına bilən yaddaş kartları ilə də kompüterlərə daxil ola bilər. Bu virusların ən məşhurlarından biri Troyan virusudur. Onlarla mübarizədə yoluxmanın qarşısını alan antivirus proqramları da var. Troyan virusuna adını verən əfsanəvi Troya şəhərində keçən müharibə haqqında Troyanın əks-sədası adlı yazıda tanış ola bilərsiniz.

Gələcəyə doğru internetin təkamülü

İnternetin qısa tarixi barədə qısaca qeyd etdik. İndi isə web saytların hansı mərhələlərdə böyük dəyişiklik keçirdiyini qeyd edək. İnternet ilkin mərhələdə Web 1.0 təməlli saytlara sahib idi. Bu saytlar statik səhifələrdən ibarət idi. Onunla qarşılıqlı təmasa keçmək mümkün deyildi. Eynən kitablar və ya televizorlar kimi idi. Sadəcə ondan məlumat almaq mümkün idi.

2000-ci illərin əvvəllərində internet yeni dövrə keçid etdi. Artıq sadəcə kontent yaradıcısı və oxuyucu yox idi. Hər kəs internetdə nəsə yarada bilirdi. Hər hansı bir kontentə rahatlıqla münasibət bildirmək və şərh yazmaq imkanımız yarandı. Sosial şəbəkələrin yaranması ilə Web 2.0 dönəmi böyük inqilab yaratdı. Milyardlarla üzvü olan sosial şəbəkələrdə hər kəs kontent yaradır və internet artıq daha da zənginləşirdi. Mövzu ilə əlaqədar 21-ci əsrin imperiyası və qurucusu yazısını da  oxuya bilərsiniz.

Web 3.0 dönəmi artıq internetdə süni intellektin istifadəsi ilə müşayiət olundu. Bununla artıq web səhifələr bir-birini tanıyır və uyğun kateqoriyalandırma edə bilirdilər. Məsələn sosial şəbəkələrdə bizim qarşımıza maraq dairəmizə uyğun reklamlar çıxarılır. Artıq süni intellekt kontentin məzmunu haqqında məlumatlı olur və bizim marağımız haqqında da məlumatlı olur. Ona görə qarşımıza həmin məzmunda saytlar çıxarır. Məhz Web 3.0-la reklam bazarı yüksək inkişafa qədəm qoydu.

İndi isə dünya Web 4.0-ı gözləməkdədir. Hətta Web 5.0, Web 6.0 və s. haqqında da müəyyən fikirlər var. Biz Web 4.0-dan yazacağıq. Fikir verdinizsə bütün əvvəlki mərhələlərdə biz mərkəzi nöqtədə birləşirik. Bəli bir-birimizlə informasiya alış-verişi edirik, dünyanın hər yanı ilə məhdudiyyət olmadan əlaqə yarada bilirik. Amma arada vasitəçilərə ehtiyac duyuruq. Məsələn sosial şəbəkələr – facebook, twitter və s. olmasa artıq bütün bunlardan məhrumuq. Bizim bütün məlumatlarımız da burada toplanır. Təsəvvür edin bütün bunlar olmadan mərkəzsizləşdirilmiş qaydada internetdə bütün hər yerə çıxışımız var, internetin bütün imkanlarını istifadə edə bilirik, eyni zamanda istənilən şəxslə də intenet üzərindən birbaşa əlaqə yarada bilirik. Bu bir inqilab olardı. Web 4.0 elə bunu təmin etmək iddiasındadır. Bu sistem eynən kriptovalyuta sisteminə bənzəyir. Kriptovalyuta sistemi də heç bir mərkəzi sistemə sahib olmayaraq, heç kəsin müdaxilə imkanı olmayan bir internet valyuta sistemidir. Web 4.0 texnologiyasında hər kəs internet üzərində mövcud olan bulud sistemini və bulud sistemində mərkəzsizləşdirilmiş tətbiqləri istifadə edəcək. Kompüterinizə və ya cihazınıza xüsusi proqramlar yükləyib hər hansı vasitəçiyə ehtiyac duymursunuz. Artıq internet dünyasında müstəqil şəxssiniz və sadəcə öz imkanlarınızla və bacarıqlarınızla varsınız. Bununla internetdə heç kəs süni olaraq öz gücünü vasitəçilərin hesabına artıra bilməyəcək. Bəzən Web 3.0-a aid özəlliklər də elə Web 2.0-a aid hesab edilir, Web 4.0-a aid özəlliklər isə Web 3.0-a aid edilir. Bunlar təbii ki, mahiyyəti dəyişmir. Mən sadəcə hər birini ayırdım.

İnternetin alternativ gələcəyi

İnternetin gələcəyi ilə bağlı alternativ fikirlər də var. Məsələn Metaverse anlayışında virtual dünya ilə real dünya birləşir. Bu anlayışla artıq gələcəkdə real dünya ilə virtual aləm arasında sərhədlər itə bilər. Hətta Facebook-un sahibi Mark Zukerberq bu anlayışı daha da populyarlaşdırmaq üçün şirkətlər qrupunun ümumi adını dəyişdirərək Meta adı ilə yenidən tanıtdı.

Gələcək internet dünyası ilə bağlı başqa alternativ fikirləri isə bu yaxınlarda İlon Mask səsləndirmişdi. Onun Neuralink proyekti beyinə çox kiçik çip yerləşdirməyi nəzərdə tutur. Bu proyektin əsl məqsədi internet olmasa da, əslində gələcəyin internetini də ehtiva edə bilər. Sadəcə beyninizdə hiss olunmayacaq dərəcədə kiçik bir çiplə internetə qoşulduğunuzu düşünün. Virtual dünyaya keçid etmək üçün hər hansı əlavə ekran şəklində eynək daşımaq məcburiyyətində deyilsiniz.

Əlbəttə gələcəyin interneti ilə bağlı bütün bu variantlardan biri də gerçəkləşə bilər, bir neçəsi hər hansı şəkildə kombinasiya yaradaraq da yeni internet anlayışını gətirə bilər. Hətta tamamilə fərqli alternativlər də üfüqdə görünə bilər. Vaxtilə ARPANET yarananda internetin bu günki halına gələcəyini kim bilə bilərdi?

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×