Müdrikliyin şifrəsi – Sokratik metod
- Şubat 14, 2022
- by
- Tural Qaraqaşlı
Fəlsəfə ondan əvvəl və ondan sonra olmaqla ikiyə bölünür. Onun həyatı da, fəlsəfəsi kimi insanlıq tarixinin yaddaşına həkk olunub. Əlbəttə bu filosof Sokrat idi. Onun bu qədər əhəmiyyətli olmasının bir çox səbəbi var. Sokrat fəlsəfə tarixində bir çox ilkləri reallaşdırmış şəxs idi. Müasir dünyanın çox böyük dahi filosofları belə ondan böyük heyranlıqla bəhs ediblər. İmmanuel Kant onun barəsində “Ağlın idealı” ifadəsini işlətmişdir. Kant fəlsəfəsindən qısa hissəni Doğru və yanlışın tərifi adlı yazıdan oxuya bilərsiniz.
Sokrat özündən əvvəlki filosoflardan fərqli olaraq ilk dəfə insan və cəmiyyəti fəlsəfənin mərkəzinə gətirdi. Məhz bundan sonra fəlsəfə daha da populyarlaşdı və geniş müzakirələri də özü ilə bərabər gətirdi. Sokrata görə insan özünü tanımadan ruh sağlığı tam yerində ola bilməz və bilgi insanı fəzilətli həyat sürməyə istiqamətləndirir. Sokrat Qərbdə etik fəlsəfənin də qurucusu sayılır.
Sokratın müdafiəsi
Fəlsəfə tarixində özündən yazılı bir əsər qalmayan filosof olmasına baxmayaraq onun şöhrətinin bu qədər çox olmasına bir digər səbəb də tələbələrinin onun adını və fəlsəfəsini yaşatması olmuşdur. Bu barədə xüsusilə Platonu qeyd etməliyik. Sokratın həyatı və fəlsəfəsi barədə ən böyük mənbə Platonun əsərləridir. Onun “Sokratın apologiyası” əsəri xüsusi qeyd edilməlidir. Bu əsərdə Sokratı edama aparan Afinadakı məhkəmə prosesi əks olunur. “Apologiya” sözü müxtəlif qərb dillərində bir az məna dəyişikliyinə uğrayıb, “Üzr” mənasında işlənir. Əslində isə əsərdə Sokratın heç bir üzründən söhbət getmir. Qədim yunan dilində apologiya sözü daha çox “müdafiə” mənasındadır. Sokrat gəncliyin beynini zəhərləməkdə ittiham olunurdu. O isə məhkəmədə özünü müdafiə edərək, sadəcə əsassız yerə mühakimə olunduğunu bildirən açıqlamalar verir. Yəni, əksinə öz mövqeyindən geriyə addım atmır. Hətta məhkəmənin əvvəlində onun edamı belə müzakirə mövzusu deyildi. Sokratdan sadəcə üzr və ya susmaq gözlənilirdi. Bununla da o bağışlanacaqdı. Sokrat isə buna getmək fikrində deyildi. Məhkəmənin sonunda çox az səs fərqi ilə Sokratın edamına qərar verildi. O bu qərarı soyuqqanlılıqla qarşıladı. Edamına qədər bir aya yaxın gözləməli oldu. Bu müddət ərzində dostu onu qaçırtmağa nə qədər cəhd etsə də Sokrat bunu qəbul etmədi.
Dialektik metod
Sokratın fəlsəfədə önəmli addımlarından biri də tapdığı dialektik metod idi. Bu metoda bəzən Sokratik metod da deyirlər. Əsas özəlliyi sorğulamaq yolu ilə həqiqəti tapmaq idi. Metodun 3 pilləsi var: ironiya, maevtika və induksiya.
İroniya pilləsində insan özünün cəhalətini etiraf etməli və özünə istehza ilə yaxınlaşa bilməlidir. Maevtika pilləsində insan dolayı suallarla həqiqətə çatmağı hədəfləməlidir. Sokrat öz tərəf müqabilinə belə suallar verərək həqiqəti özünün tapmasını istəyirdi. Sokrat deyirdi: “Mən kimsəyə nəsə öyrədə bilmərəm. Sadəcə onları düşündürə bilərəm”. Sonuncu induksiya pilləsində isə tapılan cavaba sistemləşdirici bir tərif verilməlidir. Əgər şübhə yenə davam edərsə, bu proses təkrarlanmalı yekun nəticəyə gələnədək davam etməlidir. Tarixdə sanki bu metoddan ilhamlanaraq yaranan quruluşlar da olmuşdur. Bu barədə Şeytanın vəkili yazısına nəzər sala bilərsiniz.
Sokrat qurduğu bu üsulla öz arqumentini belə yanlışlaya bilmişdi. Belə ki, Delfidə bir kahin Sokratın ən müdrik şəxs olduğunu bəyan etməsindən sonra Sokrat özü buna böyük şübhə ilə yanaşmışdır. Bunun üçün dövrün digər öndə gələn insanları ilə mübahisə və müzakirələrə girərək özünün ən müdrik şəxs olmadığını isbatlamaq istəmişdir. Bu müzakirələrdə isə Sokrat onların hamısının qüsurlu fikirləri olduğunu isbatlayıb, bundan sonra özünün dövrün ən müdrik insanı olduğu qənaətinə gəlmişdir. Bununla belə bu inanma təkəbbürdən yox, sadəcə gerçəyin etirafı olmuşdur. Məsələn bir yüksək vəzifəli şəxslə söhbətində Sokrat həmin şəxsin müdrik olmadığını isbatlamışdır. Bu isbatın kökündə yatan səbəbi Sokrat təxminən belə izah edirdi: “Mən bilirəm ki, heç nə bilmirəm. Bu səbəbdən özümdən razı deyiləm. O isə bunu bilmir, ancaq özü ilə öyünür”.
Sokrat müdrikliyin kökündə cəhaləti etiraf etməyi görürdü. Onun bu metodundakı sorğulama və cəhaləti etiraf etmə müasir elmi metodlara yaxındır. Əgər bir insan hər şeyi bildiyini iddia edərsə, öyrənməyə də lüzum görməz və həmişə cahil qalar. Bilmədiyini bildirən insan isə, cəhalətini etiraf etməklə öyrənməli olduğunu anlayır.






