Müharibələr
- Mart 09, 2022
- by
- Tural Qaraqaşlı
Tarixdə ən qısa müddətli müharibə Birləşmiş Krallıq və Zənzibar arasında baş verib. 27 avqust 1896-cı ildə başlayan bu müharibə 38 dəqiqə çəkib. Dünyanın ən uzun müharibəsinin əhvalatı isə daha qəribədir. Bu müharibədə də tərəflərdən biri ingilis kraliyyətçilərdir. Böyük Britaniyada gedən vətəndaş müharibəsi kraliyyətçilər və parlamentarlar arasında anlaşmazlıqdan yaranmışdı. Kraliyyətçilərin əlində zamanla sadəcə balaca Silli adaları qaldı. Hollandların parlamentarları tanıması ingilis kraliyyətçiləri qəzəbləndirdi. Onlar bunu xəyanət hesab edib, hollandların ticarət gəmilərinə basqın həyata keçirdilər. Bunun qarşılığında Hollandiya dövləti komandan Trompun başçılığı ilə bir ordu göndərir və əgər kraliyyətçilər təzminat ödəməyi qəbul etməsə, müharibə elan etməyi tapşırır. 1651-ci ildə Tromp müharibə elan etsə də, zəifləmiş kraliyyətçilərdən alacağı qənimətlərin heç sərf etməyəcəyini və lazımsız enerji itkisi olduğunu düşünərək, döyüşmədən geri qayıdır. Zamanla hollandlar kraliyyətçilərə müharibə elan etdiyini unudur. 300 ildən çox bir müddət sonra tarixçi Roy Dunkan bu müharibə barədə sənəd tapır və Hollandiyanın İngiltərədəki səfirini Silli adalarına çağırır. Bununla da 1987-ci il Sülh müqaviləsi imzalanaraq unudulan müharibə bitirilir. Bu müharibə tarixə 335 il müharibəsi olaraq yazılır.
Müharibə tarixi
İnsanlıq tarixində ilk müharibənin nə vaxt olduğu barədə dəqiq informasiya yoxdur. Yazılı tarixə düşmüş ilk müharibənin bizim eradan əvvəl 2700-cü illərdə Qədim şumerlər və elamlar arasında olduğu güman edilir. Bundan başqa sənədli tarixə düşərək, təfərrüatı ilə qeyd olunan ilk müharibə isə Megiddo döyüşüdür. Bu döyüş bu günki İsrail ərazisində Qədim Misir və Kadeş arasında b.e.ə 1479-cu ildə baş vermişdi. Maraqlıdır, səmavi dinlərdən olan Xristianlıqda bu bölgə yunan dilinə görə Armageddon adlanır və Xristianlığa görə Qiyamət savaşı və ya son müharibə də burada baş verəcək.
Tarixdə ilk sülh müqaviləsinin də nə vaxt olduğu dəqiq bilinməsə də bu günə çatan ilk sülh müqaviləsi b.e.ə 1280-ci ildə Misir və Hitit imperiyaları arasında imzalanıb.
Müharibələrin nəticəsinin sülh müqaviləsi ilə bitməsi ənənəsinin yaranması ilə birlikdə qaliblər öz qalibiyyətini təsdiqləyərək inkişaf üçün sabitlik əldə edir, məğlublar isə sadəcə sabitlik əldə edərək özünü xilas zəif halda olsa da xilas edir. Sanki qalib daha çox qazanır, məğlub isə daha çox itirməkdən xilas olur. Müharibələrin dağıdıcı nəticələrinin bununla tənzimlənməyə başlanması da müharibələr tarixində bir inqilab sayıla bilər.
