Recent Posts


Makao


Musiqisi olan ədəd


Stay Connected

Mühəndis Yazar
Milli soyad sonluqlarımız

Milli soyad sonluqlarımız

Facebook-da, Şedevr qrupunda “Hansı soyad sonluğunu bəyənirsiniz?” adlı sorğu keçirmişdim. Nümunə kimi şərti bir soyadı seçdim. Sorğunun nəticələrini qeyd edərək və səs verilən hər bir soyad sonluğunu ayrı-ayrılıqda təhlil edərək bu yazını yazmışdım (bəzi hissələrini redaktə etdim). Yazını oxuduqdan sonra müəyyən ümumi bir fikir formalaşacağına inanıram.

1) Sultan – 156 səs
2) Sultansoy – 117 səs
3) Sultanzadə – 100 səs
4) Sultanlı – 56 səs
5) Sultanoğlu – 29 səs
6) Sultanov – 17 səs
7) Sultangil – 5 səs
Sorğuda ən çox bəyənilən formalar ‘sonluqsuz’ və ‘soy’ oldu.
Bu sorğudakı 7 sonluq formasından 5-i öz dilimizdən gələn formalardır. 2-si (ov, zadə) xarici dillərdən gəlmə sonluqlardır. Ümumilikdə öz dilimizdən gələn sonluqların toplamı 75%-dən çox, xarici soyad sonluqlarının toplamı isə 25%-ə yaxın səs topladı. Xüsusi ayırsaq,  xarici sonluqlardan biri olan ‘ov, yev’ cəmi 3% civarında səs topladı. Xarici soyadlardan ‘zadə’ sonluğu isə daha yaxşı nəticə göstərdi. Ümumilikdə Xalqımızda milli soyadlara meylin güclü olması yaxşı əlamətdir. Amma reallıqda bugün Azərbaycanda əksər insanlarımız hələ də ‘ov, yev’ soyad sonluqlarını daşıyır. İndi isə səs verdiyiniz hər bir soyadı ayrıca təhlil edək.

1) Sonluqsuz forma (Sultan)

Milli formadır. Ən çox səs bu versiyaya gəlib. Amma milli forma olsa da bir zəif cəhəti var. Dünyada bir çox ölkədə də belə sonluqsuz forma var. Məsələn ‘Mahmud Abbasov’ adlı şəxsin sonluqsuz formaya keçdiyini düşünək. Onda ‘Mahmud Abbas’ şəklində bir ad və soyad olacaq. Mahmud Abbas adlı dünyada məşhur bir adam Fələstin lideridir. Gördüyünüz kimi bu şəxsin ərəb yoxsa, azərbaycanlı olduğu qeyri müəyyən olacaq. Amma fərz edək ‘Mahmud Qaraxanov’ adlı şəxs var. Sözün kökü ‘Qaraxan’ öz sözümüzdür. Onun soyadını sonluqsuz edək. Bu halda ‘Mahmud Qaraxan’ olur. ‘Qaraxan’ öz sözümüz olduğu üçün sonluqsuz olsa belə bizə aid olduğu tam bilinir. Belə hallarda sonluqsuz forma işlədilməsi aydınlığı pozmur. Amma hər halda istər soyadın kökü ərəb mənşəli olsun, istər türk mənşəli hər halda milli soyad forması kimi qəbul edilir. Bu forma xoşunuza gəlirsə, milli forma kimi seçə bilərsiniz.

2) Soy (Sultansoy) 

Milli formadır. ‘Soy’ sonluğu tam milli formadır, sadəcə biraz yeni formadır. Tarixdə daha az istifadə olunub. Amma xalq arasında ‘soy’ kəlməsi ‘əsil-nəcabət’ qavramını izah etmək üçün geniş istifadə olunub. Elə dilimizdə ‘familiya’ kəlməsinin qarşılığı da ‘soy’ kəlməsinə əsasən ‘soyad’ şəklindədir. Bu göstəricilər onu mükəmməl milli soyad sonluğu halına gətirir.

3) Zadə (Sultanzadə) 

Bu sonluq fars mənşəlidir. Tərcümədə ‘oğlu’ deməkdir. Bizdə də ‘oğlu’ sonluqlu soyad sonluğu var. Doğrudur keçmişdə bizdə ‘zadə’ sonluğu da geniş istifadə olunub. Sırf keçmişdə istifadəsinə görə həmin sonluğu ‘ov’, ‘yev’ dən fərqli olaraq saxladılar. Amma bu onun fars mənşəli olması gerçəyini dəyişdirmir. Keçmişdə şairlərimiz də farsca yazıb. Amma farsca bizim dilimiz deyil. Necə ki ov, yev soyad sonluqları da rus milli sonluqlarıdır. Amma istifadə edirik. Bu bizim olduğu anlamına gəlmir.

4) lı, li, lu, lü (Sultanlı) 

Milli formadır. Həm millidir, həm də Azərbaycan xalqının tarixində geniş istifadə olunub. Baharlı, Şamlı, Qaramanlı və s. Ona görə ən çox tövsiyyə olunan milli forma budur.

