Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Həyatın başlanğıcı

Həyatın başlanğıcı

Bugün dünyada yaşayan canlıların necə formalaşdığını və canlılar aləmində bu qədər rəngarəngliyi izah edən elmi nəzəriyyə Təkamül adlanır. Bir çox insan Təkamül nəzəriyyəsinin ilk yaranan hüceyrəni izah edə bilmədiyini deyir. Əslində ilk hüceyrənin yaranması Təkamül nəzəriyyəsinin sahəsi deyil. Bu nəzəriyyə sadəcə biloji müxtəlifliyi və bioloji təkamülü izah edir. Bəs Canlılığın özü necə ortaya çıxdı? Bunu izah edən hər hansı elmi nəzəriyyə varmı?

Spontan generasiya və Biogenesis

Qədimdən bu yana insanlar arasında canlılığın necə meydana gəlməsi ilə bağlı fərqli fikirlər olub. Onlardan biri öz-özünə yaranma və ya spontan generasiya fikri idi. Əslində bu fikir də tam anlamı ilə orqanik olmayan cansızlıqdan canlılığın yaranmasını izah etmirdi. Daha çox çürümüş orqanik maddələrdən yeni bir canlının formalaşmasını iddia edirdi. Məsələn çayın dibində çürümüş bir ağac kötüyündən timsahın yaranması, uzun müddət qalan bir taxıldan siçanın yaranması, çürümüş ətdən qurdların yaranması kimi fikirlər uzun müddət insanların bir çoxunun qəbul etdiyi fikirlər olub.  Yəni cansızlıqdan canlılığın müəyyən şərtlər daxilində yarana bilməsi düşünülürdü. Bu fikrin yanlışlığını 1668-ci ildə ilk dəfə italyan bioloq Fransesko Redi öz təcrübələri ilə isbat etdi. Redi əvvəlcə ağzı açıq qabların içinə ət parçaları qoydu. Daha sonra bu ət parçalarının üstündə qurdların formalaşdığını müşahidə etdi. Redi bundan sonra 8 qabın içinə ət parçaları qoydu. Bu qablardan dördünü açıq, dördünü bağlı saxladı. Açıq qablarda olan ətlərin üzərində qurdlar yaranmışdı, amma qapalı qabda qurdlar yaranmadı. Redinin əleyhdarları qapalı qaba hava daxil ola bilmədiyinə görə qurdların formalaşmadığını iddia etdi. Bunu nəzərə alan Redi bu dəfə həmin o dörd qapalı qabın üstünü tənzif bezlərlə örtdü. Beləcə qabın daxilinə hava keçə bilirdi, amma milçəklər öz yumurtalarını ətin üzərinə yerləşdirə bilmirdi. Nəticədə yenə də qurdlar yaranmadı. Redi bununla hər hansı çürümüş orqanik maddələrdən bir canlı yarana bilməyəcəyini isbatlamış oldu. Bununla Biogenesis nəzəriyyəsini gücləndirdi. Biogenesis nəzəriyyəsi adından da göründüyü kimi ancaq canlıdan canlı yaranacağını göstərir və cansız bir maddədən öz-özünə bir canlının formalaşa bilməyəcəyini bildirir. Bu nəzəriyyədə yanlış bir şey yoxdur. Sadəcə bu nəzəriyyə artıq canlıların var olduğu və çoxaldığı dövr üçün keçərlidir. Bizə maraqlı olan ilk hüceyrənin yəni ilk canlının necə ortaya çıxmasıdır.

Panspermiya və Abiogenesis

Hal-hazırda dünyada ilk hüceyrənin necə yaranması ilə bağlı iki əsas nəzəriyyə mövcuddur:  1) Panspermiya, 2) Abiogenesis

Panspermiya nəzəriyyəsinə görə həyatın qaynağı olan “toxumlar” bütün kainata yayılıb. Təxminən 4 milyard il əvvəl asteroidlərin və meteoritlərin üzərində Yer kürəsinə də gəlib çıxıb. Daha sonrası isə məlumdur. Üzərində ciddi duranlar olsa da, bu nəzəriyyə ilk hüceyrənin necə formalaşdığını deyil, daha çox haradan gəldiyini deyir.

