Bir çox özəlliklərinə görə tarixin bilinən ən qədim ensiklopediyası Urra Hubullu adlanan əsər qəbul edilir. Bu ensiklopediyanın yaşının 4 min ildən çox olduğu düşünülür və 24 lövhədən ibarətdir. Əslində daha çox lüğətə bənzəsə də, eksiklopedik özəllikləri də var. Üstəlik lüğətlər özləri də ensiklopediya ilə bənzər xüsusiyyətə malikdir. Urra Hubullu içərisində mövzulara görə şumercə və akkadca sözlərin siyahıları var. Qədim babillilərin lüğəti olduğu düşünülür. Məsələn bu lüğətdə 4 və 5-ci lövhələrdə dəniz və quru ilə əlaqəli vasitələrin siyahısı var. 13-dən 15-ci lövhəyə qədər heyvan adlarının sistematik siyahısı, 16-cıda daşların, 17-də bitkilərin, 22-cidə ulduz adlarının siyahısı mövcuddur. İlk lövhədə yazılan Urra və Hubullu sözlərinin mənası “faiz gətirən borc” mənasını verir. Elə bu ilk başdakı sözlər də lüğətə ad olaraq seçilib.
Mesopotamiya və Qədim Misir ilə əlaqəli araşdırmalar ilk lüğətlərin tək dilli olmalı olduğunu göstərir. Çünki yazılı tarixə malik böyük mədəniyyətlər qonşu mədəniyyətlərə deyil, özlərinə fokuslanmışdı. Bu səbəbdən tək dilli lüğətlərin iki dilli olanlardan daha öncə hazırlandığı təsdiqlənərsə, Urra Hubullu ilk lügət olma özəlliyini itirə bilər.
Bundan başqa Erya adlanan ilk çincə lüğət də bəzən ensiklopediya adlanır. Lüğətin eramızdan əvvəl 3-cü əsrə aid olduğu güman edilir. İsveçli dilçi alim Bernhad Karlgen bu əsərin sadəcə mücərrəd bir lüğət olmadığını, qədim mətnlərdəki konkret keçidlərə birbaşa açıqlamaların kolleksiyası olduğunu qeyd edir.
Ensiklopediya anlayışının konkret çərçivəsi müzakirəyə açıq olduğundan ilk ensiklopediya ilə bağlı fikir birliyi yoxdur deyə bilərik. Qəbul olunmuş çərçivələrin əksərinə uyğun gələn ensiklopediyalar isə ən az 2000 ildir ki, mövcuddurlar.
İlk ensiklopediya olmağa iddialı əsərlər
Homoia əsəri sistematik şəkildə tərtib edilmiş ilk ensiklopediya kimi qəbul edilir. Eramızdan əvvəl 370-ci ildə yazılan, heyvanat və bitki aləmi ilə əlaqəli bu əsər qədim yunan filosofu Platonun qardaşı oğlu Speusippusa aiddir. Homoia əsəri Aristotel tərəfindən tənqid edilmişdir.
Yunan yanaşması danışılan sözü qeyd etmək idi. Romalılar isə mövcud biliyi oxunaqlı formada təcəssüm etdirməyi hədəflədilər. Onların ilk məlum səyləri Roma konsulu Markus Porcius Katonun oğluna yazdığı məktublar silsiləsi (indi itirilmiş) Praecepta ad filium idi. Əsər təxminən eramızdan əvvəl 183-cü ildə yazılmışdır.
Romada Ensiklopediyanın inkişafında alim və yazar Markus Terentius Varro (b.e.ə 116 – b.e.ə 27) ciddi rol oynadı. Onun Disciplinarum libri IX əsəri daha sonrakı ensiklopediyaçılar, xüsusilə Qoca Plinius üçün bir model oldu. Tərcümədə “Doqquz nizam (fənn) kitabı” deyə adlanan bu əsərin ən əhəmiyyətli hissəsi liberal sənətləri nizamlayıcı prinsiplər olaraq istifadə etməsidir. Varro bu sənətlərdən doqquzunu qeyd etdi: qrammatika, ritorika, məntiq, hesab, həndəsə, astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlıq. Sonrakı yazarlar Varronun siyahısına əsasən 7 klassik liberal sənət müəyyənləşdirdilər.
