1 aprel
- Nisan 03, 2022
- by
- Tural Qaraqaşlı
Tarixdə qısa bir müddət (1309-1378) katolik dünyasının mərkəzi Romadan Fransanın Avinyon şəhərinə köçüb. Bu müddət ərzində Fransa katolik dünyasının rəhbəri statusuna yüksəlib. 11-ci Qriqori dönəmində Papalıq yenidən Romaya qayıdıb. Bu qərardan narazı qalan Fransa, Romadakı papalığı tanımayaraq, Avinyonda Papalığı davam etdirib. Avropanın digər böyük ölkələri, həmçinin İngiltərə və İngiltərəyə yaxın ölkələr Fransadakı Papanı tanımayaraq, Romadakı Papanı tanıdılar. Bu dövr iki papalıq dönəmi adlanır. Xristian tarixində 1054-cü ildə katolik provaslav ayrılmasından sonra, bu dəfə Katolik dünyasında bölünmə gündəmdə idi. 1409-cu ildə Pisada toplanan bir katolik şurası bu bölünməni dayandıra bilmək üçün müzakirə apardılar. Nəhayət hər iki papanı tanımayaraq, yeni papa seçdilər. Bununla katolik dünyanın bölünməsini dayandıracağını düşünsələr də, həm Avinyondakı, həm Romadakı papa yeni seçilən papanı tanımadı və vəziyyət daha da qəlizləşdi. Ortada artıq 3 papa var idi. Bölünməni dayandırmaq üçün yığılan şura bölünməni daha da sürətləndirdi.
1417-ci ildə isə nəhayət Romadakı Papalıq bütün katolik dünya tərəfindən tanındı. Katolik dünyasında parçalanma isə Protestantlıq və Anqlikan kilsələrinin ortaya çıxması ilə sonralar baş verəcəkdi.
Dünyada katolikliyi yayan ən çox ispanlar və portuqallar olduğu halda Fransa daha sonralar da Katolik dünyanın rəhbəri statusunu uzun müddət qorudu.
Fransa Katolik dünyasında başqa yeniliklərlə də yadda qalıb. Uzun müddət yeni il bir çox böyük ölkə tərəfindən 1 aprel tarixində qeyd edilib. Bunun əsas səbəbini din hesab etmək olar. Katoliklər İsa Məsihin doğum gününü 25 dekabrda qeyd edir. 25 martda isə İsa Məsihin müjdələndiyi gün sayılır və Müjdə bayramı olaraq qeyd edilir. Bəzi ölkələrdə böyük ehtimalla Hz. Məryəmə ithafən həmin gün Qadınlar günü və Analar günü kimi də qeyd olunub.
Fransada əvvəllər 25 martdan 1 aprelə qədər yeni il həftəsi qeyd olunurdu. Lakin yeni il tarixini sonradan 1 yanvar olaraq dəyişdirən ilk ölkələrdən biri də Fransa idi. 1564-cü ildə Fransada yeni il 1 yanvara təyin olundu. Lakin qərardan xəbərsiz və ya qərara etiraz edən fransızların bir qismi yeni ili 1 apreldə qeyd etməyə davam etdi. Buna görə həmin insanlarla zarafatlaşmağa başlanıldı. 1 aprel zarafat gününün indiyə olan ən əsas hekayəsi bu hadisə qəbul edilir. 
1582-ci ildə Papa 13-cü Qriqori də həmçinin dünyanın ən dəqiq təqvimlərindən biri hesab olunan Qriqori təqvimini hazırladıqdan sonra Yeni il tarixi kimi 1 yanvarı qəbul etdi. Əlavə olaraq Təqvimdə dəqiqlik yazısını oxuya bilərsiniz. Katolik dünya bu təqvimi ilk qəbul edənlərdən oldu. 4 oktyabrda qəbul edilən təqvim Yuli təqvimində sürüşmə səbəbi ilə birbaşa 15 oktyabr tarixinə keçdi. Protestantlar qəribə şəkildə həyatlarından 10 gün itirməyi qəbul etmədiklərini deyərək bu təqvimi uzun müddət qəbul etmədi. Həm də Katolik dünyasının təsirinə düşməkdən çəkinirdilər. Sonralar onlar da bu təqvimə keçdi. İngiltərə isə 1752-ci ilə qədər yeni ili 1 yanvar olaraq qəbul etmədi. 1752-ci ildə Qriqori təqvimini qəbul edərək həm də 1 yanvarı yeni il kimi qəbul etdi. Qriqori təqvimini xristian dünyasında ən gec qəbul edənlərsə, provaslavlar oldu. Provaslavlar 1 yanvarı yeni il kimi qəbul edirdilər. Lakin Qriqori təqvimi çox gec qəbul olundu. Məsələn Rusiya 1917, Yunanıstan 1923-də Qriqori təqvimini qəbul etdi. Hələ də provaslavlar Yuli təqvimi ilə 25 dekabr, Qriqori təqvimi ilə 7 yanvara sürüşən tarixi İsa Məsihin doğum günü kimi qeyd edirlər. Hətta daha doğrusu 2010-cu ildən bu tarix daha da sürüşərək 8 yanvara çatıb. Yuli təqviminin bu qeyri dəqiqliyi Qriqori təqvimi ilə ölçüləndə çox dəqiq bilinir.
Tarixdə bir çox hadisələr bir-biri ilə bağlantılıdır. Bəzən bu bağlantılar itərək əfsanələr yaranır, bəzən də fərqli bağlantılar qurulur. 1 aprel də bu tipli tarixlərdəndir.