Müharibənin əks qütbləri
Bəşəriyyət tarixinin müharibələrsiz keçən dövr demək olar olmayıb. Bu müharibələr özü ilə fəlakət də gətirsə, qəribə şəkildə eyni zamanda inkişafa da gətirib çıxarıb. Məsələn Soyuq Müharibə dövründə, hərbi məqsədlər üçün yaradılan ARPANET İnternetin əcdadı sayılır. Əlavə olaraq İnternetin tarixi və gələcəyi adlı yazını oxuya bilərsiniz.
Qədim dövrlərdə müharibələr imperiyaların ortaya çıxmasına səbəb verirdi. Qədim Roma imperiyası, Hun imperiyası, Monqol imperiyası və s. müharibələrlə genişlənib və bu geniş coğrafiyaları əhatə edən imperiyalar insanların geniş əməkdaşlığı üçün şərait yaradırdı. Tarixçi alim Harari insanlığın bu günki halına çatmasında 3 amili xüsusi vurğulayıb: 1) İmperiyalar, 2) Ticarət, 3) Din
İmperiyaların əhatə etdiyi ərazidə geniş insan gücü birlikdə iş görərək böyük mədəniyyətlər qururdu. İnsanlar tək-tək və ya kiçik qruplarla çox bir şey bilmirlər. Amma bildiklərini bir yerə toplayıb, bir məqsəd uğrunda birləşdirdikdə böyük bir bilgi bazası yaranır.
Ticarət də həmçinin insanlar arasında ən önəmli əməkdaşlıq sahəsi hesab edilir. Ticarət sayəsində böyük insan kütlələri bir-birini tanıyırlar. Əslində qədimdə tacirləri həm də mədəniyyət elçiləri saymaq olardı. Ən əsası ticarətlə edilən mübadilə nəticəsində çox geniş perspektivlər ortaya çıxır və bəşəriyyətin inkişafı üçün böyük təkan olur. İmperiyalar qədimdə həmçinin ticarəti də inkişaf etdirirdi. Çingiz Xan haqqında bir filmdə, Çingiz Xan obrazının sonda dedikləri tam olaraq ticarət və imperiya əlaqəsini izah edir. Bu haqda məlumat almaq üçün Çingiz Xanın doğruları yazısını oxuya bilərsiniz.
Dinlər də həmçinin insanlar arasında əməkdaşlıq yaradaraq geniş imkanlar ortaya qoyur. İnsanların bir məqsəd üçün bir araya gəlməkdə ortaq inanc da önəmli rol oynayıb.
Müasir dövrdə imperiyalar erası bitib. İmperiyalardan fərqli olaraq Ticarətin isə əhəmiyyəti daha da artıb. Ticarət elə bir hal alıb ki, dünyanı əhatə edən internet kimi iç-içə keçərək çoxşaxəli bir şəbəkə formalaşdırıb. İndi milli dövlətlər erasında qlobal ticarət daha asandır. İmperiya quruluşu isə indiki şəraitdə buna daha çox əngəl təşkil edir. Qədim dövrdə kiçik dövlətlər çox inkişaf edə bilmirdi, indi isə inkişaf etmiş kiçik dövlətlər çoxdur. İmperiya dedikdə köhnə tipli imperiyaları nəzərdə tuturam. Yeni dövr imperiyaları ticarəti daha yaxşı bacarır. Bu barədə Köhnə və yeni imperiyalar yazısına baxa bilərsiniz.
Müharibələrin təsnifatı
Müharibələr əsasən 3 növ olur. 1) İki tərəf arasında, 2) Vətəndaş müharibəsi (Daxili müharibə), 3) Dünya müharibəsi.
Bir ölkə üçün ola biləcək ən təhlükəli müharibə bəlkə də vətəndaş müharibəsi sayıla bilər.
Dünya müharibələri isə bütün insanlıq üçün risk daşıyır. Əgər bir dünya müharibəsi bitirsə, yeni bir dövr də başlayır. Kimə aid olduğu bəlli olmayan məşhur bir ifadə var: “Üçüncü dünya müharibəsinin hansı silahlarla olacağını bilmirəm amma, dördüncü dünya müharibəsi daş və silahlarla olacaq”.