İlk tam ensiklopediya
Müasir dövrümüzə qədər gəlib çatmış ən qədim ensiklopedik əsər eramızın I əsrində yaşamış Roma dövlət xadimi Qoca Pliniusun Naturalis Historia əsəridir. O, təbiət tarixi, memarlıq, tibb, coğrafiya, geologiya və ətrafındakı dünyanın bütün sahələrini əhatə edən 37 fəsildən ibarət bir əsər tərtib etmişdir. Bu əsər əksəriyyətin qəbul etdiyi kriteriyalarla tam ensiklopediya kimi qəbul edilir. Qoca Plinius ön sözdə 200-dən çox müəllifin 2000 əsərindən 20.000 fakt topladığını və öz təcrübəsindən bir çox başqa faktlar əlavə etdiyini bildirirdi. Əsər 77-79-cu illərdə yazıldı. 79-cu ildə, Vezuvi püskürməsi zamanı, ölümü səbəbi ilə əsərin yoxlanışını bitirə bilməmişdi. O, belə bir əsər yazmağın çətinliklərini də açıqlayırdı: “Köhnəyə yenilik, yeniyə səlahiyyət, adi yerə parlaqlıq, qaranlığa işıq, köhnəlməyə cazibə, şübhəlilərə etibar, hər şeyə və onun bütün xüsusiyyətlərinə təbiət vermək çətin bir işdir.”
Bu əsər Antik dövrdə çox populyarlaşdı və bir çox nüsxələri hazırlanaraq qərb dünyasında yayılaraq bu günə qədər gəlib çıxa bildi. Çap texnologiyasından sonra, 1470-ci ildə çap edilən ilk klassik əlyazmalardan biri idi. O vaxtdan bəri Roma dünyası, xüsusən də Roma incəsənəti, Roma texnologiyası və Roma mühəndisliyi haqqında məlumat mənbəyi kimi məşhur olaraq qalır. O, həmçinin tibb, incəsənət, mineralogiya, zoologiya, botanika, geologiya və digər klassik müəlliflər tərəfindən müzakirə olunmayan bir çox digər mövzular üçün tanınmış mənbədir.
Qərbdə Orta əsrlər dövrü ensiklopediyaları
Martianus Kapellanın (4-5-ci əsrlər) yazdığı De nuptiis Mercurii et Pholologiae (Merkuri və Filologiyanın evliliyi haqqında) adındakı əsər Qədim dövrün son anlarında yazılsa da, ard-arda gələn Orta əsrlər ensiklopediyalarının üzərində çox təsiri olmuşdur.
İlk xristian ensiklopediya Kassiodorusun iki bölümə ayrılmış olan İnstitutiones divinarum et saecularium lieterum (543-560-cı illər) idi. İlk bölüm xristian müqəddəsliyi ilə, ikinci bölüm isə yeddi liberal sənətlə bağlı idi.
Erkən orta əsrlərin ən böyük elm adamlarından biri olan Sevilyalı Müqəddəs İsidor Orta əsrlərin bilinən ilk ensiklopediyası olan Etymologiae və ya Origines (təxminən 630-cu il) adlanan əsərin yazarı olaraq qəbul edilir. Əsər 20 cilddən və 448 bölümdən ibarət idi. Bu əsərdə Müqəddəs İsidor digər yazarların əsərlərindən də alıntılar etmişdi. Onun dövrünə qədərki müəyyən əsərlər haqqında da məlumat verdiyindən çox dəyərlidir. Bu sayədə həmin əsərləri də tanımış oluruq.