5) oğlu (Sultanoğlu) 

Milli formadır. Bu forma həm də tariximizdə də geniş istifadə olunub. Bir çox insan bu soyadı xanımlarda ‘qızı’ şəkilçisini artıraraq istifadə edir. Amma bu doğru deyil. Tarixdə yalnız ‘oğlu’ forması olub. Məsələn filankəs Səfəroğlulardandır deyəndə bütün nəsil anlaşılır. Burda təxmini Səfər övladları kimi mənası var. Dünyada da belə praktika var. Məsələn ingilis dilli xalqlarda ‘Jackson’ soyadı həm kişilərdə, həm qadınlarda istifadə olunur. ‘Son’ kəlməsi ‘Oğlu’ deməkdir. Xanımlarda bu soyad ‘Jackdaughter’ (Cek qızı) şəklində deyil. Eləcə də farslarda da ‘zadə’ şəkilçisi ‘oğlu’ mənasını verir. Həm kişilərdə, həm qadınlarda istifadə olunur.
Oğlu şəkilçisinin digər xüsusiyyəti soy kişidən hesablandığına görə, belə götürülür. Məsələn keçmişdə Səfər adlı bir kişi olub. Onun həm oğulları, həm də qızları var. Amma bu kişinin adı soyad kimi onun oğullarının övladlarına veriləcək. Qızlarının övladları onun soyadını götürməyəcək. Onun adı oğullarının soyundan gələnlərə verildiyi üçün bütün nəsil ‘oğlu’ sonluğu ilə adlanır. Yəni Səfəroğlu soyadını daşıyan adam Səfər kişinin oğlunun soyundandır, Səfər kişinin qızının övladlarından deyil.
Başqa bir nüans bəzi vətəndaşlar düşünür ki, oğlu soyadını götürdünsə, sənin övladların da mütləq gərək sənin adını götürsün. Belə də soyad daim dəyişəcək. Bu doğru deyil. Keçmişdə soyundan gəldiyin ulu babanın da adını götürüb oğlu şəkilçisi ilə istifadə etmək olar və heç dəyişmədən. Məsələn Əhməd və Ayşə adlı bacı və qardaşın atası Kazımdır, ulu babalarının adı isə Hüseyndir. Bu bacı qardaş ulu babalarının adına ‘oğlu’ sonluğunu artıraraq istifadə edə bilər. Nümunə kimi:
Hüseynoğlu Əhməd Kazım oğlu
Hüseynoğlu Ayşə Kazım qızı

6) ov, yev (Sultanov) 

Rus milli soyad sonluğudur. Amma kök etibarı ilə tatar mənşəlidir. Ruslar bu sonluğu tatarlardan götürüblər. Mənası ‘oba’, ‘ev’ deməkdir. Bu yönüylə türk mənşəlidir. Sadəcə zamanla rus slavyan kimliyinin parçasına çevrilib. Ona görə milli hesab oluna bilməz. Artıq ‘ov’, ‘yev’ bir türk sonluğu yox, rus milli soyad sonluğu kimi özünü təsdiq edib.

7) gil (Sultangil)

Milli formadır. Tariximizdə az istifadə olunsa da, kimlik bildirən və toplayıcı şəkildir. Məsələn dostumgilə getdik deyəndə, biz anlayırıq ki, dostumuzun ailəsinə ziyarət etmişik. Yəni bu sonluq ailə, nəsil və ya hər hansı bir qrupa aidiyyət bildirdiyi üçün soyad sonluğuna tam uyğundur.
Sonda belə bir qeyd edim. Soyadlar milli kimliyə uyğunlaşdırılsa doğrudur. Soyadlar bir xalq üçün əlifba seçimi qədər önəmli sayılmalıdır. Əlifba ilə bağlı Hərf inqilabı və ortaq türk əlifbası adlı yazını oxuya bilərsiniz. Bəlkə bir çox məsələdə milli olmayan sözlərdən istifadə etmək olar. Amma soyadlarda ancaq milli sözlər və milli sonluqlar olsa yaxşıdır. Azərbaycanda soyadların bir çoxu ərəb mənşəli adların sonuna “ov”, “yev” artırılmaqla düzəlib. Ən azından soyadın kökünü dəyişmək çətindirsə də sonluğu dəyişdirmək lazımdır.
Digər bir nüans Azərbaycanda eyni köklü soyadlar da çoxdur. Bu qarışıqlıq yaradır. Məsələn eyni nəsildən olmayan amma soyadları eyni olan insanlar həddindən çoxdur. Təbii ki, hər bir nəsil üçün yenidən tamam ayrı soyadlar fikirləşmək gecdir və çətindir. Amma bu təkrarlamaları mümkün qədər azaltmaq olar. Soyad mümkün qədər unikal olmalıdır ki, seçilsin. İstəsəniz soyadınızı kökündən dəyişmək üçün sizin nəsli ifadə edən ayırdedici bir ad fikirləşib bütövlükdə də dəyişə bilərsiniz.

You may also Like

İsti və soyuq arasında

İsti və soyuq arasında

Nisan 06, 2025
Makao

Makao

Mayıs 01, 2023
Musiqisi olan ədəd

Musiqisi olan ədəd

Şubat 28, 2023

1 Comment

    Sənan Əliyev

    24th Oca 2023 - 5:49 AM

    Belə lazımi məlumatlara görə sizə çox minnətdaram. Millət adına dəyərli iş görmüsünüz. Bilin ki, qədrini bilən əlbəttə ki var.
    Övladımız dünyaya gələcək yaxın vaxtda, soyadını “Əliyev” saxlamaq istəmirəm. Çünki rus mənşəli sonluqdur, milli deyil. Sizin yazınız qərarımı dəqiqləşdirməkdə kömək olacaq mənə. Minnətdaram!

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Haqqımda

Mən Tural Qaraqaşlı bütün yazdıqlarımı və bəlkə gələcəkdə yazacaqlarımı da bir arada toplamaq üçün bu blog saytı yaratdım.

Sosial media hesablarım

Recent Posts


Makao


Musiqisi olan ədəd


Categories

Yazı təqvimi

Mart 2026
P S Ç P C C P
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Abunə ol

Instagram Feed

×