Çox az şey bilirik
- Nisan 25, 2022
- by
- Tural Qaraqaşlı
Bir qrup insan arasında təcrübə aparılıb. Onlardan sadəcə bəsit bir sual soruşublar: “Fermuarın necə işlədiyindən nə dərəcədə məlumatınız var?”
İnsanların əksəriyyəti əminliklə bu barədə çox yaxşı bildiklərini deyiblər. Həmin vaxt onlardan fermuarın işləyişini izah etmək istənilib. Alınan cavablar nəticəsində öyrənilib ki, həmin insanların çoxu bu barədə heç nə bilmirlər. Onlar sadəcə bildiklərinə dair beyinlərində illüziya qurublar və buna inanıblar. Bu misalı Harari 21-ci əsr üçün 21 dərs kitabında çəkmişdi. İnsanlar çox zaman başqa zehinlərin məhsulunun öz zehinlərinin məhsulu olduğu yanılğısına sahib olur.
Qədim və müasir insan
Əgər diqqətli şəkildə müşahidə etsək, müasir insanlar qədim insanlardan daha çox şey bilmir. Müasir insan smartfon istifadə edir deyə, qədim insandan daha çox şey bilmir. Qədim insan hər hansı bir yolla müasir dövrə gələ bilsəydi, smartfonu istifadə etməyi öyrənmək onun çox vaxtını almazdı. Müasir insan isə qədimə getsə, qədim insanın yaşadığı mühitdə həyatda qalmaq üçün bəzi məsələləri öyrənmək onun daha çox vaxtını alardı. Artıq müasir insanın hər sahədə əlindən tutan texnologiyanın varlığı onu bəlkə də qədim insandan daha az bacarıqlara sahib olmasını təmin edib. Məsələn qədim insanlar təbiəti çox gözəl müşahidə edə bilirdilər. Bu müşahidələrinə əsasən doğru qərarlar verirdilər. Müasir insan təbiətdən qopub. Artıq hər şeyi öz sahəsi üzrə ixtisaslaşmış insanlardan texnoloji vasitələrlə öyrənir. Ona görə müasir insan hər hansı təbii şəraitdə əlində heç bir texnoloji vasitə olmadan qədim insanla müqayisədə qərar verməsi çox çətin olardı.
– Bəs insan müəyyən bacarıqlarını itirdiyi halda necə inkişaf edir?
– Təbii ki, başqalarına güvənərək. Bu cavab əslində yuxarıda var idi. İnsanın başqa zehinlərin məhsulunu öz zehninin məhsulu kimi mənimsəməsi başqalarına güvənməkdir.
Qədim dövrdə böyük alimlər, filosoflar sadəcə bir sahə üzrə ixtisaslaşmırdı. Məsələn İbn Sina həm həkim, həm filosof idi və bir çox sahədə geniş biliklərə malik idi. Müasir dövrdə isə hətta bir dənə geniş həkim başlığı altında peşə yoxdur. Hansı sahə həkimliyi deyə sual verəcəyik. Təkcə tibb sahəsində onlarla müxtəlif həkim peşəsi saymaq olar. İnsanlar sadəcə bir sahədə ixtisaslaşıb, digər sahələrdə başqalarına güvənməklə geniş əməkdaşlıq etmək xüsusiyyətinə sahibdir. Digər canlılarda bu xüsusiyyət çox inkişaf etməyib.
Yazının rolu
Bundan başqa yazının kəşf olunması da insanlıq tarixində bir inqilabdır. Əvvəllər insanlar sadəcə öz beynindəkilərin bir qismini digər insana ötürmək şansı var idi. Onun da fasiləsiz gerçəkləşmək şansı yox idi. Bir neçə nəsil ərzində bilgi itə də bilərdi. Yazı kəşf olunduqdan sonra, artıq həmin bilgilər bir yerə yazılaraq gələcək nəsillərə qismən yox tam şəkildə çatdırılırdı. Bir insan ömrünün təcrübəsi sadəcə bir kitab oxumaqla əldə edilirdi. Artıq gələcək nəsillər sıfırdan nəsə öyrənmirdi. Hazır bilgiləri əldə edib sadəcə onun üstünə nəsə qoymaqla bilgini təkmilləşdirirdi. Beləcə keçmiş bilgilər toplanaraq gələcəyin bazasını yaradırdı. Bilgilər zamanla o qədər artdı ki, artıq milyonlarla kitabı öyrənmək mümkün olmadı. Bu günün ən böyük bilgi deposu internetdir. Bu barədə İnternetin tarixi və gələcəyi adlı yazıya nəzər sala bilərsiniz.