Orta əsrlərin heç bir ensiklopediyasında Ensiklopediya adı yox idi və onlar tez-tez təbiət haqqında (De natura, De naturis rerum), Güzgü (Speculum maius, Speculum universale), Xəzinə (Trésor) adlanırdı. Müxtəlif mövzular üzrə girişlər üçün vahid əlifba sırasını qəbul edən ilk ensiklopedik əsər Ceyms le Palmer tərəfindən on dördüncü əsrdə tərtib edilmiş Omne Bonum idi.
Şərqdə Orta əsrlər dövrü ensiklopediyaları
Bizans ensiklopediyası
İlk Bizans ensiklopediyası Patriarx Photiusun (9-cu əsr) yazdığı Bibliotheca-dır.
İslam ensiklopediyası
İlk ensiklopedik islami əsər İxvani Safa (Xalis qardaşlar) Bəsrədə 10-cu əsrdə ortaya çıxan bir fəlsəfə cığırının tərəfdarlarına verilən bir addır. Fəlsəfə ensiklopediyası mahiyyətində əsərdir.
Əlavə olaraq bir çox müsəlman elm xadimlərinin də diqətə layiq əsərləri olmuşdur. İbn Sinanın tibb ensiklopediyası əsrlərlə istinad olunan əsərlərdən olmuşdur. Müsəlman elm adamları qaynaqları kontrol etmə, şübhəçi və sorğulamağı vurğulayan islami isnad tətbiqi ilə araşdırma və nizamlama üsulları əlavə etdilər.
Hindistan ensiklopediyası
Hindistan qədim dövr ensiklopediyalarına misal kimi iki əsəri xüsusi qeyd etmək olar. Siribhoovalaya – 9 və 15-ci əsrlər arasında yazılan bir əsərdir. Kannada rəqəmləri istifadə olunduğu üçün bənzərsizdir. Əsər ayrıca riyaziyyat, kimya, fizika, astrolonomiya, tibb, tarix, kosmosa səyahət mövzusunda dəyərli məlumatı əhatə edir. Varāhamihira (MS 505-587) digər qədim hind ensiklopediyası mahiyyətində əsərdir.
Çin ensiklopediyası
11-ci əsrdə Sonq xanədanlığının erkən dönəmində (960-1279) hazırlanan Çindəki “Dörd böyük mahnı kitabı” böyük eksiklopedik əsərdir.
Çində ensiklopediyaçıların dönəmi 10-cu əsrdən 17-ci əsrə qədər uzanır. Ən böyük ensiklopediya Yonqle ensiklopediyası sayılır. 1408-ci ildə tamamlanmışdı. 2007-ci ildə Wikipedia tərəfindən keçilənə qədər tarixin ən böyük ensiklopediyası idi.
İntibah dövrü
İntibah dövründə çapın yaradılması ensiklopediyaların daha geniş yayılmasına imkan verdi.
1493-cü ildə yüzlərlə illüstrasiyadan, tarixi şəxsiyyətlərdən, hadisələrdən və coğrafi yerlərdən ibarət Nürnberq xronikası hazırlanmışdır. Ensiklopedik salnamə kimi yazılmış, ən yaxşı sənədləşdirilmiş erkən çap olunmuş kitablardan biri idi. İllüstrasiyalar və mətnləri uğurla birləşdirən ilk kitablardan biri olaraq qalır. İllüstrasiyalar Avropa və Yaxın Şərqin əvvəllər heç vaxt təsvir edilməmiş bir çox böyük şəhərlərini təsvir edirdi.
Ensiklopediya anlayışı
Göründüyü kimi ensiklopediyalar tarixi öz təbiəti səbəbi ilə çox qədimdir. Belə ki, tarixboyu bəşəriyyətin kəşf etmək və anlamaq üçün verdiyi ən təməl sual “bu nədir?” sualıdır. Bu suala cavab verməyə çalışan və mümkün qədər çox anlayışı ayırd edib, açıqlayan əsərlər ensiklopediyalardır. Ensiklopediyalar eyni zamanda anlayışları kateqoriyalara ayırmaqla insanın cavab tapmasını və əlaqələndirmə edə bilməsini təmin edir. Onun insan zehninə etdiyi bələdçilik nəticəsində uzun yollar qısalır. İnsanın öz bilgi tutumundan daha çox məlumatı idarə etməsi ilə bağlı
Çox az şey bilirik yazısını da oxuya bilərsiniz.