Bu ifadəni şərh etməli olsaq, Dünya müharibələrinin təhlükəli tərəfi geri dönüşü olmayacaq yola girilə bilmə ehtimalının olmasıdır. Buna əlavə olaraq qeyd edə bilərik ki, digər tərəfdən əgər insanlığın şansı gətirib, yox olma təhlükəsinə girmədən müharibə bitirsə, dünya müharibələrindən sonra yeni bir dövr də yaranmış olur. Məsələn ikinci dünya müharibəsindən sonra beynəlxalq hüququn dəyəri daha da artdı və BMT yarandı. Bununla yeni dövr başlamış oldu. 
Qlobal dünyanın təsirləri
Maraqlıdır, tarixdə baş vermiş hər iki dünya müharibəsi keçən əsr ərzində baş vermişdir. Bunun səbəbi nə ola bilərdi? Çox güman buna səbəb dünyanın qloballaşmasıdır. Dünya o qədər iç-içə keçib ki, artıq məşhur kəpənək effekti misalı çox tez hiss olunur. Qloballaşma çox həssas bir tarazlıq gətirib. Haradasa kiçik bir tərpənmə bütün dünyada tarazlığı pozur. Atılan tək bir güllə bəzən bütün dünyanı müharibəyə itəliyəcək dərəcədə təsir oyandıra bilir.
Dünyada ən təhlükəli müharibələr nüvə müharibəsi ehtimalıdır. Belə bir ehtimal bəşəriyyətə heç düşünmək üçün belə imkan verməyə bilər. Bu barədə Qiyamət saatı – Son 100 saniyə yazısına nəzər sala bilərsiniz.
Dünya tarixi çox müharibələr görüb və bu müharibələr təkamül keçirərək bu günə qədər gəlib. Müasir dövrdə müharibələr azalıb. Tam effektiv olmasa da, buna səbəb bir az da beynəlxalq hüquq anlayışıdır. Çox təəssüf müharibələrin qarşısını almaq tam olaraq mümkün deyil. Çünki, bir tərəf müharibə edib, işğal edəndə, qarşı tərəfin də özünü işğaldan qorumaq tam haqqıdır. Bəzən əldə başqa variant da olmur. Buna görə də Beynəlxalq hüquq da bunu nəzərə alaraq müharibəyə bəzi şərtlər daxilində icazə verir. Məsələn ərazi bütövlüyü pozulan bir ölkə işğalçıya qarşı müharibə etməyə haqq qazanır.
İkinci dünya müharibəsi özündən sonra beynəlxalq hüquq anlayışına zəmin hazırladı və yeni bir dövr başladı. Bu anlayış da çox həssas tənzimlənib. Ona görə bu həssas tarazlıq bir dəfə pozulanda, çox fərqli təsirlər yaratdığı üçün onun işləkliyi də sorğulanır. Hətta bəzən yeni işlək hüquq anlayışı istəyi ortaya çıxır. Məsələn, Türkiyə prezidenti Ərdoğanın səsləndirdiyi “Dünya 5-dən böyükdür” misalı beynəlxalq hüququn işləkliyi mövzusunda bir etiraz kimi qəbul edilə bilər. İkinci dünya müharibəsindən sonra güclənən bu anlayış indiki dövrdə nə qədər effektiv də olsa bəzən artıq köhnəldiyi və yeni şəraitə uyğun yenilənməsinin vacib olduğu da deyilir. Ümumiyyətlə isə işləklik bir tərəfə, beynəlxalq hüququn yetərincə haqq və ədaləti əks etdirib, etdirə bilməmək mövzusunda da bəzən şübhələr yaranır. Bəzən hər bir situasiya yetərincə dəyərləndirilə bilməsə də, beynəlxalq hüquq anlayışı müasir insan sivilizasiyasının önəmli nailiyyətlərindəndir.