Abiogenesis – bu nəzəriyyə isə əslində ağılda qalan həmən o son sualı açıqlamağa çalışır. İlk baxışda ətdan qurdun yaranması şəklində olan və bugün gülməli görünən Spontan Generasiya fikrinə oxşasa da əslində çox fərqlidir. Spontan Generasiya bir depo taxılda birdən-birə siçanın formalaşmasını qəbul edirdi. Abiogenesis isə Dünyanın ilk dövrlərində üstünlük təşkil edən kimyəvi elementlərin uzun müddətli qarşılıqlı təsiri ilə ilk hüceyrənin formalaşdığını iddia edir. Bu uzun müddət çox-çox uzun müddətdir. Milyonlarla il zaman alır. Ona görə buna bəzən Kimyəvi Təkamül prosesi də deyilir.

Miller-Urey təcrübəsi

Abiogenesis nəzəriyyəsini gücləndirmək üçün ilk elmi təcrübə 1953-cü ildə gerçəkləşdirilib. Təcrübəni professor Harold Urey və köməkçisi Stanli Llyold Miller aparmışdı. Tarixə Miller-Urey təcrübəsi deyə düşüb və məşhurlaşıb. Təcrübə zamanı laboratoriya avadanlıqları ilə Dünyanın ilk dövrlərindəki şərait simulyasiya edilməyə çalışılıb. Alimlər Dünyanın ilk dövrlərində Yer Kürəsinin atmosferini əmələ gətirdiyini düşündükləri metan, ammonyak və hidrogen qazının qarışımını istifadə etmişdi. Bundan əlavə su və dəm qazı da istifadə etmişdilər. Bu maddələrlə dünyanın ilk atmosferini simulyasiya etmək üçün xarici təsirlərdən tamamilə izolyasiya etdilər. Dünyanın ilk dövrlərindəki şimşək effektlərini isə elektrodla qarışıma elektrik verməklə həll etdilər. Bir həftəlik təcrübədən sonra canlıların hüceyrələrini formalaşdıran proteinlərin yaranmasında iştirak edən amino asidlərin yarandığını müşahidə ediblər. Bu təcrübə ilə bir hüceyrə yaranmadı. Təcrübənin məqsədi də bu deyildi. Nəzəriyyəyə görə bir hüceyrənin formalaşması üçün kimyəvi təkamülə gətirəcək milyon illər lazım idi. Ona görə əlbəttə  təcrübədən bu gözlənilmirdi. Amma canlılğın gərəyi olan amino asidlərin formalaşması belə elm dünyası üçün böyük bir kəşf idi. Bununla inorqanik maddələrdən orqanik maddələrin yaranması isbat olundu. Daha sonralar bu təcrübələr başqa alimlər tərəfindən də daha da inkişaf etdirilmiş formada aparıldı və daha yaxşı nəticələr əldə edildi. Əlbəttə Abiogenesis nəzəriyyəsi bu nəticələrə baxmayaraq hələ də isbat oluna bilməyib. Amma inkar da edilməyib. Bu nəticələr ümumi nəzəriyyəni isbat etmək üçün yetərli deyil və hələ bir çox sual öz cavabını gözləməkdədir. Elmin inkişafı ilə nəzəriyyəni inkişaf etdirmək və ya inkar etmək mümkün olacaq.

Həyata və canlılığa baxış

Əslinə baxsaq canlı və cansız kateqoriyasını biz insanlar ayırmışıq. Həyat nədir sualına cavab olaraq biz sinifləndirmə aparmışıq. Təbiətdə isə sadəcə elementlər var. İnsan da, torpaq da müəyyən kimyəvi elementlərdən təşkil olunub və təbiət üçün eynidir.

Dinlər və müxtəlif fəlsəfi axımlar daim həyatın başlanğıcına dair fikirlər irəli sürüb. Elmin vəzifəsi bu fikirləri doğrulamaq və ya yanlışlamaq deyil. Elm sadəcə ortaya çıxarır. Bəzən bu ortaya çıxarmalar hətta din və fəlsəfənin də işinə yarayır. Belə ki hər bir fəlsəfi axım elmin son nailiyyətlərinə görə yeni düzəlişlər edib daha geniş düşüncələr üçün üfüqlər açır. Müxtəlif din ardıcılları isə qədim dini mətnlərdən anladıqlarını yanlış şərh ediblərmi ona baxırlar. Əgər yanlış şərh ediblərsə və həmin mətnlərin elmin son nailiyyətlərinə görə yenidən şərh edilə bildiyini görə bilirlərsə, yenidən şərh edərək dini düşüncəni anlamaq üçün yeni bucaq açırlar.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023
Zamanı idarə etmək

Zamanı idarə etmək

Ocak 08, 2023

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Nisan 2026
P S Ç P C C P
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Abunə ol

Instagram Feed

×