Yenidən
- Aralık 30, 2021
- by
- Tural Qaraqaşlı
Yeni il qədim Romada əvvəlcə Martın birində qeyd olunurdu. Hətta indi də biz bunu ayların adlandırmasında görürük. Sentyabrdan başlayaraq aylar sıra sayına müvafiq adlandırılır. Latın dilindən Sentyabr – 7-ci ay, Oktyabr – 8-ci ay, Noyabr – 9-cu ay, Dekabr – 10-cu ay deməkdir. Halbuki indiki təqvimlə bu aylar həmin sırada deyil. Daha sonra Romada yeni il hələ Xristianlıqdan əvvəl artıq yanvarın birinə keçirildi. Bu tətbiq uzun müddət qalsa da sonralar yenidən müxtəlif xalqlar tərəfindən müxtəlif zamanlara keçirildi. 1582-ci ildə Papa xiii Qriqori hazırlatdırdığı Qriqori təqvimində Yeni ili yenidən yanvarın biri olaraq qeyd etdi. Bu təqvim bu gün dünya ölkələrinin əksəriyyəti tərəfindən istifadə edilir və çox dəqiq təqvimdir. Daha ətraflı Təqvimdə dəqiqlik adlı yazını da oxuya bilərsiniz. Bəzi ölkələr uzun müddət bu təqvimi qəbul etmədi, amma katoliklər sürətli şəkildə bu təqvimə keçdilər. Zamanla digər ölkələr də bu təqvimin üstünlüyünü görüb qəbul etdilər. Məsələn bir çox ölkələrdə hələ də yanvarın 13-nün köhnə yeni il adlanmasının səbəbi Yuli təqvimindən Qriqori təqviminə keçərkən baş verən sürüşmədir. Hətta Azərbaycanda da köhnə yeni il anlayışı hələ də qalmaqdadır. Adətən köhnə yeni ilə qədər yeni il əhval ruhiyyəsi davam edir. Yanvarın 13-də ikinci dəfə yeni il qeyd edənlər də var. Qısa olaraq desək, Dünyanın əksər xalqları hazırda yeni ili yanvarın birində qeyd edir. İstisna olaraq fərqli ay və günlərdə qeyd edənlər də var.
Yeni ilin öz qəhrəmanları var. Müxtəlif xalqlar bu qəhrəmanları fərqli cür adlandırır: Santa Klaus, Şaxta Baba, Ayaz Ata, Noel Baba və s. Əfsanəvi qəhrəman olan Şaxta Baba obrazının çıxdığı bölgənin Skandinaviya yarımadası, daha dəqiq desək Laplandiya bölgəsi olduğu qəbul edilir. Bunun kökü Skandinav mifologiyasında yer alan Tanrı Odin (Woden) obrazına çıxır. Tanrı Odin öz atı ilə birlikdə ova çıxanda uşaqlar onun atı üçün öz çəkmələrinin içinə saman və kök qoyurmuşlar. Odinin də uşaqların bu yaxşılığına qarşılıq onlara hədiyyə və şirniyyat gətirəcəyinə inanılırdı. Sonralar bu adət bütün Qərbi Avropaya, oradan da Amerikaya qədər yayılır. Sadəcə adət biraz dəyişərək uzunboğaz corablarla əvəz olunub. Onu da qeyd edək ki, Laplandiya bölgəsində tarixən Ural (fin-uqor) xalqlarından olan saamlar yaşayıb və ərazisi Finlandiya, İsveç, Norveç və Rusiyanın ərazilərinin bir qismini əhatə edir.
Şaxta Baba obrazının digər qaynağı Qədim Roma dönəmində Anadolu ərazisində yaşadığı ehtimal edilən xristian keşişi Müqəddəs Nikolay hesab olunur. Uşaqların himayəçisi hesab olunan bu keşişin adı Qərb dillərində Saint Nikolas kimi səslənir. Bu da Santa Klaus sözünün mənşəyini izah edir.
