21-ci əsrin imperiyası və qurucusu
- Eylül 16, 2021
- by
- Tural Qaraqaşlı
Məşhur bir fikrə görə 20-ci əsrin necəliyini 3 yəhudi müəyyən edib: 1) Karl Marks, 2) Albert Eynşteyn, 3) Ziqmund Freyd
20-ci əsrdə Karl Marksın ideologiyasına əsaslanan SSRİ və Çin dünyada ən böyük ərazini və ən böyük əhalini idarə etdi. Xüsusilə SSRİ dünyada supergüc adını alan bir imperiya oldu. Dünyaya böyük bir dəyər qatmadığına inanıram. Amma böyük bir güc olduğunu etiraf etmək lazımdır.
Sonda ən böyük təmsilçisi Amerika olan liberal kapitalist sistemə məğlub olsa da, 20-ci əsr boyunca söz sahibi oldu.
Albert Eynşteyn insanın varlığının asılı olduğu təbiət (kainat) qanunlarını öyrənən, bütün elmlərin kökü olan Fizika elmində böyük bir inqilab edərək, klassik fizikanı əvəzlədi. Ziqmund Freyd insanın daxilini öyrənən Psixologiya sahəsində dünyada yeni bir cığır açdı. 21-ci əsrin necəliyini müəyyən edən şəxsləri də 21-ci əsrin sonlarında müəyyənləşdirəcəyik.

Amma indidən birinin adını çəkmək olar. Bu da Facebook-un qurucusu Mark Zukerberqdir. Mark da bir yəhudidir. Onun qurduğu platformada 2,5 milyarddan çox insan qeydiyyatdan keçib. Bu hardasa dünya əhalisinin 30%-dən çoxudur. SSRİ və Çinin idarə etdiyi ərazilərdən daha geniş coğrafiyaya və daha çox əhaliyə xitab edir. Sosial şəbəkə anlayışının çatdığı ən yüksək zirvəyə gəlib çatıb. Müasir dövrün imperiyası da demək olar. Gələcəkdə daha yaxşıları da gələcək. Amma bu anlayışı həqiqi mənada ilk reallaşdıran Facebook oldu. Onun sayəsində dünya daha da balacalaşdı. Mənfi tərəfləri və bəzi sui istifadə halları bəzən olsa da, müxtəlif əqidədə və düşüncədə olan şəxslər bir yerdə toplaşdı. Hələ ki alternativi yoxdur. İnternet bir inqilab idisə, Facebook da bəlkə də internetdə bir inqilab oldu.