Ensiklopediyalar tarixin əvvəlində əl yazısı olaraq, orta əsrlər və müəyyən qədər də müasir dövrdə çap olunmuş şəkildə olmuşdur. Son dövrlərdə isə kompüter şəbəkələri ilə yayılaraq daha da inkişaf etmişdir.
Ensiklopediya termini Plinius və Quintilian mətnlərinin surətlərini yanlış oxuyan və iki yunanca sözü “enkyklios paedia” nı tək bir söz kimi birləşdirən 16-cı əsr humanistləri tərəfindən icad edildi. Beləliklə latın dilinə bu şəkildə daxil olan ensiklopediya sözünün mənası “dairəvi təhsil” deməkdir. Ensiklopediya sözünün adlandırmada ilk istifadə olunduğu əsər isə Yohannes Aventinus tərəfindən 1517-ci ildə yazılan “Encyclopedia orbisque doctrinarum, hoc est omnium artium, scientiarum, ipsius philosophiae index ac divisio”-dur.
Robert Kollison, Yoahim Sterk van Rinqelberqin 1541-ci ildə bir işlərində istifadə etdikləri “Cyclopaedia” və Paul Skalicin 1559-cu ildə Bazeldə çap olunmuş “Encyclopediae seu orbis disciplinarum tam sacrarum quam profanarum epistemon” əsərində ensiklopediya sözünün istifadəsi də ilklərdən sayılır.
İngilis həkimi və filosofu ser Tomas Braun 1646-cı ildə oxucuya yazdığı ön sözdə 17-ci əsr elmi inqilabının əsas əsəri olan Pseudodoxia Epidemica-nı təyin etmək üçün “ensiklopediya” sözündən istifadə etdi. Braun ensiklopediyasını mineral, bitki, heyvan, insan, planetar və kosmoloji aləmlərdə yüksələn “yaradılış miqyası” adlanan İntibah dövrünün köhnə sxemi əsasında tərtib etmişdir. Pseudodoxia Epidemica Avropanın ən çox satılan kitabı idi, fransız, holland və alman dillərinə, eləcə də Latın dillərinə tərcümə edilmiş, hər biri yenidən işlənmiş və genişləndirilmiş ən azı beş nəşrdən keçdi, sonuncu nəşr 1672-ci ildə çıxdı.
Müasir ensiklopediyalar

Müasir, ümumi məqsədli və geniş yayılan çap olunmuş ensiklopediya fikrinin başlanğıcı 18-ci əsr ensiklopediyaçılarından öncədir. Lakin fikir 18-ci əsrdə gerçəkləşə bildi. Çembersin “Cyclopædia”-sı (1728), Encyclopédie of Diderot ve D’Alembert (1751), Encyclopædia Britannica və Conversations-Lexikon ilk belə əsərlər oldu.
1704-cü ildə riyaziyyatçı Con Harris Lexicon technicum adlı əsərini çap etdirir. Daha sonra nəşr edilən Efraim Çembersin Cyclopædia-sı isə geniş mövzuları, əlifba sırası və bir çox fərqli qatqısı ilə müasir ensiklopediyaların atası olaraq qəbul edilir.
Diderot və d’Alembert tərəfindən hazırlanan məşhur Encyclopédie-nin ilham qaynağı da Çembersin əsəri olmuşdur. Bundan başqa Diderot öz ensiklopediyasında Frensiz Beykona da istinad etmişdir. Bu mənada Frensiz Beykonun Preparative toward a Natural and Experimental History kitabı da müasir ensiklopediyaların formalaşmasına öz qatqısını vermişdi.
Encyclopédie əsəri də öz növbəsində 1768-ci ildə Şotlandiyada əsası qoyulan Encyclopædia Britannica-ya ilham qaynağı oldu.