Beləliklə insanlar müəyyən bir kiçik sahəni öyrənərək digər sahələri başqalarının ixtiyarına buraxdı. Sanki böyük bir zavodda hər işçinin digər sahələrdən xəbəri olmadan biri qəbul, biri yığım, biri paketləmə, biri yükləmə, biri satış və s. kimi işlərə baxmasına bənzəyir. Ayrı-ayrılıqda heç biri təkbaşına bir məhsulun yaradılma və satışı mərhələlərini bilmir və ya idarə edə bilməz amma birlikdə çox böyük iş ortaya çıxır.
Ortaq mif
İnsanların bir başqa bacarığı birlikdə hərəkət edə bilmək qabiliyyətidir. Afrikadakı bir insan Avropadakı başqa bir insanla bir-birini tanımadan eyni bir məqsəd üçün əməkdaşlıq edə bilər. Məsələn İqlim dəyişikliyi ilə bağlı hansısa quruma üzv ola bilərlər. Onlar doğru olduqlarına inandıqları bir dəyər ətrafında birləşiblər. Beləliklə bu geniş əməkdaşlıq onların bilgilərini birləşdirməklə daha böyük potensial yaradır. Həmçinin hansısa qlobal bir şirkətin dünyanın dörd bir tərəfində olan minlərlə işçisi bir-birini tanımasalar belə eyni məqsəd üçün işləyir.
Harari insanları bir arada tutmaqla bu günə gətirib çıxaran 3 anlayışın olduğunu deyir: 1) İmperiyalar, 2) Din, 3) Ticarət
Harari həm də bunlara ortaq mif deyirdi. İnsanlar pulun varlığını eyni anda qəbul etməsəydilər, pulun heç bir dəyəri olmazdı və milyonlarla insanın bir-birini tanımadan əməkdaşlıq etməsi mümkünsüz olardı.
Qədim dövrdə Roma imperiyasının fərqli bölgələrində bir-birini tanımayan insanları birləşdirən və əməkdaşlıq etməsinə səbəb olan inanc Roma imperiyasının varlığına inanmaları idi. Avropanın bir ucundakı adam da digər ucundakı adam da Roma imperiyasını tanıyıb, varlığını qəbul edirdi. Onların ikisi də buna inanmasa idilər Roma üçün çalışmazdılar.
Milyonlarla insan eyni dini inancı paylaşmasa idi, həmin din üçün birlikdə çalışmaz nəticədə ortaya böyük işlər ortaya çıxmazdı.
Məsələn Çingiz Xan yuxarıda sadalanan bu 3 anlayışdan ikisini birləşdirib dünya tarixində dönüş yaradacaq prosesləri tətikləmişdi. Bu gün mexanizm dəyişib. Artıq imperiyalar dövrü deyil amma başqa ortaq hərəkət quruluşları yaranaraq boşluq doldurulub. Məsələn qlobal ticarətin önəmi artıb. Ətraflı Köhnə və yeni imperiyalar yazısından məlumat ala bilərsiniz.
Nəzarətdə olmayan inkişaf
Beləliklə sonda bu nəticəyə gələ bilərik. Biz insanlar yazını kəşf etməsəydik, keçmiş bilgiləri toplamaq üçün vasitəmiz olmazdı. Bilgilər toplanmasaydı, sıfırdan hər şeyi öyrənib nəsə qurmaq üçün zərrə qədər vaxtımız olmazdı. Nəticədə min illər əvvəl necə idiksə, bu gün də elə olardıq. İndiyə kimi dünyada bəlkə də yüz milyonlarla kitab yazılıb. Bu kitabların sadəcə çox kiçik bir hissəsini oxumaq şansımız var. Digərlərini başqalarının oxuyub öyrənməsinə güvənəcəyik. Bəlkə bu oxuduğumuz kiçik hissəyə əlavələrimiz də olacaq. Gələcək nəsillərin nümayəndələri isə yenə hər biri müəyyən bir sahədə artıq nəticə əldə edilmiş bilgiləri incələyəcəklər. Onlar da bəlkə əlavələr edərək daha sonrakı nəsillərə ötürəcəklər.
Biz insanlar ayrı-ayrılıqda çox az şey bilirik, amma bir-birimizə güvənərək birlikdə öz boyumuzu aşan işlər görürük. Elm və texnologiyanın bu günki inkişafı tam olaraq müasir insanın əldə etdiyi nəticə deyil. Əslində keçmişdən bugünə qazanılan bilgilərin, eləcə də müxtəlif insan qruplarının birlikdə sinxron hərəkətlərinin nəticəsidir. Hərə divara bir kərpic qoyaraq, kiçik toxunuşlarla, bir insanın min ömür də yaşasa təkbaşına edə bilməyəcəyi bir nəticə ortaya çıxarır. Elm və texnologiyanın inkişafı sanki artıq insan nəzarətindən çıxaraq müstəqil şəkildə inkişaf edir. Hazır bilgilərə milyonların eyni zamanda bir-birindən xəbərsiz şəkildə əlavələri ilə elm inkişaf edir və insan burada kəşf edəndən çox toplayıcı rolunu oynayır.






