Qiyamət saatı – Son 100 saniyə
- Ocak 30, 2022
- by
- Tural Qaraqaşlı
Edam aləti kimi icad olunan giyotin hazırda mətbəə işində geniş istifadə olunur. İkinci dünya müharibəsində nasistlərin hazırladığı ballistik raketlərin üzərində bir az dəyişiklik edilərək sonradan Kosmosa göndərildi. İnternetin əcdadı sayılan Arpanet ilk olaraq hərbi məqsədlər üçün yaradılmışdı. Bu barədə İnternetin tarixi və gələcəyi adlı yazını oxuya bilərsiniz. İkinci dünya müharibəsi dövründə yaradılan atom silahlarının kökündəki texnologiya ilə bu gün böyük atom enerjisi əldə olunur. Qəribə bir şəkildə bəşəriyyət tarixində inkişaf əksərən müharibələr və rəqabət nəticəsində yaranıb. Bu misalları xeyli uzatmaq olar. Son çəkdiyim misal isə bir az fərqlidir.
1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombaları böyük bir şok yaratdı. Bunu ilk olaraq alimlər özləri anladılar. Artıq heç nə əvvəlki kimi olmayacaqdı. İnsanlıq özü-özünü məhv edəcək gücü əldə etmişdi. Yer üzündə insandan başqa heç bir canlı öz növü üçün təhlükə yaratmayıb. Yer üzündən yox olan canlı növləri belə ya digər növlərlə mübarizədə, ya insan fəaliyyəti nəticəsində, ya da təbiətə uyğunlaşa bilməyərək yox olublar.
İnsan isə bütün canlılar üzərində üstünlük qazandıqdan sonra, artıq paradoksal şəkildə özü üzərində də üstünlük qazanmış sayılır. Bu da təhlükəni özü ilə gətirir.
Birinci təhlükə
2-ci dünya müharibəsinin sonlarında istifadə olunan atom silahı bəşəriyyətin sonunu fikirləşdirən ilk siqnal idi. Bu hadisədən qısa müddət sonra, 1947-ci ildə Çikaqo Universitetinin alimləri “Bulletin of the Atomic Scientists” adlı jurnalda Qiyamət saatı deyə bir anlayış çıxardılar. Həmin vaxta qədər bu anlayış din əhlinin səsləndirdiyi bir fikir idisə, 1947-dən sonra bu anlayış bir az fərqli tərzdə olsa da, elm əhlinin də leksikonuna daxil oldu deyə bilərik.
“Qiyamət saatı” və ya “Doomsday saatı” 1947-ci ildə ilk buraxılışında saat 12-yə 7 dəqiqə qalmış olaraq quruldu. 12 son deməkdir. 12 ədədinin sirri adlı yazıya da nəzər sala bilərsiniz. Əslində bir son başqa bir başlanğıcdır. Bir günün sonu, yeni günün başlanğıcı, bir ilin sonu, digər ilin başlanğıcıdır. Amma burada Qiyamət saatı insanlığın sonu, insansız bir dövrün başlanğıcını simvolizə edir. Ona görə alimlər öz üslubları ilə dünya güclərini xəbərdar edərək, bu məsələyə diqqət çəkmək istəyirlər.
İkinci təhlükə
1947-ci ildən bu yana bu saat 16 dəfə irəli, 8 dəfə geri çəkilib. Əvvəllər sadəcə nüvə təhlükəsini əsas alan Qiyamət saatı artıq həm də iqlim təhlükəsini əsas alır. Artıq insan iqlimə də təsir edərək dünyanı yaşanmaz hala gətirə biləcək gücü əldə edib. Bu isə içində olduğun gəmini dəlmək kimidir. İnsanlıq daha çox güc əldə etdikcə bunu həm də sanki qeyri-ixtiyari olaraq öz əleyhinə də istifadə edir. Bütün çatışmazlığa baxmayaraq bəzən də insanlıq əldə etdiyi güclə yenidən öz səhvini düzəldə də bilir. Bu güc sanki dərdi də, dərmanı da gətirmək üçün vasitədir. Əsas olan gücü nəzarətdən çıxmağa qoymamaqdır.
Qiyamət saatının tarixdə ən çox geriyə çəkildiyi il 1991-ci il olmuşdur. Saatın 12-yə 17 dəqiqə qaldığı göstərilən bu tarix soyuq müharibənin bitdiyi tarix idi. Elə saatın fəaliyyətinə başladığı tarix də soyuq müharibənin başladığı tarix olan 1947-ci il idi. 1991-ci ildən sonra isə saatın əqrəbi 10 dəfə hərəkət etdirilib. Onlardan sadəcə birində saat cəmi 1 dəqiqə geri çəkilib. Digər doqquzunda daim irəli çəkilərək 12-yə yaxınlaşmışdır. Ən sonuncu dəfə 2020-ci ildə saatın əqrəbi hərəkət etdirilib. Artıq bu əqrəbin hələ ki son hərəkəti ilə bu saatda gecəyarısına cəmi 100 saniyə qalıb. Bu simvolik saat yaranandan bəri sona ən yaxın olduğu zamandır. 2021-də və 2022-də hələ ki bu göstəricilər dəyişməyib. Simvolik olan bu 100 saniyə bəlkə də artıq fikirləşmək üçün yox, hərəkətə keçmək üçün bir siqnaldır.