Orta Asiya türkləri Şaxta Babaya Ayaz Ata deyirlər. Əslində Ayaz Ata obrazı çox oxşasa da, Yeni il və ya Milad adlanan bayramın obrazı olmadığı deyilir. Bu əsasən Orta Asiya türklərinin Dekabrın 21-ində qeyd etdikləri Narduqan bayramının simvoludur. Bu bayramın tarixən olub-olmadığı barədə müzakirələr və fərqli fikirlər olsa da bu gün bəzi türk xalqları bu bayramı qeyd edir. Zamanla Yeni illə də eyniləşib. Dekabrın 22-sindən etibarən günlər uzanmağa, gecələr isə qısalmağa başlayır. Nardugan sözü də “Nar” – monqol dilindən tərcümədə “Günəş”, “Tugan” – türk sözü olub, elə “Doğan” deməkdir. Yəni Günəşin doğuşunu, daha doğrusu günün yenidən uzanmasını qeyd edən bir bayramdır. Əfsanədə Ayaz Atanın Ay işığından yarandığına inanılır. Göy üzü Ayın göründüyü qədər açıq olan zaman, çıxan quru soyuğa bütün türk xalqları ayaz deyir. Həmçinin Azərbaycanda da şaxta və ayaz sözlərinin ikisi də istifadə olunur. İkisi də yaxın mənalı sözlərdir. Maraqlıdır, hal hazırda bəzi qərb dillərində istifadə olunan və “buz” mənasını verən Ice (ays) sözü də ayaz sözü ilə həm məna, həm tələffüz baxımından oxşardır. Bu da ayaz sözünün Türk dillərindən Qərb dillərinə keçmə ehtimalını göstərir. Türk dilləri ilə müxtəlif dillərdə söz eyniliyinə dair başqa bir örnəkdən bəhs edən Törə və Tora yazısına da göz ata bilərsiniz.
Yeni ilə bəzən Milad bayramı deyilsə də əslində İsa peyğəmbərin doğum günü əksər xristianlar tərəfindən dekabrın 25-i və ya yanvarın 7-si qeyd olunur. Bu mənada müasir Yeni il adətləri tək bir qaynaqdan yox, bir çox xalqlardan və mədəniyyətlərdən təsirlənərək gəlib bu günə çıxmışdır.
Təqvim sistemimizə görə hər il 12 ay, 52 həftə və ya 365 (4 ildə bir 366) gündən ibarətdir. Hər ayın başlanğıcının bir mənası var. Hətta günlərin qruplaşdığı ən kiçik bölgü olan həftənin başlanğıcı da bir məna daşıyır. Həftənin 7 günü və mənası haqqında Həftənin günləri adlı yazıya nəzər sala bilərsiniz. Yeni il daha böyük başlanğıcdır. Təqvimlərin yaranma şəkli müxtəlif mədəniyyətlərin ehtiyacına görə formalaşıb. Bəzən hansısa tarixi hadisə, bəzən bir müqəddəs hadisə, bəzən təbiətdən alınan ilham, bəzən də sadə bir əfsanə və ya mifologiya təqvimlərin yaranmasında iştirak edir. Bəzən bunların hamısı birləşərək iştirak edir. Dünyada yaranmış bütün təqvimləri sadəcə bir amal birləşdirir. Bu qızıldan dəyərli zamanı idarə edə bilmək və ondan düzgün yararlanmaq amalıdır.
Müasir dövrdə bir çox əfsanələrin əhəmiyyəti çox qalmayıb. Sadəcə Yeni il təqvimin başlanğıcı olduğu üçün belə əhəmiyyətlidir. Biz onunla nə etdiyimizi ölçə bilirik. Zamanı hissələrə bölmək bizə bir fikir verir. İnsan beyni bu kateqoriyalaşdırma ilə qavrayıb nəticə əldə edir. Bunun üçün anlamları və bölgüləri yaradırıq. Yeni ilə qədər nə etdik deyə özümüzə hesabat verə bilirik və Yeni ildə nələr edəcəyik deyə bir plan qura bilirik. Əlbəttə özümüzü sırf bu planlamaya həsr etməmək şərti ilə etmək lazımdır. Mövzu ilə əlaqədar Böldüyümüz zaman başlıqlı yazıya baxa bilərsiniz.
Azərbaycanda Yeni ilə keçid olan Dekabrın 31-i həm də Dünya azərbaycanlılarının həmrəylik günüdür. Mübarək olsun! Bu tarixin yeni ildən əvvəlki günə düşməsi belə çox motivasiya vericidir və çox yerinə düşür. Sanki köhnə ilin hesabatını verməyi və Yeni ilə həmrəy olaraq güclü şəkildə daxil olmağı xatırladır.
2022-ci il də artıq yaxınlaşır. Hər il yeni bir dövrdür. Yeni iliniz mübarək!