Alman dilində olan Conversations-Lexikon, 1796-1808-ci illərdə Leypsiqdə 6 cilddə nəşr edilmişdir. 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərindəki nüfuzlu ensiklopediyalardan olan Conversations-Lexikon, bəlkə də, formaca indiki ensiklopediyalara ən çox bənzəyənidir.
İlk türk ensiklopediyası 1870-ci ildə Əli Suvai tərəfindən yazılmış Kamus-ül-Ulûm ve’l-Maarif olmuşdur. Əhməd Rıfat Əfəndinin 1881-ci ildə İstanbulda nəşr olunan 7 cildlik Lûgaat-i Tarihiye ve Coğrafiye (Tarix və Coğrafiya lüğəti) əsəri digər türk ensiklopediya örnəyi idi.
Rəqəmsal ensiklopediyalar
20-ci əsrin sonlarında fərdi kompüterlərdə istifadə üçün ensiklopediyalar CD-ROM-larda çıxarılırdı. 1993-cü ildə buraxılan Microsoft-un Encarta-sı çap olunmuş ekvivalenti olmadığı üçün əlamətdar bir nümunə idi. Məqalələr video və audio faylları, eləcə də çoxsaylı yüksək keyfiyyətli şəkillərlə tamamlanmışdı. On altı ildən sonra 2009-cu ildə Microsoft-un Encarta-sının istehsalı dayandırıldı.
Onlayn ensiklopediyalar

Yeni azad ensiklopediya konsepsiyası 1993-cü ildə Interpedia təklifi ilə başladı və bu təklif Usenet-də hər kəsin məzmun yerləşdirə biləcəyi və ona pulsuz daxil ola biləcəyi İnternet əsaslı onlayn ensiklopediyanı təsvir etdi. Bu istiqamətdə ilkin layihələrə
Everything2 və
Open Site daxildir. 1999-cu ildə Riçard Stallman onlayn ensiklopediya olan GNUPedia-nı təklif etdi. Konsepsiya Interpedia-ya çox bənzəyirdi, lakin Stallmanın GNU fəlsəfəsinə daha çox uyğun gəlirdi.
Nupedia (2000) və daha sonra
Wikipedia-ya (2001) qədər internetdə davamlı azad ensiklopediya artıq qurula bilmişdi. İnternetin insan həyatındakı rolu ilə bağlı
İnternetin tarixi və gələcəyi adlı yazıya da baxa bilərsiniz.
Wikipedia ensiklopediyalar tarixində xüsusi inqilab idi. Nupedia könüllü akademiklər tərəfindən nəzarət edilirdi və bu səbəbdən maddələrin təsdiqlənməsi ləng gedirdi və ya təsdiqlənmirdi. Wikipedia sözündəki “wiki” sözü isə Havai dilində sürətli demək idi. İlk ilində artıq 18000 maddə göndərilmişdi.
Rəqəmsal ensiklopediyaları güncəlləmək daha asan idi və əlavə cildlərə ehtiyac yox idi. Həm də rəqəmsal ensiklopediyalar daha çox axtarış imkanı təqdim edə bilir.
Azərbaycan Milli Ensiklopediyası
İlk Azərbaycan ensiklopediyası 1976–87 illərdə nəşri başa çatdırılan Azərbaycan Sovet ensiklopediyası 10 cilddən ibarət idi. Müstəqillikdən sonra ilk dəfə 2007-ci ildə Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan adlı xüsusi cildi nəşr olundu. Xüsusi cilddən sonra Azərbaycan Milli Ensiklopediyasının ilk cildi 2009-cu ildə nəşr olundu və o vaxtdan bu yana 9 cildi çap olunub. Yeni cildlər isə planlanmaqdır.
Mənbələr
5) Ensiklopediya – https://az.wikipedia.org/wiki/Ensiklopediya
9) Paul Skalich – https://en.wikipedia.org/wiki/Paul_Skalich
10) Nupedia – https://tr.wikipedia.org/wiki/Nupedia
11) Azərbaycan Milli Ensiklopediyası – https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Milli_Ensiklopediyas%C4%B1